22 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Yeni dövrün çağırışı: təhsildə keyfiyyət!

Təhsil işçilərinin ənənəvi sentyabr konfransında

Sentyabrın 7-də təhsil işçilərinin ənənəvi payız konfransı keçirilmişdir.

Konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin onun adını daşıyan mərkəzdə ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.

Daha sonra şəhər 6 saylı tam orta məktəbinin akt zalında konfrans öz işinə başlamışdır.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev 2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr mövzusunda hesabat məruzəsi ilə çıxış etmişdir.

2016-2017-ci dərs ilinin əsas təhsil göstəriciləri haqqında məlumat verən natiq qeyd etmişdir ki, rayonunda 86 ümumtəhsil məktəbinin, o cümlədən 48 tam orta, 20 ümumi orta, 18 ibtidai məktəbin I-XI siniflərində 13.046 nəfər şagird, 104 məktəbəhazırlıq qrupunda isə 1582 uşaq olmaqla rayon üzrə cəmi 14.628 nəfər şagird təhsilə cəlb edilmiş, onların təlim-tərbiyəsi ilə 1600 müəllim məşğul olmuşdur.

Qusar Rayon Təhsil Şöbəsində icbari təhsilin yerinə yetirilməsi “Təhsil haqqında” Qanuna və mövcud təlimatlara uyğun həyata   keçirilmiş, dərs ili ərzində şagird kontingentinin sabit saxlanılması nəzarətə götürülmüş, şagird hərəkətinin mövcud qaydalara uyğun   aparılmasına ciddi riayət edilmişdir.

Rayon üzrə buraxılış imtahanlarında Sudur, Yuxarı Kalunxür, Qənərçay, şəhər 5 saylı, Kuzun, Mucuq, Kuzunqışlaq, Xürel, Əcəxür, Suvacal kənd tam orta, Üzdənoba, Cağar, Çubuqlu, Uqur, Kufoba, Yuxarı Tahircal kənd ümumi orta məktəblərinin şagirdləri daha aşağı nəticə göstərmişdr. Həmin məktəblərin rəhbərlərinin nəzərinə çatdırılmışdır ki, fənn müəllimlərinin fəaliyyətini tədris ili boyunca   ciddi nəzarətdə saxlasın, onların hansı istiqamətlər üzrə təlim kurslarına cəlb ediləcəklərini müəyyənləşdirsin, tədris ilinin sonunda   müəllimlərin illik fəaliyyətlərini pedaqoji şura   iclaslarında müzakirə edərək konkret qərarlar qəbul etsinlər.

Rayonun tam orta məktəblərindən əldə olunmuş məlumatlara görə 2017-ci ildə XI sinfi bitirən şagirdlərdən rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 403 nəfər, orta ixtisas məktəblərinə 40 nəfər sənəd vermişdir. Rayonun tam orta məktəblərini cari ildə bitirən məzunlardan müxtəlif ali məktəblərə rayon üzrə 200 nəfər (50%), orta ixtisas məktəblərinə 23 nəfər (58%) qəbul olunmuşdur. Ali məktəblərə qəbulun 2-ci seçim turunda qəbul olunan və xarici ölkə ali məktəblərinə qəbul olunan məzunlarla birlikdə bu il 250 nəfər ali məktəb tələbəsi adını qazanmışdır.

Son illərdə rayonun ümumtəhsil məktəblərini bitirən şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbulu ilə bağlı göstəricilər ilbəil artmaqdadır. Bu il şəhər 1, 2, 3, 6, Zindan Muruq, Yuxarı Zeyxür, Həzrə, Piral, Mucuq, Kuzunqışlaq, Hil, Aşağı Ləgər, Balaqusar, Həsənqala, Kirig kənd tam orta məktəblərinin nəticələri daha yüksək olmuşdur.

Ali məktəblərə qəbulda 21 nəfər məzun 500-700 bal arası nəticə göstərmiş, 8 nəfəri 600-dən yuxarı bal toplamışdır. Keçən il 600-dən yuxarı bal toplayan 6 nəfər olmuşdur. Bu yüksək nəticə olmasa da, 600-dən yuxarı bal toplayan məzunların sayında ilbəil artın müşahidə olunur. Sevindirici haldır ki, artıq illərlə bu sahədə əhəmiyyətli nəticə göstərə bilməyən məktəblərin məzunları da ali məktəb tələbəsi adına layiq görülürlər. Rayonun belə məktəblərindən biri olan Sudur kənd tam orta məktəbində təhsili başa vuran 4 nəfər məzundən 3 nəfəri tələbə adını qazanmışdır. Amma qonşuluqda yerləşən Qənərçay kənd tam orta məktəbi ilə bağlı tamamilə əks fikir söyləmək məcburiyyətindəyik.

Çıxış edən Zindan Muruq kənd tam orta   məktəbinin direktoru Sudya Mançarov, şəhər 1 saylı tam orta məktəbinin müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Səlimə Nürəddinova, şəhər 2 saylı tam orta məktəbin   direktoru, respublikanın Əməkdar müəllimi   Dilşad Şinğarova, orta məktəbi qızıl medalla bitirən Zindan Muruq kənd tam orta məktəbinin məzunları Mustafa Azadov və Salik Ağamuradov təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq edərək, gələcək fəaliyyətlərində də cəmiyyətimizin inkişafına öz töhfələrini verəcəklərini bildiriblər.

Konfrans iştirakçılarının alqışları altında 2017-ci ildə keçirilmiş ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplamış məzunlara, onların bu uğurlarında əməyi olan bir qrup müəllimə fəxri fərmanlar, qiymətli hədiyyələr və mükafatlar təqdim olunmuşdur.

Bakı Təhsil İnstitutunun direktor müavini Faiq Şahbazlı təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edərək onlara çətin və şərəfli peşələrində uğurlar arzuladı. O, həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb, cari ilin "Təhsildə keyfiyyət ili" elan olunmasının məqsəd və mahiyyətindən söz açdı.

Qusar RİH başçısının müavini Zoya Eldarova konfransda çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirdi. Rayonda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışan icra başçısının müavini pedaqoji kollektivləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzuladı.

Konfransda müvafiq qərar qəbul edildi.