21 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Peşəsinin vurğunu və bilicisi

Əzizimiz Cavid Tayıb oğlu! Ulu tanrının sənə bəxş etdiyi ömrün hesabat yaşını-60 illiyini qeyd edirsən. Geridə qoyduğun illər ərzində əməksevərliyin, bacarığınla gənclərə örnək olmusan. Mehriban ailə başçısı, bacarıqlı mədəniyyət işçisi, gözəl təşkilatçı və fəal ictimaiyyətçi kimi müsbət keyfiyyətlərin sənə ailənin, dostlarının, kənd ictimaiyyətinin dərin hörmətini qazandırmışdır. 60 yaşın zirvəsindən boylanıb keçdiyin yollara nəzər saldıqda görünən odur ki, qazandıqların itirdiklərindən çoxdur.

Orta məktəbi bitirdikdən sonra oxumaq həvəsi səni Bakı Rabitə-Elektrik Texnikumuna gətirdi. Gənc mütəxəssis kimi 1977-ci ildə rayon rabitə qovşağında əmək fəaliyyətinə başladın. İşə məsuliyyətinlə, bacarığınla kollektivin sevimlisi oldun.

Hələ uşaqlıq illərindən xalqımızın qədim mədəniyyətinə, incəsənətinə olan marağın səni ikinci ixtisas təhsili almağa sövq etdi. Bakı Mədəni-Maarif Texnikumunu bitirərək klub işçisi-dram kollektivi rəhbəri ixtisasına yiyələndin. Artıq 35 ildir ki, qazandığın bilik, bacarıq və təcrübən sayəsində klub işinin əsas funksiyaları olan maarifləndirmə, məlumatlandırma və əyləndirmə istiqamətində bir-birindən maraqlı, aktual tədbirlərin təşkilatçısı kimi kənd əhalisinin dünyagörüşünün artırılmasında pay sahibisən.

İşlədiyin müddət ərzində gənclərdə, yeniyetmələrdə mədəniyyətə və incəsənətə maraq hissi yarada bildin. Müxtəlif bayram şənlikləri, gənclər və yeniyetmələr arasında intellektual oyun və yarışmalar, hərbi-vətənpərvərlik tərbiyəsi yönündə keçirilən görüşlər, milli folklor nümunələrinin axtarılıb araşdırılması kənd əhalisi və rayonun mədəniyyət rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Uğurların təkcə bununla bitmir. Kəndin ictimai həyatında, abadlıq, quruculuq və yaşıllaşdırmada köməyini əsirgəmədin. Fəallığın sayəsində elə birinci seçkilərdə bələdiyyə üzvü seçildin. Kənd əhalisinin siyahıya alınmasında sayıcı və məntəqə seçki komissiyasının üzvü kimi respublika səviyyəli kampaniyalarda fəal iştirak edib göstərilən etimadı doğrultdun.

Doğma "Qusar"ımızın müxbiri kimi rayon mətbuatında, eləcə də "Mədəniyyət", "Azərbaycan" və "Alam" kimi respublika qəzet və jurnallarında çıxışlarınla xalq sənətkarlarının, mədəniyyət və incəsənət işçilərinin, yerli yazarların, idmançıların təbliği istiqamətində mühüm işlər görürsən.

Əzizimiz Cavid müəllim! Xoşbəxt o kəsdir ki, əməyinə layiqli qiymət verilir. İki dəfə rayon mədəniyyət və turizm şöbəsinin, mərkəzi kitabxana sisteminin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qusar Rayon Komitəsinin fəxri fərmanları ilə təltif olunmağın əməyinə verilən qiymətin nümunəsidir.

Sizi 60 illik yubileyiniz və əmək fəaliyyətinizin 40 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Sənə möhkəm can sağlığı, uzun ömür, işində yeni yeni uğurlar, xoş müjdəli günlər arzulayırıq!

Doğmaların, dostların, yaxınların!

“Qusar” da bu təbriklərə qoşulur, ən fəal və sədaqətli müxbirlərimizdən olan Cavid müəllimə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və uğurları arzulayır.