15 | 12 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Layihədən 3 min nəfər yararlanacaq

Hil kəndində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə   “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində reallaşan yeni su təchizatı sistemi istifadəyə verildi.

Bu, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə rayonumuzda həyata keçirilən dördüncü layihədir. Bundan qabaq Qusar şəhərində 5 saylı məktəbin yenidən tikintisi (2003-78,3 min ABŞ dolları), Piral kəndində su təchizatı sisteminin təkmilləşdirilməsi (2009-89 min ABŞ dolları), Yasab kəndində su təchizatı sisteminin təkmilləşdirilməsi (2014-103 min ABŞ dolları) layihələri icra olunmuşdur.

"Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqrami" bələdiyyələr, tibb institutları və QHT-lərin vətəndaşların yaşayış standartlarının yaxşılaşdırılmasına xidmət edən layihələrini dəstəkləyir. “Qusar rayonunun Hil kəndində su təchizatı sisteminin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsi bu il martın 2-də imzalanmışdı.

Avqustun 8-də “gündoğar ölkənin” maliyyə yardımı ilə bu proqram çərçivəsində reallaşan növbəti layihənin başa çatması münasibətilə açılış mərasimi keçirilmişdir.

Mərasimi açan "Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi" İctimai Birliyinin icraçı direktoru Rasim Allazov əsas məqsədin bu kənddə su təminatının daha da yaxşılaşdırılması olan layihənin icrası barəsində məlumat vermişdir. O bildirmişdir ki, layihə çərçivəsində 7,7 kilometr su borusu, su anbarı, 72 ton həcmində rezervuar və 2 su bulağından ibarət olan yeni su təchizatı sistemi tikilmişdir və bu yerli sakinlərin su ehtiyacını ödəmək üçün imkan yaratmışdır. Bu layihədən 3.000 yerli sakinin faydalanacağı gözlənilir. Layihənin ümumi məbləği 83,320 ABŞ dolları təşkil edir.

Yaponiya hökumətinə, xalqına minnətdarlığını bildirən Qusar RİH-nin başçısı Şair Alxasov bir müddət öncə “gündoğar ölkə”də işgüzar səfərdə olduğunu, yapon xalqının iqtisadi, sosial sahələrdə həyata keçirdiyi layihələrə heyran qaldığını vurğuladı. Yapon xalqının dünya iqtisadiyyatına, elminə, mədəniyyətinə töhfələr verdiyini, özü böyük təbii fəlakətlə qarşılaşdığı halda planetimizin ekoloji problemlərinin həllinə, yenicə müstəqillik əldə etmiş ölkələrin enerji, su təchizatı və kənd təsərrüfatının inkişafına dəstək göstərdiyini söylədi.

Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori diplomatik missiyasını Azərbaycan kimi qonaqpərvər bir ölkədə həyata keçirməyindən, eləcə də Qusarda mehribanlıqla qarşılanmağından məmnunluğunu ifadə etdi. Hilliləri əlamətdar gün münasibətilə təbrik edən səfir bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü ili olduğunu diqqətə çatdırdı. “Cündoğar ölkə”nin elçisi bununla belə Yaponiya ilə Azərbaycan xalqları arasında iqtisadi, mədəni, ticarət əlaqələrinin 1500 il tarixi olduğunu bildirdi. Şərqdə Böyük ipək yolunun başlanğıcında öz ölkəsinin, 8 min kilometr uzaqlıqda isə Azərbaycanın yerləşdiyini söyləyən səfir, gələcəkdə bu əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu dilə gətirdi.

Milli Məclisin deputatı Azər Badamov çıxışında qeyd etdi ki, yoxsulluğun azaldılmasına, sosial müdafiəyə, infrastrukturun genişləndirilməsinə, gəlirlərin yüksəldilməsinə hesablanan bu layihələr son nəticədə Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasına xidmət göstərir. Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım geniş sahələri əhatə etməklə artıq 1,1 milyard ABŞ dollarını keçmişdir və Yaponiya hökumətinin belə xeyirxah layihələri Yaponiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır.

Kənd ziyalısı Bəglər Ələsgərov sirlər ölkəsi Yaponiyaya, unikal, işgüzar, özünəməxsus yaşam tərzi, böyük mədəniyyəti, qəhrəmanlıq tarixi olan yapon xalqına ölkəmizdə həmişə böyük ehtiram və rəğbət bəsləndiyini söylədi. Xirosimaya və Naqasakiyə atom bombalarının atıldığı 6 və 9 avqustun yapon xalqı üçün böyük matəm günləri olmasına baxmayaraq cənab səfirin belə bir mərasimdə şəxsən iştirakını yüksək dəyərləndirən kənd ziyalıları ona hillilərin dərin razılığını bildirdi.

Qusar RİH-nin başçısı Şair Alxasov və Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori yeni bulağın açılışını bildirən qırmızı lenti kəsmiş, təmiz bulaq suyunu dadmışlar.