21 | 08 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Canlı şahmat nümayiş etdirdilər

Rayonumuzda 20 İyul-Beynəlxalq Şahmat Günü keçirildi.

Şahmat dünyanın ən qədim oyunlarından biridir. Rəvayətə görə, idmanın bu növü Hindistanda yaradılmışdır. Daha sonra İrana, oradan ərəb ölkələrinə və Avropaya yayılmışdır. İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyədək də bəzi ölkələrdə şahmata satranc deyilir.

20 İyul - Beynəlxalq Şahmat Günüdür. Planetin hər yerində bu qədim və müdrik oyunun pərəstişkarları öz bayramlarını qeyd edirlər. 1996-cı ildən bəri qeyd olunan bu bayram Beynəlxalq Şahmat Federasiyasının qərarı ilə təsdiqlənib.

Ölkəmizdə, eləcə rayonumuzda bu qədim oyuna maraq çox böyükdür. Açılış mərasimində ölkə başçısı möhtərəm İlham Əliyevin iştirak ediyi Qusar Şahmat Mərkəzində indi 4-18 yaş arasında 200 məktəbli, eləcə də məzun 12 qrupda bu qədim oyunun sirlərinə yiyələnir. Burada onlar üçün yaradılmış rahat şərait, texniki avadanlıq, müasir və klassik informasiya resursları işimizi yüksək səviyyədə qurmağa imkan yaradır.

Əlamətdar təqvim şahmat mərkəzində də maraqlı tərzdə qeyd olunmuşdur. Rayon mərkəzi kitabxanasının kollektivi ilə keçirilən əyləncəli tədbir öncəsi şahmat ədəbiyyatının nümayiş etdirildiyi sərgiyə baxış olmuşdur. Mərkəzin foyesində "canlı fiqurlarla" maraqlı oyun keçirilmişdir. Ağ və qara "şahların" idarə etdikləri oyunun fiqurları şahmat mərkəzinin balaca zəka sahibləri idilər.

Şahmatın tarixi, nəzəriyyəsi ilə bağlı təşkil olunan viktorina da gərgin anları ilə yadda qalmışdır. Onun qalibi adını xüsusi diplomla mükafatlandırılan Artur Pərvənayev qazanmışdır.

Ölkəmizin tanınmış şahmat mütəxəssislərindən olan idman ustası Həbib Ağalarovun yetirmələri olan iti zəka sahibləri artıq nəinki bölgə, habelə ölkə və beynəlxalq turnirlərdə rəqiblərini mat qoymağı bacarırlar.

Həbib müəllim iyulun 13-23-də Astarada keçirilən növbəti şahmat olimpiadasında 6 şahmatçı ilə təmsil olunan komandamızın əldə etdiyi nəticələrlə bağlı əməkdaşımızın sualını belə cavablandırmışdır:

-Olimpiada qusarlı şahmatçılar üçün çoxdan arzulanan təcrübədə özlərini sübut etmək baxımından faydalı oldu. Təşkilatı cəhətdən qısa vaxtda toparlana bilməməyimiz, nəqliyyat çətinliyi ilə bağlı gərginlik, yorğunluq və təcrübəsizlik şahmatçılarımıza bütün imkanlarını tam ortaya qoymağa imkan vermədi. Bununla belə "A" qrupunda Aydın Şahpələngov 104 iştirakçı arasında 7,5 xalla 5-9-cu, "B" qrupunda Qəmbər Hacıyev həmin nəticə ilə 330 şahmatçının mübarizəsində 30-cu olmağı bacardılar.

Şahmatçılarımıza qarşıdakı səfərlərdə uğurlar diliyirik.