26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Şəhidlərin xatirəsi əziz və muqəddəsdir

Rayonumuzda 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiram və sayğı ilə yad olunmuşdur.

Qanlı Yanvar hadisələrindən 27 il ötdü. Düz 27 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.

Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

Həmin gün xalqımızın şanlı övladları öz torpaqlarının bütövlüyü və milli azadlığı uğrunda əzmlə mübarizəyə qalxaraq yenilməzliyini və rəşadətini bütün dünyaya nümayiş etdirdilər. Biz həmin günü kədər, eyni zamanda böyük qürur hissi ilə qeyd edirik. Çünki, 1990-cı ilin 20 Yanvarında azərbaycanlılar qəhrəman, müstəqil dövlət qurmağa layiq xalq olduğunu sübut etdi.

Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan bu hadisəyə də elə ilk qiyməti müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev verib. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider dünyanın diqqətini Azərbaycan həqiqətlərinə, başımıza gətirilən faciələrə yönəltdi, xalqın haqq səsini dünyaya çatdırdı, faktların dili ilə əsl həqiqət beynəlxalq ictimaiyyətə bəyan edildi. Daha sonra ümummilli lider Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin il martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etdi.

20 Yanvar ümumxalq hüzn günündə respublikamızın hər yerində olduğu kimi rayonumuzda da müxtəlif tədbirlər keçirilmiş, şəhidlərin xatirəsi böyük ehtiramla yad edilmişdir.

Yanvarın 20-də səhər Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən qusarlıların uyuduqları Şəhidlər Xatirə Kompleksi ziyarət olunmuşdur.

Ziyarətə gələn Qusar RİH-nin başçısı Şair Alxasov, RİH aparatının işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri şəhid məzarları və xiyabanda qurulmuş “Əbədi məşəl" abidəsi önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Şəhidlərin ruhuna dualar oxunmuşdur.

Həmin gün rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

vvv

20 Yanvar faciəsinin 27-cü ildönümü ilə əlaqədar rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş plana əsasən rayonun təşkilat, idarə və təhsil müəssisələrində tədbirlər keçirilmiş, şəhidlərin xatirəsi ehtiramla anılmışdır. Rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində dəyirmi masalar, müzakirələr və digər geniş anım tədbirləri keçirilmiş, həmçinin mədəni-maarif müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş fotostend, kitab sərgiləri hazırlanmış, kitabxana müəssisələrində oxucu konfransları təşkil olunmuş, konfranslarda 20 Yanvar faciəsinə həsr edilmiş məruzələr oxunmuş, bütün tədris müəssisələrində dərs saatlarından biri 20 Yanvar faciəsinə həsr edilmişdir.

                                                       Qara Yanvar qətliamının 27-ci ildönümü ilə bağlı Qusar Ləzgi Dövlət Dram Teatrının kollektivi tərəfindən səhnələşdirilmiş şair-dramaturq Ramiz Duyğunun "Xarı bülbül" əsəri nümayiş olunmuşdur.

Tamaşaya gələn rayon rəhbərləri, hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların nümayəndələri, gənclər, məktəblilər yerli aktyorların canlandırdıqları səhnələr vasitəsilə 27 il bundan qabaq baş verənləri bir də xatırlamaq imkanı qazanmışlar.

Teatrın direktoru Faiq Qardaşov əməkdaşımızla söhbətində demişdir:- Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 27-cı ildönümü bütün ölkədə silsilə tədbirlərlə qeyd edilir. Eləcə də təhsil və mədəniyyət müəssisələrində anım mərasimləri, konfranslar, yığıncaqlar, xatirə gecələri təşkil edilir. Yaradıcı kollektivlərin bu hadisəyə münasibətlərinin bədii forma və məzmunda olmağı da təbiidir. Xalqımızın qəhrəmanlıq tarixi ilə bağlı əsərlərə müntəzəm müraciət edən kollektivimiz tanınmış qələm ustası Ramiz Duyğunun "Xarı bülbül"əsərini bir neçə il öncə dərnək səviyyəsində səhnələşdirmişdi. Bu il onun quruluşuna yeni çalarlar verməklə, yeni ifaçıların təqdimatında nümayiş etdirdik.

Bu tamaşa tariximizin qanlı, həm də rəşadətli səhifələrindən birinin bədii təcəssümüdür. Burada ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlıq yolundan bəhs olunur və yaddaqalan obrazlar tamaşaçıda artıq bizdən getdikcə uzaqlaşan həmin təqvimin bədii panoramını yaradır.

Düşünürəm ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyələndirilməsində, mənəvi dəyərlərimizin yeni nəslə ötürülməsində tamaşanın böyük rolu vardır.

Rayon Mərkəzi Kitbaxanasında 20 Yanvar faciəsinin 27-cı ildönümünə həsr olunmuş "Qan yaddaşımıza yazılan tarix" başlığı altında anım günü keçirilmişdir.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sukutla yad edilmişdir.

Mərasimi açan müəssisənin direktoru Zahir Mustafayev bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Ona görə də bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Tədbir iştirakçıları "Torpaq, uğrunda ölən varsa, vətəndir" başlıqlı geniş və əhatəli sərgi ilə taniş olmuşlar.

Tədbirdə 4 saylı orta məktəbin   müəllim və şagirdlərinin , kitabxananın fəal oxucularının iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Yanvarın 19-da Qusar Peşə Liseyi üzrə 1-ci dərslər 20 Yanvar faciəsinə həsr edilmiş, bundan əlavə faciəni özündə əks etdirən toplantı və mühazirələr keçirilmiş, xüsusi divar qəzeti hazırlanmış, stendlər və guşələr yaradılmışdır.

Vətənpərvərlik mövzusunda keçirilən ədəbi-bədii kompozisiyanın nümayişindən qabaq 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən liseyin direktoru İmaməddin Zəkiyev bildirib ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Müəllimlərdən Zeynəb Mirzağayeva, Samirə Qardaşova və Umli Dadaşbalayeva çıxışlarında faciənin baş vermə səbəbləri və nəticəsi haqqında ətraflı məlumat verməklə bərabər xalqımıza və dövlətimizə qarşı belə amansızlığın, terror aktının olmamasını və yeni Şəhidlər xiyabanlarının yaranmamasını arzulamışlar.

Şagirdlərin nümayiş etdirdikləri ədəbi-bədii kompozisiya şəhidlərin şəkilləri önünə qərənfillərin düzülməsi ilə başa çatmışdır.