21 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Veteran ordumuzdan zəfər gözləyir

Tarixin ən ağır, ən faciəvi və genişmiqyaslı müharibələri sırasında "liderlik" edən Böyük Vətən müharibəsi Azərbaycanımızın, doğma Qusarımızın hər evinə, ailəsinə mərhumiyyət, acı, itki gətirdi.

Faşizm taunu ilə ölüm-dirim savaşına gedənlərin çoxu elə səngərlərdə qaldı. Qələbə sorağını gətirənlərin əksəriyyti də artıq haqq dünyasına qovuşub. Amma Urvada yaşayan Məmmədrəsul babanı bu kəndin mogikanlarının sonuncusu adlandırmaq olar.

On yeddi yaşı yenicə tamam olmuş Məmmədrəsul Pirquliyev də elə ilk çağırışda -1942-ci ilin aprelində çoban çomağını, təsərrüfatda işlətdiyi yabanı, beli Vətənin müdafiəsi naminə silahla əvəz etmək məcburiyyətində qaldı.

Şimali Qafqazın Orcenikidze şəhərində ehtiyat hissələrinin birində döyüş hazırlığı keçənlərin sırasında ilk vaxtlar çox əziyyət çəkməli olan gənc döyüşçü-indi 92 yaşlı veteran ağrılı-acılı günləri dərindən bir ah çəkərək belə xatırlayır:

-Ən böyük çətinliklərimiz-rus dilini bilməməyimiz, heç vaxt yemədiyimiz donuz əti, bir də heç vaxt əimizə götürmədiyimiz silahlar idi. Amma hər vəziyyətin bir çıxış yolu da var axı...

Çörəyi nəinki torpaqdan, hətta daşdan çıxarmağa öyrəşmiş, çətinlikləri keçməyə vərdiş etmiş gənc kəndli balasının xain, təcavüzkar düşmənə sonsuz nifrəti, bitib-tükənməyən vətənpərvərlik duyğuları onu mətin, dözümlü döyüşçüyə çevirdi.

Bir neçə döyüş əməliyyatında cəsurluq göstərən gənc əsgər iki ildən sonra ağır yaralanaraq hospitala düşdü. Əvvəl Kamskidə, sonra Saratovda müalicə aldıqdan sonra həkim komissiyası qəti qərarını verdi: ön cəbhə üçün yararsızdır!

Məmmədrəsul kişi ehtiyata buraxıldı-arxa cəbhəyə qayıtmalı oldu. Bir ildən sonra düşmən məğlub edildi. Şairin dediyi kimi:

... Yazılsın tarixə bir qızıl xətlə,

Qırx beşinci ilin doqquz may günü!

Ömrünün ən yaxşı çağlarını əməyə, zəhmətə sərf edən Məmmədrəsul Pirquliyev bu il 72-ci Qələbə bayramını qeyd edir. Özünün də, itirdiyi döyüş dostlarının da əvəzinə. O, Vətən üçün vuruşduğu, Qələbənin qazanılmasına azca olsa da pay qatdığı ilə qürur duyur.

Veteran erməni təcavüzünü də faşizm ilə eyni hesab edir, daşnakların da tezliklə torpaqlarımızdan qovulacaqlarına ürəkdən inanır. Doğma Azərbaycanımızın şanlı ordusundan qələbə gözləyən Məmmədrəsul babanın arzusunun həyata keçəcəyi gün isə yəqin yaxındadır. Çünki bu qələbənin xoş müjdəsini artıq 2016-nın tarixə qürurla yazılmış Aprel döyüşlərində almışıq.

                             Cavid TAHİROV