15 | 12 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Vəfadar Babaverdiyev: “O dəqiqələr ömrümün ən xoş anları idi.”

Vəfadar Qusar şəhər 1 saylı orta məktəbini gümüş medalla bitirsə də, "Öncə Vətən!" düşüncəsi ilə könüllü olaraq Milli Ordumuzun sıralarında xidmətə yollandı. Xüsusi təyinatlı 777 saylı hərbi hissənin tərkibində qısamüddətli təlimlərdən sonra Ağdam-Tərtər istiqamətində döyüşlərə qoşuldu. Düşmənin hücumlarına layiqli cavab verilirdi. Növbəti döyuşlərin birində-1994-cü il aprelin 26-da həmyerlimiz başının ön alın nahiyəsindən və sağ əlinin pəncəsindən qəlpə yaraları aldı. Amma o, hospitalda çox davam gətirmədi, qısamüddətli müalicədən sonra yenidən döyüş səngərlərinə qayıtdı.

1994-cü il mayın 12-də "atəşkəs" elan olunsa da, düşmən buna məhəl qoymurdu. Üstəlik daxili təxribatçı qüvvələr, hakimiyyəti ələ keçirmək uğrunda pozuculuq edənlər də fəallaşmışdılar.

Vəfadar Babaverdiyevin daxil olduğu xüsusi təyinatlılar bölüyü Gəncədə baş verən hadisələrin qarşısının alınması üçün 1994-cü ilin oktyabrında oraya göndərildi. Surət Hüseynovun dəstəsi qısa zamanda zərərsizləşdirildi.

Gəncədəki vəziyyət yoluna qoyulduqdan sonra Bakıda Rövşən Cavadovun dəstəsi baş qaldırmışdı. Dəstənin üzvləri silahı yerə qoymaq, təslim olmaq çağırışına məhəl qoymadan öz niyyətlərini həyata keçirmək istəyirdilər. Dövlətçiliyimiz, konstitusiya quruluşumuz təhlükədə idi.

Tərkibində Vəfadar Babaverdiyevin də olduğu xüsusi təyinatlılar dəstəsinin hazırladığı operativ plan əsasında bu dəfə də təhlükənin qarşısı alındı, qiyam yatırıldı.

Təxribatların qarşısının alınmasında fərqlənən döyüşçülərin bir qrupu ölkə başçısı tərəfindən mükafatlandırıldı. O cümlədən dövlət quruluşunun müdafiəsində xüsusi xidmətlərinə, öz əsgəri borcunu şərəflə yerinə yetirdiyinə görə çavuş Vəfadar Ramazan oğlu Babaverdiyev də "Azərbaycan bayrağı" ordeninə layiq görüldü.

-O vaxtdan 22 il ötsə də, ulu öndərimizin əlindən yüksək mükafatı aldığım anı yaxşı xatırlayıram,-deyir həmsöhbətim, Qarabağ döyüşlərinin II qrup əlili, "Azərbaycan bayrağı" ordenli Vəfadar Ramazan oğlu Babaverdiyev- Həmin dəqiqələr ömrümün ən xoş, yaddaqalan anları idi. Təltif zamanı qısa çıxışımda o dahi insana minnətdarlığımı bildirməklə, Ali Baş komandanın əmrini yerinə yetirməyə hər an hazır olduğumu söylədim. Həmişə, xüsusən də o böyük insanın cismən bizdən ayrıldığı dekabr ayında həmin görüşü xatırlayır, onun əlini sıxmaqla yüksək mükafatı almaq səadətinə qovuşduğum üçün özümü xoşbəxt sayıram.

Vəfadar 1994-1998-ci illəri əhatə edən 4 illik hərbi xidmət dövrünü başa çatdırdıqdan sonra Bakı İqtisad Universitetinə qəbul olundu. Universiteti idarəetmə ixtisası üzrə müvəffəqiyyətlə bitirən həmyerlimiz hazırda ixtisası üzrə çalışır, rayonun ictimai həyatında fəal iştirak etməklə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması yönündə səylərini əsirgəmir. Onun mənalı həyat, “Təki Vətən yaşasın” düşüncəsi ilə təhsilə gedən rəşadətli döyüş yolu indiki gəncələrimizə yaxşı örnəkdir.                        

Vidadi