21 | 08 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Yarımilliyin yekunları və qarşıda duran vəzifələr

Rayon Mədəniyyət Mərkəzində Qusar Rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilmişdir.

İclasda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Yığıncağı açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Nazirlər Kabinetinin 2017-ci ilin ilk altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxunub. Bildirib ki, respublikada sosial-iqtisadi məsələlər uğurla həll edilir, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunur. Altı ayda qeyri-neft iqtisadiyyatı 1,7 faiz, qeyri-neft sənayesi 4,4 faiz artıb, ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. İlin əvvəlindən ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq bu günə 40,6 milyard dollar təşkil edir. Son 6 ayda 101 mini daimi olmaqla 122 min yeni iş yeri açılıb. Bu ilin altı ayında ixrac 36 faiz artıb, idxal 15 faiz azalıb, müsbət saldo 1,9 milyard dollar təşkil edir. Kənd təsərrüfatında artım 2,2 faiz olub. Bu rəqəmlər ölkədə aparılan islahatlar nəticəsində əldə olunan uğurların bariz göstəricisidir.

2017-ci ilin birinci yarısında görülmüş işlər barədə hesabat məruzəsini Qusar Rayon İcra Hakimiyyəti başçısıın birinci müavini Şahid Fərəməzov təqdim edib.

Məruzəçi bildirdi ki, respublikamızda olduğu kimi cari ilin birinci yarısının nəticələri rayonumuzda da ürəkaçan olmuş, bütün sahələrdə inkişaf, tərəqqi, irəliləyiş əldə olunub. Belə ki, hesabat dövründə rayonda 68925,8 min manat dəyərində ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur. Həmçinin bu dövrdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumu həcmi 72,3%, kənd təsərrüfatında ümumi məhsul istehsalı 5,6%, nəqliyyat sektorunda əldə olunan gəlirlər 7,1%, poçt və rabitə xidmətlərinin həcmi 8,1%, pərakəndə əmtəə dövriyyəsi 17,3%, əhaliyə göstərilən pullu xidmətlər 13,3% artmış, 814 yeni iş yeri açılmışdır.

Hesabat dövründə rayonun yerli gəlirlər proqnozu 108% (2839,2-2634,1) icra olunmuş, büdcəyə nəzərdə tutulduğundan 205 min manat çox vəsait daxil olmuşdur. Rayonun I yarımillik xərclərinin dəqiqləşdirilmiş proqnozu 3595,8 min manata qarşı 2619,7 min manat və ya 73% icra olunmuşdur. Hesabat dövründə rayonun müəssisə və təşkilatlarında işləyən işçilər tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 31900 manat vəsait köçürülmüşdür.

Rayonun aparıcı sahəsi olan kənd təsərrüfatının, xüsusilə bağçılığın inkişaf etdirilməsi ilə bağlı danışan məruzəçi qeyd edib ki, ötən ilin payız aylarında rayonda 2006 hektar, cari ilin yaz aylarında isə daha 117,2 hektar olmaqla cəmi 2123,2 hektar sahədə yeni fındıq bağları salınmışdır. Beləliklə 01 iyul tarixinə rayonda mövcud fındıq bağlarının sahəsi 5355 hektara çatmışdır ki, bu da 01 yanvar 2016-cı il tarixi ilə müqayisədə 2,2 dəfə artım deməkdir.

Sahibkarlar tərəfindən fındıq bağları ilə yanaşı gilas, ərik, alma və digər meyvə bağları əkilir. Rayonda 2016-cı ilin payızında 156 hektar, 2017-ci ilin yazında isə 190 hektar müxtəlif növ meyvə bağları əkilmişdir.

Qeyd edilənlərdən başqa cari ilin məhsulu üçün 2016-cı ilin payızında 16915 hektar buğda, 8229 hektar arpa, 2017-ci ilin yazında isə 766,3 hektar yazlıq dənli və dənli paxlalılar, 2176 hektar kartof, 1204 hektar tərəvəz, 4247 hektar çoxillik ot bitkiləri və 720 hektar yaşıl yem üçün qarğıdalı sahələri əkilmişdir.

Əkin sahələrinin mineral gübrələrə olan tələbatın ödənilməsi və məhsuldarlığın artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul sahibkarlara hesabat dövründə 1016,5 ton mineral gübrələr, bir nəfər sahibkara isə güzəştli qaydada 10 baş cins iribuynuzlu heyvan verilmişdir.

