23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Zəhmətkeş ziyalı

Möhübbət müəllimin 70 illik yubileyi ərəfəsində onun tərcümeyi-halına bir də nəzər yetirdik, yazı masası arxasında, kitablar arasında, orta, orta ixtisas məktəblərində, institut auditoriyalarında keçən ömrünün aylarına, illərinə boylandıq. Tam əminliklə deyə bilərik ki, qazandığı titullara, fəxri adlara, mükafatlara, eləcə də sevgi və məhəbbətə görə rayonumuzda onunla müqayisə edilə biləcək pedaqoqlar azdır.

Kimdir Möhübbət Həsənov? 1947-ci il iyunun 30-da Çiləgir kəndində dünyaya göz açıb. Orta məktəbi, ardınca Bakı Plan-Uçot Texnikumunu bitirib. 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumunu, 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertanturasını bitirmiş, dissertasiya müdafiə edərək pedaqoqikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Baş və ali dərəcəli, metodist müəllim adlarına layiq görülmüşdür.

Bu sadə avtobioqrafik cizgilərin arxasında ancaq yaradıcı insanlara məlum gecəli-gündüzlü zəhmət, axtarışlar, çətinliklər dayanır. Amma əqidə adamı, səbir və təmkin yolçusu, daim axtarışda olan pedaqoq Möhübbət Həsənovun əməyi həmişə layiqincə qiymətləndirilib. O, respublikanın “Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Qabaqcıl təhsil işçisi”, 2008-2013 illərdə respublika üzrə "İlin ən yaxşı müəllimi" adlarını qazanmış, ölkə başçısının sərəncamları ilə on min manat pul mükafatına, respublikanın "Əməkdar müəllimi" (2005-ci il) fəxri adına layiq bilinmişdir. Hələ bir çox nazirlik, komitə və təşkilatlar tərəfindən mükafatlandırıldığı çoxsaylı hədiyyə, fəxri fərman və diplomları demirik.

Möhübbət müəllim müxtəlif qəzet, jurnal və toplularda dərc olunmuş 150-dən çox elmi məqalənin, texnikum və kolleclər üçün proqramların, metodik kitabların müəllifidir. Çiləgir kənd orta məktəbində, Azərbaycan Dövlət Pedaqoji Kollecin Qusar Şöbəsində, Sənaye Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında müəllimlik etdiyi illərdə peşəkarlığı, nəcibliyi, xeyirxahlığı ilə tanınıb, hörmət, nüfuz sahibi olub.

O, indi də rayonun müxtəlif məktəblərində çalışan yetirmələri ilə daim ünsiyyət saxlayır, onların uğurlarına sevinir, yeri gələndə məsləhət və köməyini əsirgəmir. Odur ki, onu sevir və hörmət edirlər.

Hörmətli pedaqoq alimi ömrünün əlamətdar dönəmi-70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona şəxsi həyatında səadət, xoş əhval-ruhiyyə, möhkəm cansağlığı arzulayırıq.

Qohumları, yaxınları, dostları