25 | 04 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Yeni Çingizlər doğulacaq, xalqımız öz igid oğulları ilə həmişə fəxr edəcək

Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi, "Çingiz dastanı" kitabının təqdimatı keçirildi.

Mərasimdə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti, Milli Məclisin deputatları, dövlət və ictimai təşkilatların, rayon ictimaiyyətnin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin avbidəsi ziyarət olunmuş, önünə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra Qusarın Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, o cümlədən Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla anılmışdır.

Qusar Rayon Mərkəzi Kitabxanasının önündə təşkil olunan mərasimdə Müdafiə Nazirliyinin nəşr etdirdiyi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin "Çingiz dastanı" kitabının təqdimatı oldu.

Mərasimdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov vurğuladı ki, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir, ailəsi isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələyə xüsusi önəm verir.

Belə şəhidlərdən biri də Qusar rayonunun Həzrə kəndindən həqiqi hərbi xidmətə çağırılmış, 29 dekabr 2016-cı ildə sərhəddə düşmən təxribatının qarşısını alarkən qəhrəmanlıqla həlak olmuş Çingiz Salman oğlu Qurbanovdur.

     Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

İcra başçısı belə bir kitabın qısa müddətdə hazırlanıb çapdan çıxmasını şəhid qəhrəmanımızın xatirəsinə ehtiramın nümunəsi kimi dəyərləndirdi:-"Çingiz Dastanı" kitabında 22 yaşlı qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan ətraflı bəhs edilir. İnanırıq ki, bu kitabın əsgərlərimizin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəlməsində, gənclərin qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsində mühüm rolu olacaq.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxışında bildirdi ki, Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur: -Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Bu, onun ailə tərbiyəsindən, Vətənə, doğulub boya-başa çatdığı torpağa hədsiz sevgisindən irəli gəlir. O, düşmənlə üz-üz qalaraq qeyri-bərabər döyüşdə Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdi. Çingiz geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, böyük diversant qrupu ilə təkbaşına qalmışdı. Amma son nəfəsinə qədər vuruşdu, şəhidlik zirvəsinə ucaldı.

İnanıram ki, Çingiz Qurbanovun xatirəsi, qəhrəmanlığı əsrlər boyu yaşayacaq, yeni Çingizlər doğulacaq və xalqımız gələcəkdə də öz igid oğulları ilə fəxr edəcək.

Milli Qəhrəmanın atası Salman Qurbanov oğluna, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə verilən yüksək qiymət, onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Kitabın ilk nüsxəsi Milli Qəhrəmanın atasına təqdim olundu.

Bundan əlavə rayonun bütün orta məktəblərinə və kənd kitabxanalarına "Çingiz dastanı" kitabının nüsxələri hədiyyə edildi.

Təqdimatdan sonra rayon ictimaiyyəti nümayəndələrinin və hərbçilərin iştirakı ilə Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi keçirildi.                   

     “Qusar”