23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Dini radikalizm gəncliyi uçuruma sürükləyən yoldur

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib.

Müşavirədə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov dövlət-din münasibətlərinə toxunaraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin başlıca məqsədi Azərbaycanda dinlər arasında mövcud olan tolerant mühiti qoruyub saxlamaqdır.

Bu gün ölkəmizdə müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dili, dini, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini bildirən rayon rəhbəri həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib. Ölkə başçısının müvafiq sərəncamı ilə 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi bu sahəyə diqqətin növbəti bariz nümunəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirədə geniş məruzə ilə çıxış edərək bildirib ki, dövlət-din münasibətlərinin başlıca amalı ölkə vətəndaşlarının sərbəst şəkildə öz dini inanclarını yerinə yetirməsidir. Digər bir məsələ isə ölkəmizdəki sabit dini durumun pozulmasına çalışan neqativ halların qarşısının maksimum dərəcədə alınmasıdır. Natiq xüsusi vurğulayıb ki, Azərbaycan dövləti dini sahədə qarşısına qoyduğu bütün məsələləri vaxtında və düzgün həll edir. Səyyad Salahlı çıxışında dini icmaların üzərinə düşən məsuliyyətə toxunaraq qeyd edib ki, dini icmaların rəhbərləri və icma üzvləri yerlərdə fəal iş aparmaqla əhalini dini sahədə maarifləndirməlidirlər. İnsanların radikallığa meyillənməsinin əsas səbəbinin dini savadsızlığın olduğunu diqqətə çatdıran sədrin birinci müavini bildirib ki, bu məsələdə hər kəs dini icmalara kömək etməlidir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Qusar Rayon Şöbəsinin rəisi Xəyyam Məhərrəmov çıxışında dini radikalizm və ekstremizmə qarşı aparılan mübarizə tədbirləri barədə danışıb. "Dini ekstremizmlə mübarizə haqqında" Qanunun müddəaları ilə əlaqədar bir sıra digər qanunlara edilən dəyişiklikləri diqqətə çatdıran şöbə rəisi bildirib ki, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Bundan başqa, İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması yolverilməzdir.

Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan olunur. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.

Dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri qanunçuluğun təmin edilməsi, dini ekstremizmə görə cəzanın labüdlüyü, eyni zamanda, hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərdən kompleks istifadə etməkdir. Bundan başqa, dini ekstremizmə qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi, həmçinin dini ekstremizm nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü də əsas prinsiplərə daxildir.

Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev çıxış edərək bildirib ki, rayonun təhsil müəssisələrində Təhsil nazirliyinin xətti ilə dini maarifləndirmə sahəsində çoxsaylı tədbirlər həyata keçirilib.

Rayon rəhbərliyinin diqqət və qayğısı ilə baş tutan tədbirlər nəticəsində qeyri-ənənəvi cərəyanlara meyl göstərən insanların və bu cür təbliğata uyan gənclərin sayı azalmaqdadır. Maarifləndirmə tədbirlərində islam dini, onun yaranma tarixi haqqında həqiqi məlumatlar verilir, qeyri-ənənəvi dini cərəyanların törətdiyi fəsadlarla bağlı təhlillər aparılır:-Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, dəfələrlə deyilməsinə və valideynlərlə söhbətlərin aparılmasına baxmayaraq, qız uşaqlarının məktəbə hicabla gəlməsi halları və məktəbi bitirən bəzi gənclərin qeyri-ənənəvi dinlərə, zərərli vərdişlərə meyillilik halları qalmaqdadır.

Bununla əlaqədar bütün məktəb rəhbərlərinə tapşırılmışdır ki, şagirdlərin məktəbə məktəbli formasında gəlmələrinə ciddi nəzarət etsinlər. Bu gün məktəbə hicabla gələn qız uşağı sabahın anasıdır və valideyn indidən bu yola meyl edən övladının gələcəkdə hansı yolu seçəcəyini dərk etməlidir.

