21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Elmin və elin bayramına çevrilen yubiley

Oktyabrın 21-də Qusar rayon ziyalılarının və elm adamlarının təşəbbüsü, rayon icra hakimiyyətinin təşkilatçılığı və bir sıra iş adamlarının dəstəyi ilə görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Kərim Abdulxaliq oğlu Kərimovun 100 illik yubileyi ilə bağlı mərhum professorun doğma kəndi Hildə, burada onun adını daşıyan orta məktəbdə tədbir keçirilmişdir.

Tədbirdən əvvəl ziyalılar ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış heykəli önünə gül dəstələri qoymuşlar.

Sonra şəhər qəbristanlığında alimin məzarı ziyarət edilmiş, üstünə çiçəklər düzülmş, ruhuna dualar oxunmaqla unudulmaz xatirəsi anılmışdır.

Hil kəndində, alimin adını daşıyan yeni məktəbin iclas salonunda keçirilən təntənəli yığıncaqda rayon ictimaiyyətinin nümayəndələri, Hil kəndinin sakinləri ilə yanaşı, Bakıdan gəlmiş görkəmli ziyalılar, elm xadimləri, Kərim müəllimin həmkarları və yetirmələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev demişdir: -Bu gün biz haqlı olaraq Qusarla fəxr edə bilərik. Çünki Qusar nəinki Azərbaycanda, hətta bütün dünyada alimlər yurdu kimi ad qazanıb. Hələ orta əsrlərdə bu bölgədən çıxan alimlər ərəb ölkələrində, Türkiyədə və İranda tanınmışlar. Son illər qusarlı alimlərin sorağı Amerikadan, Fransadan, İngiltərədən, İspaniyadan, Yaponiyadan, Çindən və başqa ölkələrdən gəlir.

Təkcə son 50 il ərzində Qusardan 150-dən çox elmlər doktoru və 500-ə yaxın elmlər namizədi çıxmışdır. 20-dən çox alim dünyanın ayrı-ayrı elmlər akademiyalarının üzvləridir.

Daha sonra natiq tədbir iştirakçılarını salamlayıb elmin və elin bayramına çevrilmiş Kərim Kərimovun 100 illik yubileyi münasibətilə hamını təbrik etmiş, yubilyarın elmi fəaliyyəti, qazandığı böyük elmı uğurlar haqqında məlumat vermişdir.

Texnika elmləri doktoru, əməkdar elm xadimi Kamal Abdullayev, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü professor Kamil Aydazadə, Milli Məclisin deputatı Azər Badamov, fizika-riyaziyyat elmləri doktoru Əkbər Əliyev, "Samur" qəzetinin redaktoru, yazıçı-jurnalist Sədaqət Kərimova, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Hacıyev, fizika-riyaziyyat elmləri namizədi Ramiz Yüzbəyov başqaları çıxış edərək böyük alımın Azərbaycan və dünya elminə verdiyi töhfələr, onun insani keyfiyyətləri haqqında danışmışlar.

Atasının yubiley tədbirində iştirak etmək üçün gəlmiş Rauf Kərimov ailəsi, doğmaları adından tədbirin təşkilatçılarına öz dərin minnətdarlığını bildirmişdir.

1936-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olan Kərim Abulxaliq oğlu Kərimov 1941-ci ildə buranı, 1950-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1950-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) Riyaziyyat və Mexanika İnstitutunda elmi işlər aparmaqla bərabər o, Azərbaycan EA-nın aspirantura şöbəsinə rəhbərlik etmişdir. 1959-cu ildən başlayaraq professor Kərim Kərimov Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Dinamik möhkəmlik" laboratoriyasına başçılıq etmişdir.

Laboratoriya materialların dinamik xassələrinin tədqiqi və tədqiqatlar üçün nəzəri əsaslar verilməsi ilə məşğul olan alimin təşəbbüsü, bilavasitə zəhməti ilə eksperimental baza-mexaniki laboratoriya yaradılmışdır. Burada materilların dinamik xassələrinin tədqiqi akademik X.A.Rahmatulinin və proffessor K.A.Kərimovun elastik-plastik dalğalar nəzəriyyəsi əsasında aparılmışdır.

Professor Kərim Kərimov tərəfindən işlənmiş ən müasir texnika ilə əlaqədar xüsusi təyinatlı elmi tədqiqatlar bütün dünya riyaziyyatçilarına məlumdur. 1973-cü ildən başlayaraq professor Kərim Kərimov Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Tətbiqi və hesablama riyaziyyatı" kafedrasının yaradıcısı və rəhbəri olmuşdur. Professor Kərim Kərimov 100-dən artıq elmi əsərin müəllifidir. Onun yetişdirmələrinin 40 nəfəri elmlər namizədi, 8 nəfəri isə elmlər doktoru adına layiq görülmüşdür.

Böyük alim Kərim Kərimov 1987-ci ildə vəfat etmişdir.