25 | 04 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Yaponiyanın rayonumuzda dördüncü layihəsi

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə “Qusar rayonunun Hil kəndində su təchizatı sisteminin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir.

Rayonumuzun Hil kəndinin sakinləri təmiz, içməli su ilə təmin olunacaqlar. Bunun üçün su təchizatı sistemi yenilənəcək. Tikinti işləri Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqrami" vasitəsilə həyata keçiriləcək.

Martın 2-də rayon icra hakimiyyətində "Qusar rayonunun Hil kəndində su təchizatı sisteminin təkmilləşdirilməsi" layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir.

Masimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri zati-aliləri cənab Tsuquo Takahaşi və Qusar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şair Alxasov iştirak etmişlər.

Müqaviləni səfir Tsuquo Takahaşi və "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Rafik İsmayılov imzalayıblar.

Ümumi məbləği 83 min 320 ABŞ dolları olan layihənin əsas məqsədi kəndin su təchizatı sistemini bərpa etməklə yerli sakinləri təmiz su ilə təmin etmək və əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqdır.

Qeyd edək ki, bu, “gündoğar ölkə”nin rayonumuzda dördüncü layihəsidir. Bundan qabaq Qusar şəhərində 5 saylı məktəbin yenidən tikintisi (2003-78,3 min ABŞ dolları), Piral kəndində su təchizatı sisteminin təkmilləşdirilməsi (2009-89 min ABŞ dolları), Yasab kəndində su təchizatı sisteminin təkmilləşdirilməsi (2014-103 min ABŞ dolları) layihələri icra olunmuşdur. "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqrami" bələdiyyələr, tibb institutları və QHT-lərin vətəndaşların yaşayış standartlarının yaxşılaşdırılmasına xidmət edən layihələrini dəstəkləyir.

Bu vaxta kimi layihələr üzrə imzalanmış müqavilələrin sayı 217, ümumi dəyəri isə təxminən 18,6 milyon ABŞ dolları təşkil edir.

Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım iqtisadi infrastrukturunun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə ümumi məbləği artıq 1,1 milyard ABŞ dollarını keçmişdir.