21 | 08 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

O, uçmaq, Vətən səmasında şığımaq üçün doğulmuşdu

Yaşasaydı, indi 60 illik yubileyini ailəsi, yaxınları ilə keçirəcəkdi. Çünki o, təmtərağı, tərifi, şan-şöhrəti xoşlamırdı. Qohumlarının, dostlarının yaddaşlarında o, həddən artıq təvazökar, sakit təbiətli, səbrli insan kimi qalıb. Amma qəhrəmanlığı Fəxrəddini adının və şöhrətinin yüz illər boyu unudulmayacaq bir zirvəyə ucaltdı. Onun hər doğum günü, yubileyi qədirbilən xalqımız, vətənpərvər övladlarımız tərəfindən qeyd olunacaq, qəhrəmanlığı gələcək nəsillər tərəfindən xatırlanacaq.

Fəxrəddin Musa oğlu Musayev 30 iyul 1957-ci ildə valideynlərinin Qusardan köçərək işlədikləri və yaşadıqları Türkmənistanın Bayraməli şəhərində dünyaya göz açmışdır.

O, 1964-cü ildə məktəbə getmiş, 1974-cü ildə orta təhsilini başa vurmuşdur. Həmin il Qorki Politexnik İnstitutunun gəmiçilik fakultəsinə qəbul olunmuşdur. 1975-ci ildə ordu sıralarına çağırılan Fəxrəddin Hərbi xidmətini əvvəlcə Çexoslovakiyadakı Şimal Qoşun Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk şəhərində davam etdirmişdir.

Ordu sıralarından tərxis edildikdən sonra o, Bakı Məişət Kondisionerləri Zavodunda işləmişdir. 1979-cu ildə Sasovski adına Mülki Aviasiya Məktəbinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək təyyarələrin uçuş istismarı ixtisasına yiyələnmişdir. Bakıya qayıdan Fəxrəddin Zabrat-2 Aviasiya İdarəsində öz ixtisası üzrə işə başlamışdır. 1987-ci ildə Kremençuq Hava Uçuş Məktəbində vertolyotun idarə edilməsi ixtisasına yiyələnmişdir. İşləyə-işləyə Leninqrad Hidrometeorologiya İnstitutunun meteorologiya fakultəsinə daxil olmuşdur. Artıq Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq, hərbi-hava qüvvələrində xidmətə başlamışdır.

Fəxrəddin elə ilk günlərdən Qarabağda keçirilən hərbi əməliyyatlarda fəal iştirak edirdi. O, dəfələrlə döyüş bölgələrinə uçuşlar etmiş, erməni yaraqlılarına qarşı mərdliklə döyüşmüşdür. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakıda, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhərində yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur. Qusarın ən izdihamlı mərkəzi küçələrindən biri, Fəxrəddin Musayevin adınadır.

Onun bu qısa, amma mənalı, şücaətlərlə dolu həyat yolu Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilmiş xatirə günündə yada salınmışdır.

Şəhidlik, onun müqəddəsliyi haqqında çıxış edən muzeyin direktoru Xatirə Nağıbəyova xalqımızın öz igid övladları ilə həmişə fəxr etdiyindən danışmış, Fəxrəddin Musayevin indiki gənclərə nümunə olduğunu vurğulamışdır.

Milli Qəhrəman haqqında 15 dəqiqəlik film izlənildikdən sonra muzeyin bələdçisi Afət Nadirova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Canəli Hörmətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar Rayon Şöbəsinin əməkdaşı Emil Hacızadə, yazıçı-şairlər-Hacıbala Qaflanov və Həsən Xasiyev çıxış edərək qəhrəmanların insanlarımızın qəlblərində, analarımızın dualarında, şairlərimizin şeirlərində yaşadıqlarını söyləmişlər.

Fəxrəddin Musayevin doğmaları adından çıxış edən qəhrəmanın dayısı qızı Lyudmila Məmmədova Milli Qəhrəmanın uşaqlığı, gəncliyi ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.  

Muzeyin əməkdaşı Vüsalə Qaraxanovanın "Dualı dillərdə yaşar şəhidlər" adlı şeir kompazisiyası da maraqla qarşılanmışdır.