21 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Bizim Səfər müəllim

Həmkarları Əməkdar müəllim, tar ifaçısı Səfər Səfərovun 60 illik yubileyini belə təbrik etdilər.

Onun haqqında "qocaman" ifadəsini işlətmək hələ tezdir. Amma 16 yaşında müəllimliyə başlayan, 34 yaşında "Əməkdar müəllim" fəxri adına layiq görülən, ömrünün 44 ilini sevimli peşəsinə həsr edərək saç ağardan bir pedaqoqa bu bənzətmə həqiqətən də çox yaraşır.

O illər övladını açılışının hələ 10 ili tamam olmamış musiqi məktəbinə qoymaq hər bir qusarlı ziyalının arzusu idi. Orta məktəbin 3-cü sinfini bitirən balaca Səfər bu məktəbin tar şöbəsinə qəbul olunanda valideynləri-Bəybala müəllim, Xədicə xanım arxayınlıqla köks ötürdülər: "Çox şükür!"

Beş il tez ötüb keçdi. Məktəbin o vaxtkı direktoru Ayaz Rəşidovdan, tar müəllimləri Vidadi Məmmədov və Slavik Solomonovdan bu qədim şərq alətinin sirlərini öyrənən 16 yaşlı Səfəri kadr yoxluğu üzündən elə bu məktəbdəcə müəllim saxladılar.

Ordu sıralarında hərbi xidmətini başa vurub qayıtdıqdan sonra təhsilini davam etdirmək qərarına gələn gənc Dərbənd Musiqi Texnikumuna daxil olur. Burada Rusiya Federasiyasının Əməkdar müəllimi Sədi Ramazanovun sinfini müvəffəqiyyətlə bitirərək yenidən doğma kollektivə dönür.

Qusar Uşaq İncəsənət Məktəbi ilə bağlı 44 il ərzində Səfər Səfərov yüzlərlə yeniyetmənin musiqi zövqünün və ifaçılığının formalaşmasına nail olub ki, hazırda onların əksəriyyəti incəsənət sahəsində, bəziləri isə müəllimləri ilə çiyin-çiyinə bu məktəbdə çalışır.

Təcrübəli müəllim, mahir ifaçı kimi sevilən Səfər müəllim Qusarda, qonşu rayonlarda, eləcə də paytaxtda keçirilən konsert, festival və müsabiqələrdə həvəslə iştirak edir. Həmkarları ilə birgə yaratdığı, solistlik etdiyi “Tirillo” folklor, “Ləzginka” rəqs ansamblarının xalqımızın qədim musiqi nümunələrinin, xalq oyun və rəqslərinin yaşadılması, təbliği sahəsində mühüm xidməti olub.

Qabaqcıl müəllimin əməyi qeyd etdiyimiz fəxri ada, dəfələrlə mədəniyyət və turizm nazirliyinin, rayon rəhbərliyinin fəxri fərman və mükafatlarına layiq bilinib.

Ömür-gün yoldaşı Svetlana xanımla qurduğu ailədə böyüyüb ərsəyə çatmış iki övladı da gərəkli peşə sahibləri olmaqla yanaşı sənət, musiqi aşiqləridir.

Biz 60 illik yubileyini qeyd edən sevimlimiz Səfər müəllimi ömrünün növbəti-müdriklik mərhələsinə qədəm qoyması münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları diləyirik.

Qusar Rayon Uşaq İncəsənət Məktəbinin kollektivi