22 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Yaradan, yaşadan teatr

Qusar Dövlət Ləzgi Dram Teatrının yaranmasının 25 illiyi tənətənə ilə qeyd olundu.

Yubiley tədbirində respublikanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, elm və incəsənət xadimləri, teatrsevərlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İyunun 30-da keçirilən yubiley mərasiminin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

General Mahmud Əbilov adına meydanda multikulturalizmi təbliğ edən ləzgi folklor nümunələri təqdim olunub.

Mərasimə qatılanlar Qusar Mədəniyyət Mərkəzində yerli əhalinin tarixi yaşam tərzini, xalq yaradıcılığını, folklorunu, sənətkarlığını əks etdirən maraqlı sərgini izləmək imkanı da qazanıblar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivini yubiley münasibətilə təbrik edərək, rayon sənətçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir bildirib ki, Qusar Azərbaycanın turizm potensialına görə öndə gedən rayonlarından biridir. Son illər ölkəmizə gələn turistlərin sayının xeyli artmasında bu rayonun ərazisində fəaliyyət göstərən Şahdağ Turizm Mərkəzinin sanballı payı vardır. Turistlərin daha çox ziyarət etdiyi regionlarda turizm obyektləri ilə paralel olaraq mədəniyyət ocaqlarının, o cümlədən muzeylərin, teatrların fəaliyyəti də yüksək səviyyədə təşkil olunmalıdır.

Əbülfəs Qarayev qeyd edib ki, 25 il əvvəl Qusarda yaradılan bölgə teatrı regionda teatr sənətinin inkişafına öz töhfələrini verib. Son illərdə maddi-texniki bazanın möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə bir sıra nailiyyət qazınıb, klassik və müasir dramaturqlarımızın əsərlərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edir.

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Qusar Dövlət Ləzgi Dram Teatrının rayonun mədəni mühitinin formalaşmasında, teatr sənətinin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Çıxışlardan sonra teatrın kollektivi fəxri fərmanla, aktyorlar Həsrət Nəsrullayev, Kifayət Yusifova və Yalçın Qaraxanov isə "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunublar.

Rəsmi hissədən sonra tamaşaçılar müxtəlif kompozisiyaları izləmiş, Üzeyir Hacıbəyovun məşhur "O olmasın, bu olsun" (Məşədi İbad) komediyasına ləzgicə tamaşa ediblər.

Mərasimdə Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Dövlət Rus Dram və Azərbaycan Dövlət Kukla Teatrının rəsmiləri qusarlı həmkarlarını təbrik ediblər.

Mərasimdə Qusar Dövlət Ləzgi Dram Teatrının yubiley münasibətilə hazırladığı "Yaradan, yaşadan teatr" adlı kompozisiya təqdim olunub.

Kompozisiya müxtəlif tamaşalardan hissələr, milli rəqslər, həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlərdən ibarət olub. Maraqla qarşılanan səhnə əsərinin quruluşçu rejissorları Laləzar Hüseynova və Bağır Əhmədovdur. Musiqi tərtibatı isə Faiq Qardaşova məxsusdur. Yetmiş nəfərə yaxın heyətin yer aldığı bir saatlıq tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.

Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov bildirib ki, son illər teatrın inkişafında əsaslı və köklü dəyişikliklər baş verib. Tamaşaların bədii tərtibatı, məzmunu, rejissor işi, aktyor oyununun təkmilləşdirilməsi nəticəsində tamaşaçıların teatra olan marağı daha da artıb. Diqqətə çatdırılıb ki, teatr fəaliyyətdə olduğu bu 25 ildə 110-a yaxın səhnə əsərini tamaşaçılara təqdim edib.