21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Oğullar Əsgər gedir

Ölkə başçısının sərəncamına uyğun olaraq çağırış yaşlı gənclərin Milli Ordu sıralarına xidmətə yola salınması davam edir.

Növbəti yolasalma mərasimində iştirak edən müxbirimiz hərbi xidmətə çağırış üzrə dövlət xidməti Qusar şöbəsində olarkən böyük coşqu və ruh yüksəkliyinin şahidi olmuşdur.

İki-iki, üç-üç toplaşaraq söhbətləşən Həzrə, Qusar, Hil, Avaran, Yasab, Cağarqışlaq və Yuxarı Zeyxürdən olan çağırışçıların, onları yola salmağa gələn valideynlərin və yaxınlarının ürək sözləri və xeyir-duaları ancaq cəsarətli, intizamlı olmaları, komandirlərin əmrlərinin sözsüz yerinə yetirilməsi, əsgər yeməkxanasına tez öyrəşmələri... barədə idi.

Yuxarızeyxürlü Məhəmmədrəsulu atası Bəhruz, bibisi oğlu Fərid yola salırdı.

-Dayım oğlu kişilik məktəbinə tam hazırdır-deyir Fərid -Məktəbdə ən çox diqqət yetirdiyi də hərbi dərslər olub. Allahın köməkliyi ilə evə xoş soraqla dönəcək.

Valideynlər arasında aprel döyüşlərinin şəhidi, Tərtərin Seysulan kəndi istiqamətində gedən ağır vuruşmada böyük şücaət göstərərək qəhrəmanlıqla həlak olan Əmiraslan Xeyirbəyovun atası Xəlil kişini də görürük:

-Oğul düşmən çəpəridir,-deyiblər-danışır şəhid atası. -Bu gün həyəcanlı, həm də qürurverici anlar yaşayıram. Kiçik oğlum Əmrahı ordu sıralarına yola salıram. Ona nə deyəcəkdim ki? Hər şeyi özü yaxşı bilir. Qusarlılar hər zaman layiqincə xidmət ediblər. Şəhid qardaşı olmaq böyük məsuliyyətdir. Onu doğrultmaq, hamımızın başını uca etmək Əmrahın da müqəddəs borcudur.

Hərbi xidmətə çağırış üzrə dövlət xidməti Qusar şöbəsinin rəisi Nicat Həsənov əməkdaşımıza bildirdi ki, heç bir yayınma cəhdindən, yalandan möhlət götürmək fürsətindən söhbət belə gedə bilməz. Əksinə, yola salınma günlərində şöbənin önünə toplaşan valideynlər, qohum-əqrəba bu mərasimə qürurla, başucalığı ilə qatılırlar.

Rəis onu da əlavə etdi ki, gənclərlə aparılan söhbətlər, edilən tövsiyələr qusarlı gənclərin orduda təmkinlə, nümunəvi xidmətinə imkan verəcəkdir.

Artıq oktyabrın 3-də və 5-də iki qrup gənc Vətən qarşısında müqəddəs borclarını vermək üçün xidmət yerlərinə yola düşmüşdür.

Şöbənin önünə toplaşan valideynlər, qohum-əqrəba gəncləri qürurla, şadyanalıqla yola salıb uğurlar, Vətənin müdafiəsində sayıqlıq, mətanət arzulamışlar.

Çağırışçıları aparan növbəti avtobus izdihamın xeyir-duası ilə paytaxta doğru istiqamət aldı.