25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Təkliflər, iradlar müzakirə edildi

Rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən şəhər, qəsəbə, kənd ərazi dairələri üzrə nümayəndəliklərdə 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilmişdir. İl ərzində görülən işlər təhlil olunmuş, buraxılan nöqsanlar araşdırılaraq yeni vəzifələr müəyyənləşdirilmişdir.

RİH başçısının, müavinlərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdikləri hesabatlar zamanı qaldırılmış problemlərin həlli üçün aidiyyatı təşkilatlar qarşısında müvafiq məsələlərin qoyulması nəzərdə tutulub.

Qusar. Yanvarın 23-də Qusar RİH-nin iclas zalında RİHB-in Qusar Şəhər İnzibati Ərazisi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda iştirak edən Qusar RİH-nin başçısı Şair Alxasov dəvət olunanları salamlayaraq sıravi vətəndaşların idarəçilikdə, sosial-quruculuq məsələlərinin həllində iştirakını təmin edən mühüm vasitə olan İƏ dairələri üzrə nümayəndəliklərində keçirilən hesabat yığıncaqlarının mühüm əhəmiyyətini xatırlatmış və iclas iştirakçılarını aktiv müzakirəyə dəvət etmişdir.

Qusar RİH başçısının birinci müavini Şahid Fərəməzov çıxışında yerlərdə keçirilən hesabat yığıncaqlarında qaldırılan məsələ və təklifləri qruplaşdıraraq təhlil etmişdir.

Əsasən əhalinin qaz, elektrik enerjisi, suvarma və içməli su, yeni yaşayış məhəllələrində infrastrukturun yaradılması ilə bağlı 154 məsələnin qaldırıldığını bildirən məruzəçi onların bəzilərinin həlli üçün konkret vaxt göstərilməklə tapşırıqların verildiyini, digərlərinin rayonun cari ilin inkişaf planına daxil edildiyini söyləmişdir.

Sonra RİHB-in Qusar Şəhər İnzibati Ərazisi üzrə nümayəndəsi Nahid Arazov hesabat məruzəsi ilə çıxış etmişdir.

O, vurğulamışdır ki, bütün maliyyə çətinliklərinə baxmayaraq, dövlət başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial sferalarında uğurla davam etdirilən islahatlar regionların, o cümlədən Qusarın da inkişaf tempini sürətləndirmişdir.

O, 18 min nəfərə yaxın sakinin yaşadığı şəhərdə tikinti-quruculuq, abadlıq işlərinin hesabat ilində də davam etdirildiyini söyləmiş, sakinlərin enerji, qaz, su, rabitə təminatı, məişət qayğıları ilə bağlı problemlərin həlli istiqamətində görülən tədbirləri diqqətə çatdırmışdır.

Rayonun idarə və təşkilatları ilə birgə Heydər Əliyev Mərkəzində, şəhər mərkəzi istirahət parkında, Bayraq Meydanı ətrafında, şəhərin girişində, küçə və xiyabanlarda təmir-bərpa işləri görülmüş, coxlu sayda həmişəyaşıl ağac, dekorativ kol və gül əkilmişdir.

İl ərzində şəhərin çoxmərtəbəli binalarını əhatə edən təmir işləri Heydər Əliyev prospektinin 136, 174 saylı, Zərifə Əliyeva küçəsi, 94,124,126,128 saylı, Nurəddin Şərifov küçəsi 14a saylı binalarda aparılmışdır. Bu binaların giriş bloklarında və fasad hissələrində əsaslı təmir işləri aparılmış, keyfiyyətli emulsiya qatı ilə üzlənmiş, dam örtüklərində yağış və qar sularının axıdılması üçün nəzərdə tutulmuş novlar və boruların təmirə ehtiyacı olunan hissələri bərpa olunmuşdur. Kanalizasiya və su xətlərin səkilişi zamanı yararsız vəziyyətə düşmüş şəhərin mərkəzi küçələri qısa müddət ərzində yüksək keyfiyyətli isti asfalt qatı ilə üzlənmiş, bütün şəhərdaxili yolları və piyada keçidləri yol boyası ilə rənglənmişdir.  

Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır " kursuna uyğun olaraq sahibkarlar tərəfindən şəhərin Nurəddin Şərifov küçəsində müasir texnologiyalara əsaslanan yeni çörək zavodu, "Qusar şərab" şərab zavodu, Heydər Əliyev prospektində, Qusar-Şahdağ yolunda müasir arxitektura üslubunda yeni möhtəşəm ticarət və xidmət obyektləri tikilib istifadəyə verilmişdir.

İşdəki nöqsanlardan yan keçməyən məruzəçi qeyd etmişdir ki, şəhərdə təmizlik və yaşıllaşdırma sahəsində müəyyən nöqsan və çatışmamazlıqlar da mövcuddur. Bəzi, məsələn Zeynalabdin Tağıyev, Nurəddin Şərifov, Azər Xammətov küçələrində, bazarın ətrafında, idman kompleksinin yanında məişət tullantıları vaxtlı-vaxtında daşınmadığından zibilliklər yaranır.

Əksər hallarda şəhərin mərkəzi küçələri süpürülərkən yığılan toz-torpaq yol kənarlarından vaxtında götürürlməməsi səbəbindən təzədən həmin yollara səpələnir.

Şəhərin park və yaşıllıqlarında əkilmiş dekorativ ağac və kollar yayda vaxtlı-vaxtında suvarılmaması və aqrotexniki qulluğun zəif olması səbəbindən quruyub məhv olur. Şəhərdən çıxış yollarında Qusar-Balaqusar, Qusar-Çiləgir yolunun ətrafında yaşıllıq zolaqlarına, Qusarçayın ətrafına və hövzəsinə əhali tərəfindən məişət tullantıları, bəzi hallarda isə söküntü işləri zamanı köhnə yararsız tikinti materialları və yeni tikilmiş binalardan çıxan tullantı və tikinti qalıqlarının atılması hallarına rast gəlinir.

Mütəmadi olaraq tərəfimizdən nəzarət edilməsinə baxmayaraq, hələ də şəhər sakinləri tərəfindən mərkəzi küçələrdə təzə çəkilmiş asfaltın üzərinə qum-çınqıl və digər tikinti materialların tökülməsi və bəzi hallarda şəxsi avtomobillərin küçədə yuyulması, ağır tonnajlı yük maşınların şəhərin qadağan olunmuş yerlərində hərəkəti də mövcuddur ki, bütün bunlar nəticədə böyük zəhmət hesabına başa gəlmiş asfalt qatının sıradan çıxmasına səbəb olur.

Ən ağır və acınacaqlı vəziyyət isə şəhər mərkəzi bazarında mövcuddur. Dəfələrlə tərəfimizdən edilən xəbərdarlıqlara baxmayaraq bazar rəhbərliyi orada heç bir dönüş yaratmamış, ancaq gündəlik yer pulunu yığması ilə kifayətlənmişdir.

Ünvanlı sosial yardım məsələsinə toxunan məruzəçi vurğulamışdır ki, ötən il şəhərdə 156 ailənin 764 nəfər üzvünə ünvanlı sosial yardım verilmiş, 75 nəfər kimsəsiz vətəndaşa sosial qulluq göstərilmişdir.

Məruzə ətrafında müzakirələr olmuş, suallar cavablandırılmışdır.

Şəhər inzibati ərazi üzrə nümayəndəliyin hesabat yığıncağını yekunlaşdıran Qusar RİH-nin başçısı Şair Alxasov yığıncaq iştirakçılarının diqqətini yanvarın 16-da dövlət başçısı İlham Əliyevin sədrliyilə keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafın yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasa yönəldərək vurğulamışdır ki, Azərbaycanda əhalinin rifah halının yüksəldilməsi, regionların sosial-iqtisadi inkişafı istiqamətində nəzərdə tutulan bütün proqramlar uğurla həyata keçirilmişdir.

Rayon mərkəzində görülmüş işlərin həcmini və əhəmiyyətini diqqətə çatdıran icra başçısı inkişaf proqramının yeni ildə də ardıcıl davam etdiriləcəyini, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və vətəndaşların qarşılaşdıqları problemlərin həllinə daha böyük diqqət yetiriləcəyini, tikinti-abadlıq işlərinə yeni vüsət veriləcəyini bildirərək hamını əlbir fəaliyyətə səsləmişdir.