Əkin sahələrinin suvarılması məqsədilə beton örtüklü, torpaq əsaslı kanal və arxların təmizləməsi başa çatdırılmış, Samur və Qusar çaylarında 257000 m3 məcra tənzimləmə işləri, cari təmiri nəzərdə tutulmuş 46 ədəd hidrotexniki qurğunun hamısında cari təmir işləri görülmüşdür. Ötən ilin sonunda Kuzunqışlaq kəndində, cari ilin əvvəlində Bədişqala, Şirvanovka, Ləgərqışlaq kəndlərində artezian quyularının qazılması işləri başa çatdırılmışdır. Cari ildə daha 2 ədəd artezian quyusunun qazılması nəzərdə tutulmuşdur.

Hesabat dövründə rayonda əhalinin məişət problemlərinin həlli və müasir infrastrukturun yaradılması sahəsində işləri davam etdirilmişdir. Əniğ kəndinin qazlaşdırılması başa çatdırılaraq kəndə təbii qaz verilmiş və Suvacal kəndinin qazlaşdırılması işləri davam etdirilmişdir.

Təbii qaz təchizatının yaxşılaşdırılması, istehlakçıların normal, fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə 2 ədəd qaz tənzimləyici şkaf quraşdırılmış, Şahdağ daşıyıcı qaz kəmərindən Əniğ və Suvacal kəndlərinin qaz şəbəkələrini əlaqələndirmək məqsədi ilə 38 metr qaz xətti çəkilmiş, şəhərin bəzi küçələrində və Qalacıq, Əniğ, Bədirqala kəndlərində 346 metr qaz kəməri təmir olunmuş, Qusar şəhərində qaz itkilərinin qarşısının alınması, korroziyaya uğramış qaz kəmərlərinin yenidən qurulması məqsədi ilə müxtəlif diametrli 826 metr qaz kəməri çəkilmiş, 1269 metr qaz kəməri korroziyaya qarşı boya ilə rənglənmiş, 234 ədəd məişət qaz sayğacı yeniləri ilə əvəz edilmişdir.

Hesabat dövründə rayona verilən təbii qazın dəyəri ümumilikdə 94,5%, o cümlədən əhali abonentləri üzrə 107,7% %, qeyri əhali abonentləri üzrə 83,3% ödənilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə əhali abonentləri üzrə ödənişdə 10,2 % artım olsa da qeyri əhali abonentləri üzrə ödəniş 12,3% azalmışdır.

Hesabat dövründə rayonun elektrik enerjisi təchizatı şəbəkəsinin yenidən qurulması, qəzalı vəziyyətdə olan dayaqların yeniləri ilə əvəz edilməsi sahəsində də müəyyən işlər görülmüşdür. 35 kv-luq Əcəxür HEVX-də yenidənqurma işləri davam etdirilmiş, 2 ədəd anker, 24 ədəd dəmir aralıq dayaq quraşdırılmış, 2,3 km yeni naqil çəkilmiş, 13,9 km məsafədə mövcud xətt yeni dayaqlar üzərinə köçürülmüşdür.

Ötən 6 ay ərzində rayon mərkəzində və kəndlərində 10,6 və 0,4 kv-luq xətlərində ümumilikdə 679 ədəd yeni dayaq quraşdırılmış, 117 ədəd dayaq təmir edilmiş, 96 ədəd əyilmiş dayaq bərpa edilmiş, 11,7 km uzunluğunda yeni naqil, 6,7 km ÖİN kabel xətləri çəkilmiş, 5,3 km məsafədə budama, 39 km məsafədə məftillərin dartılması işləri görülmüşdür.

Elektrik enerjisinin dəyəri ümumilikdə 84,7%, o cümlədən əhali abonentləri üzrə 64,4%, qeyri əhali abonentləri üzrə 115,4% ödənilmişdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 6,7%, əhali abonentləri üzrə 3,1% az deməkdir.