Əksər gənclərimizin həqiqi din və islami dəyərlər haqqında məlumatları çox səthidir. İslami dəyərlərin mahiyyətini dərk etməyən, qeyri-ənənəvi dini cərəyanlara meyl göstərən, bir müsəlmanın digərini məhv etməsinə din pərdəsi altında haqq qazandıran belə gənclərimiz qeyri-qanuni silahlı birləşmələrə qoşulur, "cənnətə" qovuşmaq xülyası ilə həm özlərini, həm də ailələrini məhv edirlər. Ona görə də məktəblilərimizin düzgün maarifləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi taleyüklü məsələlərdən biridir.

Qusar şəhər 1 saylı orta məktəbin müəllimi Solmaz Həsənova çıxışında qeyd etdi ki, bu gün rayonumuzda dini radikal və ekstremist qüvvələrin baş qaldırması təəssüf və təşviş doğurur. Müxtəlif dini radikal təriqətlərin təsiri altına düşənlərin əksəriyyəti məhz gənclərdir:-Onların təbliğatı nəzarətdən kənar qalan, iradəcə zəif olanları tez bir zamanda öz tərəflərinə çəkməyə imkan verir. Heç kimə gizli deyil ki, rayonumuzdan onlarla gənc ailə Suriyaya gedib. Onlar Suriyada nə axtarırlar? İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparsınlar, Suriyada yox! Mən bu gün həm bir ana, həm də bir pedaqoq kimi çox narahatam.

Bizim Vətən uğrunda canından keçməyə hər an hazır olan gənclərimiz çoxdur. Bu gün iftixarla, qürur hissi ilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adını çəkirəm. Müharibə şəraitində olan, torpaqların bir hissəsinin düşmən tapdağı altında olan bir ölkənin gənclərinin vətənpərvərliyi Çingiz Qurbanov kimi qəhrəmanlardan öyrənmələrini arzu edərdim.

Təhsil müəssisələrində çalışan pedaqoqların dini baxımdan maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Onların dinlərin, məzhəblərin, radikal cərəyanların tarixini, yaranma və ölkəmizə gəlişi səbəblərini, ölkəmiz üçün təhlükəsini, ideyalarını yaymaq metodlarını və s. düzgün şəkildə bilməlidirlər ki, gənc nəsli belə təhlükələrdən xəbərdar edə bilsinlər.

Gənc fəal Nərgiz Muradxanova müzakirələrə qatılaraq söylədi ki, bu gün dünyada İslam dinini radikalizmə çevirmək cəhdləri geniş vüsət alıb. Azərbaycanda da bu sahədə müəyyən problemlər, boşluqlar var. Bəzi xarici qüvvələr dindən sui-istifadə edərək xüsusilə gəncləri bu yola sürükləyirlər. Ürəkağrıdıcı faktdır ki, respublikamızda, o cümlədən rayonumuzda müxtəlif dini cərəyanlara qoşulan, qara qüvvələrin əlində alət olan gənclərin sayı artmışdır. İndidən həyəcan təbili çalınmalı, hamımız fəal olmalıyıq ki, alov sərhədlərimizi adlamasın.

Azərbaycanın dini deyil, dünyəvi dövlət olduğunu vurğulayan çıxışçı bildirib ki, bizim dinimiz, istənilən dinlər mədəniyyətimizin tərkib hissəsidir. Həyatımızı dini, milli dəyərlərə və qanunlara uyğun qurmalıyıq. "Dini ekstremizmlə mübarizə haqqında" Qanun da belə çaşqınlıq vəziyyətində olan insanlara dəstək vermək, onların ekstremizmə yuvarlanmasının qarşısını almaq üçündür.

Avaran Kənd Dini İcmasının sədri Əmrah Əmrahov rəhbərlik etdiyi bu dini qurumun fəaliyyəti, əhali arasında saf İslamın təbliği istiqamətində görülən tədbirlərdən bəhs etməklə yanaşı, diqqəti respublikada, xüsusilə də rayonda bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyət göstərdiklərinə çəkdi.

