21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Çingiz

 Xalqımızın igid oğlu, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə

Bir şəhid ruhu da ucaldı göylər,

Bir şəhid boyu da böyüdü torpaq.

İndi də baş-başa verib mələklər

Çingizin adına dastan yazacaq...

 

Dolub bulud-bulud süzür bir ana,

Bir ata səsində nəmli sükut var.

Öyünə-öyünə basır bağrına

Qəhrəman oğlunu qəhrəman Qusar...

 

Şığıyır Şuşadan qisas küləyi,

Hayqırır Murovdan Şah dağınacan.

Dolanır Çingizin cəsur ürəyi

Vətənin son qarış torpağınacan...

 

Dağ-dağ silkələyib qara layları,

Qonur bayrağımın hər rənginə o.

Oyadıb daşlaşan daş harayları

Qarışır himnimin ahənginə o...

 

Döyüşlər məktəbə dolacaq indi,

Açıq dərs olacaq yenə Qarabağ.

Hər uşaq qəhrəman olacaq indi,-

Şəklinin altına Çingiz yazacaq...

 

Bir Eşq də göylərə uçdu beləcə,

Bir Eşq də üzüldü könül barından.

Ağ atlı oğlana dönüb hər gecə

Keçəcək bir qızın yuxularından...

 

Bu il gül açmağa tələsdi bahar,

Gül açdı Vətənin qışında Çingiz.

Burda hər igidin öz zirvəsi var,

Burda hər zirvənin başında Çingiz!

                   Ramiz Qusarçaylı