23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

İqtisadi islahatların həyata keçirilməsi davam etdiriləcəkdir

Qusar RİH-nin şura iclasında 2016-cı ilin yekunları, 2017-cı ildə qarşıda duran vəzifələr müzakirə olundu.

Fevralın 7-də rayon mədəniyyət mərkəzində keçirilən RİH başçısı yanında şuranın geniş yığıncağında rayonun 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Yığıncaqdan qabaq rayon rəhbərliyi və qonaqlar, ictimaiyyətin nümayəndələri Heydər Əliyev Xatirə Kompleksində ulu öndərin abidəsi önünə gül-çiçək qoymuşlar.

Yığıncaq iştirakçıları rayon mədəniyyət mərkəzinin foyesində nümayiş zalında təşkil olunmuş Qusarın kənd təsərrüfatı, sənaye, emal müəssisələrində istehsal edilmiş malların nümunələri, yerli idmançıların uğurları, milli əl işlərinin çeşidləri nümayiş etdirilən sərgi ilə tanış olmuşlar.

Salonda əvvəlcə Dövlət Himni səsləndirilmiş, 2016-cı ildə rayonda aparılan tikinti-abadlıq, quruculuq işlərindən, müəssisə və təşkilatlarda qazanılan uğurlardan bəhs edilən sənədli video-çarx göstərilmişdir.

Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında, eləcə də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyulan vəzifələr barəsində danışmışdır.

Daha sonra rayon icra hakimiyyətinin başçısı Şair Alxasov il ərzində rayonda iqtisadi, mədəni və sosial inkişaf istiqamətlərində görülmüş işlər barədə hesabatı yığıncaq iştirakçılarına təqdim etmişdir.

Məruzə ətrafında müzakirələrdə çıxış edən Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi David İbramxəlilov, rayon kənd təsərrüfatı idarəsinin rəisi Elşad Əlimuradov, iş adamı Valeh Sevzixanov və başqaları ötən il mədəniyyət və turizmin, aqrar sahənin, sahibkarlığın inkişafına dövlət dəstəyindən, rayon əməkçilərinin əldə etdikləri uğurlardan, bu yöndə onları qayğılandıran məsələlərin həlli istiqamətində görülən işlər barəsində ətraflı məlumat vermişlər.

Zalda quraşdırılmış açıq mikrofonlardan ayrı-ayrı məmurlara onlarla sual ünvanlandı. Qusar şəhərindən, Samur qəsəbəsindən, Balaqusar kəndindən olan vətəndaşların yaşadıqları binaların təmiri, qaz, su, rabitə, uşaq bağçaları-körpələr evlərinin ərzaqla təminatı və s. məsələlərlə bağlı sualları cavablandırılmış, onları narahat edən məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə müfəssəl məlumatlar verilmişdir.

Hesabat yığıncağında iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin üzvü Azər Badamov öz çıxışında müzakirə olunan məsələ ilə bağlı fikir və təkliflərini açıqlamaqla bərabər, hazırda ölkədə aparılan sosial siyasət, iqtisadi islahatlar, ölkə başçısının imzaladığı sərəncam və fərmanların iqtisadiyyatımızın güclənməsinə təsiri barədə məlumat vermişdir.

Şura iclasında iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında, eləcə də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyulan vəzifələr barəsində danışmışdır. O, tədbir iştirakçılarının diqqətini daha çox ölkə başçısının məmur-vətəndaş münasibətləri ilə bağlı tövsiyəsinə yönəltmişdir:

-İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür: Dövlətimizin başçısı qeyd edib ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür: "Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır.”

Şura iclasını yekunlaşdıran RİH başçısı Şair Alxasov çıxışlarda səslənən tənqid, təklif və mülahizələrə münasibətini açıqlamış, həmçinin bir sıra müəssisələrin başçılarından mövcud çatışmazlıqları qısa müddətdə aradan qaldırmağı tələb etmişdir. O, 2017-ci il üçün nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf planının mahiyyətinin, görülən işlərin məqsədinin xalqın rifahını təmin etməkdən ibarət olduğunu bildirmişdir. 2017-cı ildə ondan qabaqkı ildə aparılan iqtisadi islahatlar davam etdiriləcək, onların həyata keçirilməsi iqtisadiyyatımızı daha da gücləndirəcəkdir.

Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına müraciət ünvanlamışlar.

Şura iclasında müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilmişdir.                                                               

“QUSAR”