25 | 04 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Elmin, müdriklİyin zirvəsində

Görkəmli alim, texnika elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun "Elektroenergetikanın qərarlaşmış rejimləri" elmi istiqamətinin rəhbəri, baş elmi işçi Əşrəf Balamət oğlu   Balamətovun 70 yaşı tamam oldu.

Əşrəf Balamətovun tələbəliyini, elm sahəsində pillə-pillə yüksəlişini, bir insan, kişi kimi mətinləşməsini anbaan xatırlayıram. Həm onlarla, yüzlərlə tələbəmdən bacarığı, istedadı, əməksevərliyi ilə seçildiyinə, nə gizlədim, həm də doğma Əcəxürün bulaqlarından su içdiyinə görə məndən onca yaş kiçik olan eloğlumun uğurlarını daim izləmiş, ürəkdən sevinmiş və fəxr etmişəm.

1947-ci il yanvarın 27-də dünyaya göz açan Əşrəf Balamət oğlu 1960-cı ildə Əcəxur kənd yeddi illik məktəbini bitirdikdən sonra Bakı Energetika Texnikumuna daxil olmuşdur. Texnikumda oxuduğu illərdə energetika sahəsi ilə yanaşı radio-televiziya teknikasına həvəs göstərirmiş və bu sahələrdə də təhsil alaraq müvafiq diplomlar almışdır.

Azərenerjinin Sabunçuda yerləşən transformatorların təmiri zavodunun sınaq sexi yeniyetmə üçün əsl sınaq məktəbi, “həyat universitetləri” oldu. Burada sınaqçı-texnik kimi işləyən Əşrəf Balamətov yüksək səviyyəli mütəxəssislərin, yaxşı keyfiyyətlərə malik insanların yanında böyük təcrübə qazandı.

Texnikum illərində Əşrəf eyni zamanda tar kurslarına gedirdi. Sonralar texnikumun musiqi alətləri ansamblında, respublika Tibb İşçiləri Mədəniyyət Klubunun musiqi alətləri ansamblında tarda ifa edirdi. O, 1963-1965-ci illərdə respublika televiziyasında bu klubunun musiqi alətləri ansamblı tərkibində dəfələrlə konsertlərdə çıxış etmişdir.

Texnikumu fərqlənmə diplomu ilə, 1971-ci ildə isə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakultəsini müvəffəqiyyətlə bitirdikdən sonra o, İ.Q.Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutuna mühəndis vəzifəsinə qəbul olunmuşdur.

Yaxşı yadımdadır, Əşrəfin şəkli əla qiymətlərlə oxuduğu üçün həmişə institutun fəxri şərəf lövhəsində olardı. Qrupun komsomol təşkilatçısı, Lənkəran rayonunda hərbi düşərgədə təlimdə olarkən alay komandiri kimi təşkilatçılıq keyfiyyətlərini göstərmişdi.

Əşrəf müəllimin elmi səviyyəsi, yüksək işgüzarlığı, mühəndis təfəkkürü ona tətbiqi riyaziyyatın, ehtimal nəzəriyyəsinin və riyaziyyatın digər sahələrinin elektrik şəbəkələrinin iş rejimlərinin hesabatlarında tətbiqi üsullarını öyrənməsinə, energetika elmi sahəsində yeni mürəkkəb nəzəriyyələrlə işləməyə, EHM-in imkanlarından bəhrələnərək proqram təminatını və ixtiraları yaratmaqla təcrübi işlərin nəticələrinin alınmasına imkan yaradıb.

1978-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun əyani aspiranturasını bitirən həmyerlimiz 1980-cı ildə Q.M.Krjijanovski adına Elmi-Tədqiqat Energetika institutunun ixtisaslaşdırılmış Müdafiə Şurasında "Mürəkkəb elektrik şəbəkələrində qərarlaşmış rejimlərin hesabat metodlarının effektivliyinin artırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Sonralar o kiçik elmi işçi, böyük elmi işçi, elmi-tədqiqat bölməsinin rəhbəri, şöbə müdiri, direktor müavini vəzifələrində işləyən Əşrəf Balamətov institutda yeni elmi istiqamətin təşkilatçılarındandır. Onun rəhbərliyi altında "Elektrik sistemlərində qərarlaşmış rejimlərin və enerji itkilərinin analizi", sonralar "Energetikada avtomatlaşdırılmış idarəetmə sistemləri", "Elektrik sistemlərində qərarlaşmış rejimlərin və enerji itkilərinin monitorinqi" adlandırılmış laboratoriyaları yaradılmışdır ki, onlar indi də fəaliyyət göstərir.

