21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

İsgəndər Adışirin oğlu Quliyev

Qusar özünün yaxşı övladlarından birini itirdi. Əmək və Silahlı Qüvvələr veteranı, el ağsaqqalı, istefada olan polkovnik-leytenant İsgəndər Adışirin oğlu Quliyev ömrünün 85-ci ilində vəfat etmişdir.

İsgəndər Quliyev 1932-ci il avqustun 15-də Hil kəndində anadan olub. Müharibə dövrünə təsadüf edən uşaqlığı çətin keçsə də, təhsilə, savada böyük həvəs göstərib. 1949-cu ildə Qubada ikiillik Müəllimlər İnstitutunu bitirən gənc təyinatla Salyan rayonuna göndərilib. Müharibə illərinin acısını yaşayan İsgəndər Quliyev həmişə hərbçi olmaq arzusu ilə yaşadığından Kalininqrad Qvardiya Artilleriya Məktəbinə daxil olur. 1955-ci ildə oranı bitirərək əvvəl Zaqafqaziya, sonra Bakı hərbi dairələrində qulluq keçib.

1958-ci ildən başlayaraq hərbi komissarlıq sistemində çalışan İsgəndər Quliyev Ağcabədi, Zaqatala, Füzuli rayonlarında, istefaya çıxanadək Qusar rayonunda hərbi komissar vəzifəsində işləyib.

İstefaya çıxandan sonra da o, bilik, bacarıq və təcrübəsini gənc nəslin hərbi hazırlığına və vətənpərvərlik tərbiyəsinə həsr edib. Otuz ilə yaxın bir müddətdə könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyətinin sədri kimi rayon və respublika səviyyəli tədbirlərin təşkilatçısı və iştirakçısı olub.

Qulluq illərində vəzifə borcunu vicdanla, ləyaqətlə həyata keçirən İsgəndər Qulieyin əməyi 17 orden və medalla, çoxsaylı fərman və təşəkkürnamələrlə dəyərləndirilmişdir.

Xalqımızın milli-mənəvi dəyərlərini, tarixini dərindən bilən, qoruyan və təbliğ edən veteran hərbçi Böyük Vətən müharibəsinin və Qarabağ savaşının iştirakçıları haqqında sanballı məqalələr yazmaqla bərabər, Böyük Vətən müharibəsi cəbhələrində döyüşən on mindən artıq qusarlı haqqında məlumatların toplandığı kitab hazırlamışdır.

İsgəndər müəllim nümunəvi ailə başçısı, qayğükeş ata və mehriban baba idi. Həyat yoldaşı Züleyxa xanımla altmış il qoşa ömür sürən İsgəndər müəllim onun ayrılığına cəmi doqquz gün dözə bildi.

İsgəndər Quliyevin əziz xatirəsi doğmalarının, onu tanıyanların qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!

Rayon müharibə və əmək veteranları şurası