21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Onların rəşadətini unutmaq olmaz

Faşizm üzərində tarixi Qələbənin 72-ci ildönümü münasibətilə təntənəli mərasim keçirildi.

İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli bir dövr olmuşdur. Dünya xalqları ilə bir sırada faşizmə qarşı döyüşlərə qatılan xalqımız həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərmişdir. Azərbaycanlı zabit və əsgərlər faşizm üzərində Qələbənin əldə olunmasında müstəsna və tarixi rol oynayıblar, ən ağır döyüşlərdən qəhrəman kimi çıxıblar. Odur ki, tarixi Qələbənin qazanılmasında ölkəmizin əvəzsiz xidmətləri danılmazdır.

Mayın 9-da şəhərimizin general Mahmud Əbilov meydanında, görkəmli sərkərdənin büstü və qəhrəman həmyerlilərimizin şərəfinə yaradılmış abidə kompleksinin önündə Faşizm üzərində tarixi Qələbənin 72-ci ildönümü münasibətilə təntənəli mərasim keçirildi.

Döyüş səngərlərinə rayonumuzdan 10125 nəfər yola düşmüş, onlardan ancaq 6095 nəfəri geri qayıtmışdır. Təəssüf ki, o ölüm-dirim savaşlarından dönən qusarlıların ancaq 7 nəfəri sağ-salamatdır ki, onların sağlamlıq durumları tədbirdə iştirak etməyə imkan verməmişdir. Onların, eləcə də geri dönməyənlərin yerinə övladları-ön cəbhədə vuruşanlardan heç də az məşəqqətlər çəkməmiş müharibə illərinin uşaqları, nəvə və nəticələri mərasimə qatılmışdılar.

Qusar RİH-nin başçısı Şair Alxasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, silahlı qüvvələrin və əmək cəbhəsinin veteranları, rayon ictimaiyyətinin nümayəndələri öncə generalın büstü, abidə kompleksinin önünə tər çiçək dəstələri qoyaraq həyatlarını Qələbə naminə qurban vermiş insanların xatirəsini ehtiramla yad etmişlər.

Veteranların ailə üzvləri, əmək cəbhəsinin veteranları, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Qusar RİH-nin başçısı Şair Alxasov onları bayram münasibətilə təbrik etmiş, “- Heç kəsin, heç vaxt onların şücaətini unutmağa haqqı yoxdur. Əksinə, ata və babalarımızın hərb, zəhmət, quruculuq yolu bugünkü gənclərə örnək olmalıdır.”-demişdir.

Faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının, qusarlıların böyük töhfəsi və rolunun olduğunu bildirən rayon rəhbəri ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 9 May-Qələbə Gününün yenidən dövlət bayramları sırasına daxil edildiyini, müharibə əlilləri və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə diqqətin artırıldığını söyləmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin Böyük Vətən Müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, veteranlara, əlillərə qayğısını qeyd edən mərasim iştirakçıları torpaqlarımızın tezliklə geri alınaraq qələbənin işğal olunmuş rayonlarda qeyd olunacağına inamlarını dilə gətirmişlər.

Sonda “Yaşıl park” restoranında silahlı qüvvələr və əmək cəbhəsi veteranları üçün bayram süfrəsi açılmışdır.

                                            “Qusar”