26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Xıdırbaba İdris oğlu Şeydayev

Rayonun pedaqoji ictimaiyyətinə itki üz vermişdir. Qocaman müəllim, el ağsaqqalı Xıdırbaba İdris oğlu Şeydayev ömrünün 88-ci ilində dünyasını dəyişmişdir.

Xıdırbaba Şeydayev 1929-cu ildə rayonumuzun Xuluq kəndində anadan olmuşdur. O, 1946-cı ildə Quba Pedaqoji Məktəbini, 1951-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakultəsini bitirmişdir.

Əmək fəaliyyətinə Salyan rayonunun Sarvan kənd yeddiillik məktəbində başlayan Xıdırbaba Şeydayev sonralar bu rayonun Xalqaraqaşlı kənd yeddiillik məktəbində, 1960-cı ildə rayonumuza qayıdaraq Cibir kənd yeddiillik məktəbində, Köhnə Xudat Qazmaları kənd əsas məktəbində müəllimlik etmişdir.

Xıdırbaba müəllimin pedaqoji fəaliyyətinin ən önəmli dövrü 17 ilə yaxın çalışdığı Samur qəsəbə tam orta məktəbi ilə bağlıdır. Bu illər ərzində ağsaqqal pedaqoqun zəhməti yüksək qiymətləndirilmiş, o, baş müəllim, əmək veteranı adlarına layiq görülmüş, əməyi rayon rəhbərliyinin, rayon təhsil şöbəsinin, həmkarlar ittifaqı təşkilatının diplom və fəxri fərmanları ilə dəyərləndirilmişdir.

Ədəbiyyat həvəskarı, sinədəftər insan olan Xıdırbaba müəllim məclislərdə, mərasimlərdə milli folklorumuzun nümunələrini, Şərq poeziyası klassiklərinin şeirlərini əzbərdən söyləyərdi.

Faciəvi surətdə, vaxtsız itirdiyi oğul övladlarının dərdi onun qamətini əymiş, həyat eşqini söndürmüşdü.

Son günlər tez-tez “Dərdimi dağa desəm dağ əriyər, Ah çəkib nalə deyib şam əriyər” -beytini təkrarlayır, vaxtsız itirdiyi övladlarına tez qovuşmaq istədiyini söyləyirdi.

Səmimiliyi, nəcibliyi, mükəmməl savadı və dərin yaddaşı ilə insanların qəlbində yuva qurmağı bacarmış Xıdırbaba Şeydayevin işıqlı xatirəsi doğmalarının və əzizlərinin yaddaşlarında həmişəlik yaşayacaqdır.

Doğmaları, əzizləri