İcmanın sədri din xadimlərini, sıravi vətəndaşları, ziyalıları bu cür əməllər törətməyə cəhd edənlərə, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmağa çağıranlara qarşı dövlət qurumları ilə əlbir mübarizəyə çağırdı.

QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Mustafa Kazdal” dini icmasının sədri Fəryəddin Rəhimxanov çıxışında bildirib ki, ümumi təhlillər gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif və yarımçıq olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərir. Din xadimlərimizin əksəriyyəti İslam, onun tələbləri ilə bağlı sualları cavablandıra bilmirlər. Mükəmməl dini savada malik kadrların yetişdirilməsinə, dini təhsil müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsinə, dini dərslərlə yanaşı dünyəvi fənlərin tədrisinə, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanmasına ehtiyac var.

İcma sədri vurğuladı ki, məzhəbçilik aradan qaldırılmalı, ayinlər ümumi prinsiplər əsasında təşkil olunmalı, xurafatçılığa yol verilməməli, yeniyetmə və gənclərə vətənpərvərlik ruhunun aşılanması önə çəkilməlidir. Zərərli dini təriqətlərin ən çox gənclər arasında özünə tərəfdar tapmasının əsas səbəbi yeniyetmələrin sağlam dini təsəvvürlərə daha az malik olmasıdır. Buna qarşı mübarizədə əsas vasitə təhsil və dini savadın artırılmasıdır.

Seminar-müşavirəni yekunlaşdıran Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov vurğuladı ki, burada səsləndirilən fikirlər bu gün rayonda adət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşlarımızla bağlı rayon ictimaiyyətinin narahatlığını bir də sübut etdi. Həqiqətən, qanunsuz dini təbliğatın aparılması, gənclərin zərərli dini cərəyanlara cəlb edilməsi kimi hallar hələ də müşahidə edilməkdədir. Əsasən vəhhabi məzhəbinin bir sıra radikal üzvləri dini təbliğata xidmət edən fəaliyyətlə məşğul olur, adət-ənənələrə uyğun dini ayinlərin keçirilməsinə mane olmağa, çoxlu sayda radikal dini təriqətə meyl göstərən vətəndaşları öz ətraflarında toplamağa cəhd göstərirlər.

Rayonda yaşayan vəhhabi təriqətinə aldanmış gənclərin bəzilərinin Dağıstan Respublikası ilə əlaqələrinin olması, bəzilərinin isə Suriyadakı silahlı münaqişələrdə iştirakı ilə bağlı məlumatlar vardır. Bu gün qeyri-ənənəvi radikal dini təriqətlərə meyl göstərən, kənar təsirlərə uyaraq ölkəni tərk edən, müxtəlif qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak edən gənclərimizin sayı artmaqdadır. Acınacaqlı hal odur ki, ölkəni tərk edərək təhlükəli döyüş əməliyyatlarına və s. terrorçu təşkilatlara qoşulan gənclər özləri ilə bərabər həyat yoldaşlarını, azyaşlı, körpə uşaqlarını da təhlükənin, odun-alovun içinə atırlar. Əksər hallarda da belə ailələrin aqibəti fəlakətlə nəticələnir. Bizdə öz ağılsızlıqları səbəbindən bədbəxtliyə düçar olmuş qusarlı ailələr haqqında kifayət qədər məlumat mövcuddur. Bu məlumatlar bizi daha sayıq olmağa, gənclərimizin düçar olduqları bu bədbəxtlik haqqında sizləri ciddi xəbərdar etməyə vadar edir.

Gəncliyin qayğısına qalmaq, onları düzgün istiqamətləndirmək, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalıqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmək hamımızın borcudur. Bu sahədə vəzifəsindən asılı olmayaraq hər birimiz əlimizdən gələni əsirgəməməli, sağlam əqidəli gənclərimizin yetişdirilməsi üçün səylərimizi birləşdirməliyik.

Seminarda müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyi vurğulanıb.     

    “Qusar”