21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Radikalizmin ayaq açmasına imkan verilməməlidir

Oktyabrın 13-də rayonumuzda “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda keçirilən regional seminar-müşavirədə Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən təşkil olunan tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Rayon mədəniyyət mərkəzində keçirilən seminar-müşavirədə DQİDK sədrinin müavini Səyavuş Heydərov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul şəxsləri, DQİDK-nın Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının yerli strukturlarının rəhbərləri, bölgənin din xadimləri, dini icma sədrləri, gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş "Şəhadət" sənədli filmi nümayiş olunub.

Seminar-müşavirənin iştirakçılarını salamlayan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ulu öndər Heydər Əliyevin Azərbaycan multikulturalizminin siyasi banisi olduğunu vurğulamış, dinimizə, adət-ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir. Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən icra başçısı rayonda dini durumun sabitləşdirilməsi yönündə görülən tədbirlərlə yanaşı narahatlıq doğuran məqamlara da toxunmuşdur. O qeyd etmişdir ki, Azərbaycan gənci dini radikalizmə meyllənməməli, Vətəndən uzaqda, özünə aid olmayan torpaqlarda, qeyri-qanuni silahlı birləşmələrin tərkibində vuruşmamalıdır. Bu cür yola düşən bir qrup gəncimizin acı taleyi hər birimiz üçün dərs, Vətənin azadlığı və bütövlüyü uğrunda canını fəda etmiş gənclərimizin həyat yolu isə bizlərə örnək olmalıdır.

Regional seminar-müşavirədə çıxış edən DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi qüvvələrlə mübarizə aparılması, gənclərin və yeniyetmələrin zərərli dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqamətlərindəndir.

Dini sahədə maarifləndirmə işinin radikallıqla mübarizənin əsas metodlarından olduğunu diqqətə çatdıran Səyavuş Heydərov deyib ki, radikal kökləri təmizləmək üçün həmin qüvvələrə alternativ olaraq, milli-mənəvi dəyərlərimizə əsaslanan model üzərində qurulmuş üslub formalaşdırılmalıdır. Bu model yetişən gənc nəslin öz dəyərlərinə sadiq qalması, milli kimliyinə hörmətlə yanaşması və yad mühitdən qaynaqlanan radikal ünsürlərdən qorunması məqsədinə xidmət etməlidir.

Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə təmsil etdikləri qurumların fəaliyyətinin əsas istiqamətlərindən danışmış, müvafiq sahədə həyata keçirdikləri profilaktik və inzibati tədbirlərdən söz açmışlar.

Çıxış edən din nümayəndələri dindarlara göstərilən qayğıya görə təşəkkür ediblər. Bildirilib ki, milli-mənəvi dəyərlər hər bir ölkənin özünə məxsusdur və radikal qrupların bu dəyərlərə ziyan vurmasına imkan verilməməlidir.  

                                                                                                                              “Qusar”