26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Şair Nəcməddin oğlu Həsənov

Xalqımızın ləyaqətli oğullarından biri, Azərbaycanın tanınmış inşaatçısı, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, ictimai xadim, "Samur" Ləzgi Milli Mərkəzi İdarə Heyətinin sədri Şair Nəcməddin oğlu Həsənov vəfat etmiş, martın 15-də Bakı şəhərində torpağa tapşırılmışdır.

Şair Həsənov 1936-cı il iyun ayının 10-da Qusar şəhərində anadan olmuş, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra respublikanın inşaat sektorunda müxtəlif vəzifələrdə işləmişdir.

O, 1977-1980-ci illərdə respublika kənd tikinti nazirinin birinci müavini, 1980-1983-cü illərdə Kolxoz-Sovxoz Tikinti Baş İdarəsinin rəisi, 1983-1986-cı illərdə Azərbaycan SSR kənd tikinti naziri, 1986-1989-cu illərdə Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini, 1990-cı ilin yanvar ayından dekabr ayınadək "Azəravtoyol" İstehsalat Birliyinin rəis müavini vəzifələrində çalışmışdır.

Şair Həsənov Azərbaycan Respublikasının tikinti materialları sənayesi naziri (1990-1998), Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri (1999-2001), Azərbaycan Respublikasının Tikinti və Arxitektura Komitəsinin sədri (2001-2006) vəzifələrində səmərəli fəaliyyət göstərərək özünü bacarıqlı təşkilatçı, qayğıkeş və tələbkar rəhbər kimi tanıtmışdır.

Şair Həsənovun bilavasitə rəhbərliyi ilə respublikanın onlarla şəhər və rayonunda məktəb binaları, xəstəxana və poliklinikalar, yaşayış evləri, idman zalları, sənaye, mədəniyyət, sosial, kənd təsərrüfatı müəssisələri tikilərək istifadəyə verilmişdir. Bunlara Quba, Qusar, Xaçmaz rayonlarında konserv zavodlarını, Dəvəçi, Siyəzən, Abşeron, Cəlilabad, Salyan rayonlarında quşçuluq fabriklərini, Ağdam, Dəvəçi, Salyan rayonlarında taxıl üyütmə kombinatlarını, Lənkəran və Masallıda çay fabriklərini, Cəbrayıl, Ağdam, Qazax, Tovuz, Gəncə və Gəndobda üzümçülük zavodlarını, Şəki, İsmayıllı, Balakən, Zaqatala, Xaçmaz rayonlarında heyvandarlıq komplekslərini və s. misal göstərmək olar.

O, IX çağırış Qusar rayonundan, X çağırış Sabirabad rayonundan, XI çağırış Cəbrayıl rayonundan olmaqla üç çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilmişdir.

Şair Həsənov 1982-ci ildə "Şərəf nişanı", 1986-cı ildə Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuş, 1982-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

2006-cı ildən "Samur" Ləzgi Milli Mərkəzi İdarə Heyətinin sədri seçilmiş Şair Həsənov ölkənin ictimai həyatında fəal iştirak edirdi. Bu yöndə fəallığı nəzərə alınaraq ona 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilmişdi.

Səmimi və mehriban insan, layiqli vətəndaş Şair Həsənovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!