19 | 10 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Kişi kimi yaşadı, haqq dünyasına mərdliklə qovuşdu

Dağların nəhəngliyinə, ucalığına, hətta sərtliyinə valeh olub insanlar. Əsrlər boyu ətəklərində mal-qara otarıblar, daşlarının arasından qaynayıb çıxan bulaqların saf suyunu içiblər, yamaclarındakı kəklikotunu, bağayarpağını, dəvətikanını dərman ediblər, bir qayasına sığınmaqla yüz düşmənin dağlara yolunu kəsiblər...

Dağlar isə onu özlərinə arxa, dayaq bilən, məğrurluğunu, vüqarını nəğmə və bayatılarda vəsf edən insanları həmişə sərt sınaqlara çəkib. Bəlkə də bərkitmək, mübarizləşdirmək üçün. Dağ insanlarının sel və daşqınla, uçqun və sürüşmələrlə mübarizədə mətinləşən xarakterlərindəki qürurluluq, mərdlik, qorxmazlıq nəsillərdən nəsillərə ötürülüb.

Kuzunda, Ləzədə, Sudurda... nəsil şəcərələrinə diqqət yetiriləndə"... filan vaxtı qayaaşağı düşmüşdü, arabası dərəyə aşmışdı, atdan yıxılaraq canını tapşırmışdı, sel aparmışdı, ayı basmışdı..." kimi xatırlanan, dağlılar tərəfindən təbii qəbul olunan ölümlərlə bağlı çoxlu xatirələrlə rastlaşarıq.

Dağ kəndlərinə rahat, hamar yolların çəkildiyi, çaylar üzərində körpülərin salındığı, iri istirahət mərkəzlərinin inşa edildiyi, qonaq-qaralı yollarında müasir nəqliyyatın hərəkət etdiyi indiki günlərdə belə ölümlərin keçmişdə qaldığını, əfsanələrə döndüyünü düşünürdük. Amma yox, dənizlə, səhra ilə, tayqa ilə yerli insanların, dağlarla dağlıların da qəribə birliyi, sevgisi ilə yanaşı, gizli, mübhəm sınaqları davam edirmiş. Ötən payız Kuzunda selin törətdiyi fəsadlar buna sübut deyilmi?..

Dəfələrlə təbiətin sərt sınaqlarından çıxmış, ömrünü insanlara xidmətə, yaxşılığa sərf etmiş qardaşımız Zahidə də tale elə bu kənddə inanılmaz, bənzərsiz, heç hind kinolarında rast gəlinməyən bir ölüm "bəxş etdi".

Ömür-gün yoldaşı, ona dörd övlad bəxş etmiş Nəzifə xanım böyrək çatışmazlığından əziyyət çəkirdi. Bir günorta qəflətən vəziyyəti pisləşəndə onu maşına oturdaraq Ləzədən qonşu Kuzun kəndinə, daim çarə üçün müraciət etdikləri Əbilşah həkimin qəbuluna tələsdilər. Məntəqədə sahə həkiminin Qusara getdiyini eşidib rayon mərkəzinə uz tutdular. Payızda selin uçurduğu körpüyə çatanda həkimin Qusardan qayıdan marşrut avtobusunda olduğunu gördülər. Avtobusu saxlatdıran Zahid, Əbilşah həkimə də onların maşınına əyləşməyi təklif edir. Həkimlə bərabər geriyə, məntəqəyə qayıtmaq üçün maşını arxaya verəndə maşın körpünün kol-kos basmış, uçmuş hissəsindən çaya yuvarlanır. Kişilərin ikisi də avtomobildən çıxmağa nail olsa da, qopmuş arxa şüşədən çaya düşən Nəzifə xanımın gur, iti axan Kuzun çayının ləpələri üstündə üzüaşağı getdiyini görürlər.

Bütün ağrıları yaddan çıxan Zahid özünü mənbəyini dağ buzlaqlarından, bulaqlarından götürmüş, iti axan çaya atır. Həyat yoldaşına çataraq güc-bəla ilə onu sərt qayalıqlı sahilə çıxarmağa nail olsa da, özü çayın yatağındakı iri daşlara, qayalara çırpıldığından qurtula bilmir...

1963-cü ildə Ləzədə dünyaya göz açan Zahid Əzizov uzun illər "Azərittifaq"da- ticarət işində çalışmışdı. 1993-cü ildən bəri isə o, "Azərenerji"də elektrik vəzifəsində işləyirdi. Onun iş yeri Ləzə kəndində idi. Yolların çəkilişində, körpülərin salınmasında, abadlıq-quruculuq işlərində fəal iştirak edir, camaata əlindən gələn köməklikləri əsirgəmirdi.

Onun qəfil, faciəli ölümü təkcə doğmalarını, həmkəndlilərini deyil, iş yoldaşlarını, dostlarını da möhkəm sarsıtdı. Dəfn günü Ləzədə maşın saxlamağa yer tapılmırdı. İnsan seli həmin gün istirahətə yox, qonaqpərvər, əliaçıq, hörmətcil bir dağ adamı ilə vidalaşmağa axışmışdı...

Biz- onun yaxınları və doğmaları onunla təsəlli tapırıq ki, özündən sonra xoş xatirəsi, dörd övladı, beş nəvəsi yadigar qaldı. Kişi kimi yaşadı, haqq dünyasına da mərdliklə qovuşdu.

Allah rəhmət eləsin.       

  Xalid Əzizov