21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Kurikulum: məktəbdaxili qiymətləndirməni necə aparmalı

Azərbaycan təhsil sisteminə Kurikulum-yeni bir pedaqoji terminalogiya kimi 90-cı illərdən başlayaraq daxil olmuşdur. Kurikulum latın sözü olub, lüğəti mənası "kurs", "elm", "yol", "proqram" kimi izah olunur. Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə şərait yaradan konseptual sənəddir. Ümumi təhsil məktəbləri üçün fizika fənninin kurikulumu fizika təliminin əsas məqsəd və vəzifələrini müəyyənləşdirir, ümumi təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirir, hər bir şagirdin imkan və maraqlarına yönəlmişdir. Nəticəyönümlü kurikulumların tətbiqinə başlandığı ilk günlərdən bizi narahat edən problemlərdən biri də yeni qiymətləndirmə sisteminin necə həyata keçiriləcəyidir. Bu suala cavab tapmaq üçün ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 13 yanvar 2009-cu ildə  təsdiq olunmuş "Azərbaycan Respublikasının Ümumi Təhsil Sistemində Qiymətləndirmə Konsepsiyası"na müraciət edəcəyik.  Konsepsiya yeni qiymətləndirmə sisteminin normativ hüquqi bazasının yaradılmasını təmin edir, qaydalar və əsasnamələr formasında əlavə sənədlərin hazırlanması üçün zəmin yaradır. Konsepsiyada qeyd olunur ki, ölkəmizdə fizika fənninin tədrisi prosesində məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur. 1.İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bölmə və ya fəsillərin əvvəlində, şagird başqa təhsil müəssisəsindən gəldikdə və digər zəruri hallarda şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jurnallarında  qeyd olunur, müəllimin qeyd dəftərində öz əksini tapır. Diaqnostik qiymətləndirmədə VI sinifdə aşağıdakı üsul və vasitələrdən istifadə edirəm: Üsullar: Tapşırıqvermə, müsahibə (şifahi yoxlama), valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq, söhbət və müşahidə. Vasitələr: Çalışmalar, sadə keyfiyyət xarakterli məsələlər, müəllimin qeydiyyat vərəqi, söhbət və müəllimin sorğu vərəqi, şifahi söhbət, gündəlik müşahidə. 2.Formativ qiymətləndirmə.Bu qiymətləndirmənin nəticələri formativ jurnalda və şagirdin məktəbli kitabçasında (meyarlara uyğun) öz əksini tapır. Formativ qiymətləndirmə vasitəsilə müəllim tədris prosesini tənzimləyir, şagirdlərin ehtiyaclarını öyrənir və onlara lazımi köməklik göstərir.  Formativ qiymətləndirmədə müəllim tərəfindən məzmun standartlarından irəli gələn təlim məqsədləri əsasında hazırlanmış meyarlar üzrə dərs ili ərzində müntəzəm olaraq aparılır. Formativ qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək olar: Üsullar: Müşahidə, şifahi sual-cavab, tapşırıqvermə, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq, oxu, yazı, layihə, şifahi və yazılı təqdimat, test, özünüqiymətləndirmə. Vasitələr: Müşahidə vərəqləri, şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi, çalışmalar, söhbət, sorğu vərəqi, şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli, test tapşırıqları, özünüqiymətləndirmə vərəqləri. Metodik vəsaitlərdə hər bir mövzunun sonunda qiymətləndirmə meyarları müəyyən olunmuşdur. Bu meyarlar kurikulum sənədinin tərkib hissəsi olan qiymətləndirmə standartlarına əsasən hazırlanmışdır. VI sinifdə fizikadan şagirdlərin formativ qiymətləndirmə vəsaitləri kifayət qədərdir. Məsələn, fiziki kəmiyyətlər, onların vahidləri, ölçülməsi, ölçü cihazları, dərsə aid təcrübənin qoyulması, təcrübənin nəticəsinin izah olunması, labarotoriya işlərinin aparılması, təbiətdə baş verən fiziki hadisələrin izahı və s. Formativ qiymətləndirmədə biliyi qiymətləndirmək üçün dərəcələrdən istifadə olunur. Dərəcələr dedikdə şagirdlərin fəaliyyətini yüksək, orta və zəif balla qiymətləndirməyə imkan verən dəqiq ifadə olunmuş qaydalar nəzərdə tutulur. 3.Summativ (yekun) qiymətləndirmə. Bu qiymətləndirmənin kiçik summativ, böyük summativ və yekun summativ növləri vardır. Kiçik summativ qiymətləndirmə (K.S.Q) bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə (B.S.Q) isə yarımilliyin sonunda məktəb rəhbərliyinin nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Summativ qiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Kiçik summativ qiymətləndirmə vasitələri (test, tapşırıq, yazı işləri və s.) fənni tədris edən müəllim tərəfindən hazırlanır. Summativ qiymətləndirmə üsul və vasitələri: Üsullar: Layihə, şifahi sorğu, test, tapşırıqvermə, yaradıcılıq və əl işləri. Vasitələr: Təqdimat, sual-cavab, test tapşırıqları, çalışma və laboratoriya işləri, fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan məlumatlar və digər əl işləri. Böyük summativ qiymətləndirmə vasitələri (test və tapşırıqlar) məktəb rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır. Tapşırıqların ümumi sayının 20%-ə qədər düz cavab verən "2", 20% daxil olmaqla 60%-ə qədər düz cavab verən "3", 60% daxil olmaqla 80%-ə qədər düz cavab verən "4", 80% daxil olmaqla 100%-ə qədər düz cavab verən şagird "5" qiymətləndirilir. Summativ qiymətləndirmənin nəticələri beş ballıq qiymət şkalası üzrə (2, 3, 4, 5) rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır. Yekun qiymətləndirmə şagirdin yarımillik qiyməti kiçik summativ (yarımillik ərzində keçirilən) qiymətləndirmənin nəticələri 40%, böyük summativ (yarımilliyin sonunda keçirilən) qiymətləndirmənin nəticələri 60% hesab olunmaqla məlum düstur əsasında çıxarılır.                      

Əlvan MUSTAFAYEV, Balaqusar kənd orta məktəbinin  fizika müəllimi