Elmin zirvələrinə doğru əzmkarlıqla irəliləyən gənc 1994-cü ildə Novosibirsk Texniki Universitetində "İfrat yüksək gərginlikli elektrik şəbəkələri rejimlərinin idarə modelləri və metodları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Hazırda o, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda işləyir. Alimin əsas elmi tədqiqatları ifrat yüksək gərginlikli hava xətləri olan elektrik şəbəkələrinin qərarlaşmış rejimlərinin təhlili və idarə edilməsi metodlarının inkişafına, qərarlaşmış rejim tənliklərinin yığılma etibarlılığının artırılmasına, elektroenergetika sistemləri rejimlərinin optimallaşdırılmasına, elektrik enerjisi itkilərinin hesabatı, təhlili, planlaşdırılması, qeydiyyatına, elektrik enerjisi itkilərinin azaldılması tədbirlərinin işlənməsinə, elektrik şəbəkələrinin intelektuallaşdırılmasına həsr edilmişdir.

Əşrəf Balamətov tərəfindən ifrat yüksək gərginlikli hava xətlərinin qərarlaşmış rejimlərdə güc itkilərini və tac hadisəsinin reaktiv effektini nəzərə almaqla və gərginliyin xətt boyunca paylanmasını nəzərə almaqla tac hadisəsindən yaranan itkilərin modelləşdirilməsi üçün operativ modellər təklif olunmuşdur.

Onun rəhbərliyi ilə tərkibinə uzununa kompensasiya qurğuları, kiçik və kəskin dəyişən müqavimətlər daxil olan, ifrat yüksək gərginlikli elektrik veriliş xətlərinə xas olan xüsusiyyətləri nəzərə almaqla elektrik şəbəkələrinin qərarlaşmış rejimlərinin hesablanması üçün effektiv alqoritmlər və proqramlar işlənmişdir.

1995-1997-ci illərdə AzET Energetika institutunun hesablama mərkəzi və EC-1035 tipli elektron-hesablama maşını onun rəhbərlik etdiyi şöbəyə verilmiş və idarə olunmuşdur .Alimin birinci, ikinci, üçüncü nəsil elektron-hesablama maşınları və fərdi kompüterlər üçün işlədiyi beş ədəd proqram kompleksi SSRİ Dövlət və İxtisaslaşdırılmış alqoritmlər və proqramlar fonduna qəbul edilmişdir.

Əşrəf Balamətov hazırda qərarlaşmış rejimlərin həllinin dəqiqliyinin və etibarlılığının artırılması üçün müasir informasiya-kommunikasiya texnologiyalarının və intellektual şəbəkələrin tətbiqi, süni intellekt metodlarının tətbiqi, enerji və güc axınlarının, həmçinin elektrik enerjisi itkilərinin bazar iştirakçıları arasında ünvanlı paylanması, kəskin dəyişən qeyri-xətti yüklərin elektrik enerjisinin keyfiyyət göstəricilərinə təsirinin araşdırılması, yüksək gərginlikli elektrik veriliş xətlərində elektrik enerjisi itkilərinin ölçülməsinin dəqiqliyinin artırılması, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi üzərində işləyir.  

Əşrəf Balamətov gənc mütəxəssislərin təlimində və texniki kadrların hazırlanmasında aktiv içtirak edir. Pedagoji fəaliyyəti Azərbaycan Texniki Universiteti, kadrların ixtisas artırma mərkəzi ilə bağlı olan alimin rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Hazırda 2 elmlər doktoru hazırlığı üzrə doktorantın elmi məsləhətçisi olan həmyerlimizin rəhbərliyi altında 1 doktorluq dissertasiyası müdafiə ərəfəsindədir.