2017-ci ilin 6 ayında rabitə xidmətlərinin yaxşılaşdarılması sahəsində də müəyyən tədbirlər davam etdirilmiş, şəhər və kəndlərdə istismara yararsız olan 5000 metr uzunluğunda kabel xətləri yeniləri ilə əvəz edilmiş, Qalacıq kənd EATS-dən Yeni Həyat kəndinə 2300 metr fiber optik kabel xətti çəkilmiş, Yeni Həyat kəndində çöl tipli müasir 60 nömrəlik elektron şkaf quraşdırılmış, şəhər və kənd EATS-də montaj işləri görülərək 364 ədəd internet portu artırılmışdır. Kəndlərdə ümumilikdə 17 km məsafədə rabitə xətləri təmir olunmuş, Mucuq, İmamqulukənd, Qalacıq və Gündüzqala kənd EATS-də nömrə tutumu ümumilikdə 176 nömrə artırılmışdır. Qusar şəhərində 33 ədəd, kəndlərdə 175 ədəd olmaqla cəmi 208 ədəd yeni telefon çəkilmişdir. Qusar avtovağzalından Balaqusar kəndinə kimi, 48 ədəd ağac dirək yeni dəmir dirəklərlə əvəz edilmişdir.

Hesabat dövründə Qusar şəhərində yeni içməli su və kanaliziasiya şəbəkələrinin qurulması layihəsi üzrə işlər davam etdirilmiş, ötən 6 ayda 3250 metr kanalizasiya xətti çəkilmiş, 470 ədəd ev birləşmə quyusu tikilmiş, 5000 ədəd quyunun və 85000 metr kanalizasiya xəttinin su sınağı aparılmışdır. Eyni zamanda hesabat dövründə yeni 4-cü su anbarının tikintisi davam etdirilmiş, 4560 metr su xətti çəkilmiş, 13 ədəd qidrant, 14 ədəd siyirtmə, 5085 ədəd su sayğacı quraşdırılmış, 1267 evin su bağlantısı, 105892 metr su xəttinin sınağı aparılmış və digər işlər görülmüşdür.

Kəndərdə müxtəlif diametrli 5750 m yeni su xətləri çəkilmiş, 1800 m su xətləri təmir edilmişdir.

Hesabat dövründə abonentlərə verilən içməli su və çirkab suların axıdılması üzrə göstərilən xidmətlərin dəyəri ümumilikdə 99,8% ödənilmişdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisdə 12,2% çoxdur.

Hesabat dövründə rayonda müəyyən abadlıq, tikinti-təmir işləri görülmüş və bu işlərin növbəti aylarda davam etdirilməsi nəzərdə tutulur.

Nesabat dövründə Qılahoba, Nəcəfkənd, Avaranqışlaq, Suduroba, Zuxul, Üzdənoba, Yuxarı Tahircal kəndlərində modul tipli yeni məktəb binalarının tikintisi, Qusar şəhər 2 saylı uşaq bağçasının 2-ci korpusunun təmiri işləri görülmüş, RİH-nin inzibati binasının tikintisi davam etdirilir.

Hesabat dövründə Qusar-Xudat yolunun ilk 15 km-lik hissəsinin əsaslı təmirinə başlanılmış, rayonun afalt örtüklü yollarında 15113 m2, çınqıl örtüklü yollarda 17387 m2 cari təmir işləri görülmüşdür. Kənd investisiya layihəsi və bələdiyyələrin vəsaiti hesabına 45240 m2 kənd yolları cari təmir edilmiş, 235200 m2 yollar hamarlanmışdır.

Rayon ərazisində mart-aprel aylarında keçirilən iməcliklər zamanı təmizlik işləri görülmüş, Qusar şəhərində və kəndlərdə 8500 ədəd ağac və bəzək kolları əkilmişdir.

Cari ildə rayonun iİnkişaf planına uyğun olaraq Qusar şəhərində və kəndlərdə bir sıra yolların təmiri, su xətlərinin çəkilməsi, suvarma suyu ilə təminatındakı problemlərin aradan qaldırılması, məktəblərin tikintisi, kəndlərin qazlaşdırılması üzrə layihələrin davam etdirilməsi nəzərdə tutulur.

   Hesbat yığıncağında Qusar Rayon Suvarma Sistemləri idarəsinin rəisi Məzahir Əzizov, Qusar Su-Kanal idarəsinin rəisi Əliyar Saruxanov, “Azəravtoyol” ASC-nin 6 nömrəli Yol İstismarı MMC-nin rəisi Natiq Mehdiyev, Qusar Dövlət Yanğından Mühafizə hissəsinin rəis müavini Sərxan Dəmirov çıxış ediərək 2017-ci ilin birinci yarısında gördükləri işlərdən danışmışar.

Çıxışlarda yerli infrastruktur layihələrinin icra olunması və sahibkarların fəaliyyətinə kömək göstərilməsi, məşğulluğun səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması, investisiyaların cəlb edilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması və onların məşğulluq, yaşayış məsələlərinin həlli yönündə rəy və təkliflər irəli sürülmüşdür.