25 | 04 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Şahmatçımız ölkə birincisidir!

Rayon şahmat mərkəzində 4-18 yaş arasında 200 nəfərə yaxın şahmatçı 12 qrupda qədim oyunun sirlərinə yiyələnir. Ustalıqlarını ilbəil artıran balaca zəka sahibləri artıq mötəbər turnirlərdə Qusarın idman şərəfini bacarıqla qoruyurlar.

Ölkəmizin tanınmış şahmat mütəxəssislərindən olan idman ustası Həbib Ağalarovun yetirmələri artıq nəinki bölgə, habelə ölkə və beynəlxalq turnirlərdə rəqiblərini mat qoymağı bacarırlar.

Mərkəzin çalışqan və istedadlı şahmatçılarından olan Aydın Şahpələngovun idman uğurları haqqında yazmışdıq. Belə ki, ötən il o, Bakıda keçirilən ilk beynəlxalq turnirdə güclü şahmatçılarla qarşılaşaraq 15-ci yerdə qərarlaşmış və 1600 əmsalla FİDE sıralamasına qatılmağı bacarmışdı.

Aydın bu günlərdə paytaxtdan yeni qələbə ilə dönmüşdür. Bakıda FİDE qaydaları üzrə keçirilən ənənəvi Fuad Cəfərov Memorialının açıq şahmat turnirinə qatılan 13 yaşlı şahmatçımız 7 turda 5,5 xallıq nəticə göstərməklə birinci yeri tutmuşdur.

Respublika Şahmat Mərkəzində baş tutan bu turnirdə 200 nəfərədək idmançı mübarizə aparmışdır. Gənclər arasında 63 nəfərin mübarizəyə qoşulduğu “Open” turnirinin qalibi olan həmyerlimiz Qusara turnirin direktoru İlqar Bacaraninin imzaladığı diplom, medal və 100 manat pul mükafatı ilə qayıtmışdır.

Bu qələbə münasibətilə onu və məşqçisini ürəkdən təbrik edir, yeni uğurlar diləyirik.

“QUSAR”