25 | 04 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Onun qısa, mənalı və şərəfli ömür yolu nümunədir

Aprel döyüşlərinin şəhidi Əmiraslan Xeyirbəyovun il mərasimi

Ötən ilin aprel döyüşlərində şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi respublikamızın bütün bölgələrində keçirilən anım mərasimləri ilə yad edildi.

Aprelin 9-da bu döyüşlərin şəhidi, Tərtərin Seysulan kəndi istiqamətində gedən ağır vuruşmada böyük şücaət göstərərək qəhrəmanlıqla həlak olan 20 yaşlı əsgər Əmiraslan Xəlil oğlu Xeyirbəyovun xatirəsi anılıb.

Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı Cağarqışlaq kəndində təşkil olunub.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar Rayon şöbəsinin əməkdaşları, idarə-müəssisə rəhbərləri, müəllimlər, məktəblilər, ictimai təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbirdə Vətənimizin müstəqilliyi və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan mühüm qələbənin əhəmiyyətindən danışılıb.

Əmiraslan Xəlil oğlu Xeyirbəyov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.

Şəhidin məzarı ziyarət edilib, önunə əklillər, gül dəstələri qoyulub. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Canəli Hörmətov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Əmiraslan Xəlil oğlu Xeyirbəyovun əziz xatirəsi də daim qəlbimizdə yaşayacaqdır.

Sonra şəhidin evində ehsan süfrəsi açılıb. QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Mustafa Kazdal” dini icmasının sədri Fəryəddin Rəhimxanov mərasim iştirakçıları qarşısında çıxış edərək dedi ki, şəhidlik yüksək bir mərtəbədir. Şəhidlik müsəlmanın ölümü ilə ibadət etməsidir. Şəhidlik əsasən cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur. Sevimli Peyğəmbərimiz Məhəmməd əleyhissalam (s.) buyurub ki, "Vətəninizi sevin, onu qoruyun, uğrunda vuruşun, şəhid olun".

Həyat rəhbərimiz Qurani Kərimin “Bəqərə” surəsinin 154-cü ayəsində buyurulur: "Şəhid olanlara "ölü" deməyin. Əksinə onlar Allah (c.c.) dərgahında diridirlər, lakin siz bunu dərk etmirsiniz".

İcmanın sədri şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmağın, onları gəncliyə nümunə göstərməyin hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Şəhidin valideynləri ilə görüşən Qusar Rayon İcra Hakimiyyəti başçısı birinci müavini Şahid Fərəməzov başsağlığı vermiş, ailənin dolanacağı, qayğıları ilə maraqlanmışdır.