Professor 270-dən artıq elmi işin, 28 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun ölkəmizdə və xaricdə beş monoqrafiyası çap olunmuşdur. 26 beynəlxalq, 14 ümumittifaq, 13 respublika elmi-texniki konfrans və simpoziumun iştirakçısı olmuş və məruzələrlə çıxış etmiş həmyerlimizin elmi əsərləri bir sıra xarici ölkələrin aparıcı elmi-tədqiqat institutlarının toplularında dərc olunmuşdur.

Əşrəf Balamətov 1996-cı ildə Almaniyada "Qafqaz və Orta Asiya ölkələrinin enerji sistemlərinin operativ planlaşdırılması, istismarı, idarəsi" üzrə TASIS layihəsinin işində, 2000-2002-ci illərdə TASİS layihəsinin enerji haqqının ödənişinə nəzarət proqram sisteminin yaradılması və “Şahdag Milli Qoruğu” ekologiya layihəsi işlərində icraçı və ekspert kimi iştirak etmişdir.

Görkəmli alimin elmi əsərləri, ixtiraları ona dünya şöhrəti qazandırıb. O, 2002-ci ildə Amerikada tərtib olunan Amerikanın biblioqrafik institutunun "Tədqiqat məsləhətçiləri idarə heyətinin" üzvü seçilmişdir. Onun Rusiya Federasiyası, Ukrayna, Moldova alimləri ilə işgüzar əlaqələri var və onlar arasında hörmət və nüfuza malikdir.

Əşrəf müəllim institutun ictimai həyatında fəal iştirak edir. 1987-ci ildən 1991-ci ilə qədər əmək kollektivi şurasına başçılıq edən alim indi də institutun elmi-texniki və doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvüdür.

Əmək fəaliyyətində yüksək göstəricilərinə görə "SSRİ Energetika və Elektrikləşdirmə əlaçısı" nişanı ilə, SSRİ Energetika Nazirliyinin "Energetika əlaçısı", 2004-cü ildə elmdəki xidmətlərinə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif edilən Əşrəf Balamətov 2010-cu ildən Böyük Elektroenergetika Sistemləri Beynəlxalq Şurasının və Beynəlxalq Elektrotexniklər və Radioelektronika Mühəndisləri İnstitutunun üzvü, 2015-ci ildən Rusiya Elektrotexnika Akademiyasının həqiqi üzvüdür.

Həmyerlimiz MDB-nin İcraiyyə Komitəsinin təqdimatı ilə MDB ölkələrinin elektroenergetikasının inkişafında və inteqrasiya proseslərinin genişlənməsində əhəmiyyətli töhfələrinə görə 2016-cı ildə "MDB-nin Əməkdar Energetiki" fəxri adına layiq görülmüşdür.

Elmi-tədqiqat, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı ictimaiyyətlə daimi ünsiyyətdə olan, xalqlar arasında dostluğun, tolerantlığın inkişaf etdirməsində fəal iştirak edən görkəmli alim "Samur" Ləzgi Milli Mərkəzi tərəfindən təşkil olunmuş Azərbaycan-Rusiya, Azərbaycan-Dağıstan forumlarının aktiv iştirakçısı kimi ölkələrimiz arasında elmi, mədəni, iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində yaxından iştirak edir.

Əşrəf müəllim insanlarla ünsiyyətdə təvazökarlığı, səmimiliyi, prinsipiallığı və alicənablığı, ehtiyacı olanlara kömək etmək keyfiyyəti və dostlarına münasibətində sədaqəti ilə seçilir.

Tanınmış ziyalını 70 illik yubileyi münasibətilə təbrik edərək ona məhsuldar elmi fəaliyyətində və energetika sahəsi üçün elmi kadrların hazırlanması kimi şərəfli yolda cansağlığı, uzun ömür, xoşbəxlik və müvəffəqiyyətlər arzulayırıq.

Kamal Abdullayev,

Azərbaycan Dövlət Neft və

Sənaye Universitetinin professoru, texnika elmləri doktoru, Əməkdar elm xadimi