24 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Zöhrab Mehman oğlu Mirzəmətov

Rayon ictimaiyyətinə itki üz vermişdir. Əmək veteranı, təcrübəli kənd təsərrüfatı mütəxəssisi Zöhrab Mehman oğlu Mirzəmətov ömrünün 80-ci ilində vəfat etmişdir.

Zöhrab Mirzəmətov 1937-ci il aprelin 5-də Düztahir kəndində anadan olub. Kənd orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olaraq aqronomluq ixtisası üzrə ali təhsil alan gənc mütəxəssis əmək fəaliyyətinə İmamqulukənd sort-sınaq məntəqəsində aqronom kimi başlamışdır.

Sonralar o, Şirvanovka təsərrüfatında şöbə müdiri, aqronom kimi fəaliyyətini davam etdirmişdir. 1965-ci ildə kolxoz və sovxozlar üçün birillik respublika məktəbinə göndərilən Zöhrab Mirzəmətov oranı bitirdikdən sonra rayon meyvəçilik kombinatında şöbə müdiri vəzifəsinə təyin edilmişdir. 1966-1971-ci illərdə Urva təsərrüfatında direktor, 1972-1974- cü illərdə Qusar toxumçuluq təsərrüfatında baş aqronom, 1974-1979-cu illərdə tədarük məntəqəsində əmtəəşünas, sonralar müəyyən fasilələrlə Elmi Tədqiqat Baytarlıq İnstitutunun təcrübə təsərrüfatında direktor, Həzrə kənd təsərrüfatı kooperativində sədr vəzifələrində çalışmışdır.

2001-ci ildən təqaüdə çıxan Zöhrab Mirzəmətov bekar durmamış, rayonda aqrar sahənin inkişafına, fermer birliklərinin möhkəmləndirilməsinə yönələn tövsiyə və məsləhətlərini əsirgəməmişdir.

Yeni Azərbaycan Partiyasının, rayon müharibə və əmək veteranları və ağsaqqallar şuralarının üzvü olan Zöhrab Mehman oğlu həmişə fəal ictimai iş aparmış, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə layiqli pay qatmağa çalışmışdır.

Onun təsərrüfat fəaliyyəti, ictimai işlərdə fəallığı təqdir olunmuş, fəxri fərman və təşəkkürnamələrlə dəyərləndirilmişdir.

Nümunəvi ailə başçısı, qayğükeş ata və mehriban baba olan Zöhrab Mirzəmətovun xatirəsi doğmalarının, onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!

Rayon müharibə və əmək veteranları şurası