21 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Kamal Abdullayev: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi “Multikulturalizm İli”nin məntiqi davamıdır.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Multikulturalizm İli"nin yekunları və 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması ilə bağlı mətbuat konfransı keçirib.

Kamal Abdullayev "Multikulturalizm İli" çərçivəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışaraq qeyd etdi ki, ən böyük layihə bütün Azərbaycan cəmiyyətinin, dövlət qurumlarının bir istiqamətdə, bir ahəngdə "Multikulturalizm İli"ni uğurla başa vurmasıdır.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlərə istinad edən Dövlət müşaviri bildirdi ki, dünyada gedən proseslərə, bir çox kataklizmlərə, müxtəlif ölkələrdə baş verən fəlakətlərə baxmayaraq, Azərbaycan bütün bunlardan həm iqtisadi müstəvidə, həm mədəni-mənəvi müstəvidə ləyaqətlə keçə və öz varlığını, möhtəşəm tarixini bir daha ortaya qoya bilib. "Bunun üçün bizə cənab Prezidentin qarşımıza qoyduğu dəqiq hədəflər kömək etdi. O hədəflərə doğru irəlilədikcə xüsusən də xarici ölkələrdə heç bir çətinlik çəkmədən Azərbaycan həqiqətləri, multikulturalizmi ilə, o cümlədən tarixən Azərbaycanda başqa konfessiyalara, başqa millətlərə olan münasibətlə bağlı son dərəcə münbit əhvali-ruhiyyə ilə qarşılaşırdıq. Bunun da səbəbi odur ki, Azərbaycan Prezidenti dünyanın ictimai-siyasi proseslərində öz titanik fəaliyyəti ilə bunun əsasını qoyub. Eyni zamanda, qeyd etmək lazımdır ki, bizim xarici həmkarlarımızla danışıqlarımızın müsbət nəticəsini Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın gördüyü işlər də son dərəcə asanlaşdırırdı", - deyə Kamal Abdullayev əlavə edib.

Azərbaycan multikulturalizminin, həmçinin dünya mədəniyyətinə, bəşəri dəyərlərə də münasibətini həyata keçirməklə öz missiyasını yerinə yetirdiyini qeyd edən Dövlət müşaviri deyib: "2016-cı il başa çatdı. "Multikulturalizm İli" təqvim ili olaraq əbədiyyətə qovuşdu. Yeni illər, yeni əsrlər gələcək, lakin Azərbaycan xalqının canındakı, qanındakı multikultural əhval, başqasına mərhəmət, şəfqət, başqasına acımaq, özünə rəva bildiyini başqasına rəva bilmək hissləri onun əbədi dəyərlər silsiləsinə daxil olan bir həyat tərzi kimi bütün dünyanın yenə də diqqət mərkəzində olacaq. Azərbaycanda multikulturalizmin təntənəsi bizə bunu deməyə hər cür əsas verir".

Kamal Abdullayev bildirib ki, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsini "Multikulturalizm İli"nin məntiqi davamı hesab etmək olar. "İslam həmrəyliyi deyəndə biz Prezident İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərə almalıyıq. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır",-deyə Dövlət müşaviri əlavə edib.

"İslam Həmrəyliyi İli" ilə bağlı 2017-ci ildə həyata keçiriləcək tədbirlərdən danışan Kamal Abdullayev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən il ərzində müxtəlif konfranslar, seminarlar, "dəyirmi masa"lar keçiriləcək, kitablar nəşr olunacaq, məqalələr yazılacaq.

Dövlət müşaviri qeyd edib ki, "İslam Həmrəyliyi İli" də "Multikulturalizm İli"dəki siyasi-metodoloji addımların məntiqli və son dərəcə vacib davamı kimi özünü göstərəcək. Azərbaycan xalqının canında, qanında olan multikultural əhvali-ruhiyyəni təqvim ili ilə məhdudlaşdırmaq mümkün deyil. Xalqın canında olan multikultural enerji digər illərə də keçəcək. "Multikulturalizm İli"ndə həyata keçirilən bütün tədbirlər bir daha göstərdi ki, Azərbaycan xalqı, cəmiyyəti bütövlükdə bu multikultural əhvalın dünyaya bəyan edilməsinə hazırdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti