Qəzet haqqında

1932-ci ildə Hil rayon partiya təşkilatı və icraiyyə komitəsinin orqanı kimi ləzgi dilində işıq üzü görən “Sosyalizm tempi” qəzeti nəinki Qusar rayonunun, habelə Azərbaycanda yaşayan bütün ləzgilərin mədəni həyatında əlamətdar hadisə olub.

Dövr, siyasi quruluşlar, adlar və redaktorlar dəyişsə də, rayon qəzeti həyatın nəbzini tutmaqla zamanın xronikasını yaratmağa, camaatın savadlanmasına, maariflənməsinə yardımçı olmağa çalışıb.

 

İlk redaktoru el ağsaqqalı Nurəddin Şərifov olan “Sos.temp”in səhifələri yerli şairlərin, yazarların, incəsənət ustalarının üzünə həmişə açıq olub. Sonradan məşhurlaşan neçə-neçə qələm sahibinin və alimin ilk yazıları, bitib-tükənməz xalq yarapdıcılığı nümunələri bu qəzetin səhifələrində dərc edilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra fəaliyyətində ciddi dönüş yaradan “Qusar” demokratiya və söz azadlığının imkanlarından bəhrələnməklə rayonda, ölkədə və dünyada baş verən yeniliklər barədə oxuculara doğru-dürüst məlumat verməyə, bununla yanaşı dövlətçilik prinsipinə daim sadiq qalmağa çalışmışdır.

“Qusar” respublikanın rayon qəzetləri sırasında birinci olaraq yeni-kompüterdə hazırlanma və ofset çap üsuluna keçmiş, tərtibatını təkmilləşdirmiş, öz kompüter mərkəzini yaratmışdır. Məhz buna görə ən çətin anlarda belə fəaliyyətini davam etdirmiş, kiçik bir kollektivin zəhməti ilə oxuculara fasiləsiz olaraq maraqlı saylar təqdim edilmişdir.

Kollektivin və onun baş redaktorunun xidmətləri 2000-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin diplomlarına layiq görülmüşdür.

Ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə 1977-ci ildən bu qəzetdə çalışan, indi onun redaktoru olan Vidadi Sezixanova 2010-cu ildə «Əməkdar jurnalist» fəxri adı verilmişdir.

Bölgədə mətbəənin yoxluğu ucbatından Bakıda 1250 nüsxəlik tirajla ayda iki dəfə, iri formatda, rəngli çap olunan qəzet yeniləşməklə bərabər özünəməxsus ənənələri davam etdirir, iki dildə- azərbaycanca və ləzgicə materiallar verir.