26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Zirvəyə ucalan yolda

Həmyerlimiz təhsilini İvan Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin ordenaturasında davam etdirəcək.

Qəzetimizdə istedadlı, ümidverici yeniyetmə və gənclərin uğurları haqqında mütəmadi yazılar verilir. İllər ötəndən sonra bu yazı qəhrəmanlarından bizimlə ünsiyyəti davam etdirənlər də var, başları böyük, uzaq şəhərlərdə dürlü qayğılara qarışıb doğma qəzeti unudanlar da...

Şəmsi birincilərdəndir. Bu yaxınlarda redaksiyamıza gəldi, "-Sözümün üstündə durdum"- deyə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsini bitirmək haqqında qırmızı cildli fərqlənmə diplomunu bizə təqdim etdi. "-Hələ bu, hamısı deyil,- təvazökarcasına -İvan Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin kliniki ordenaturasına da qəbul olunmuşam..."-dedi.

Qəlbən sevindik. Universiteti bitirməyi, ordenaturaya qəbul olunmağı ilə yanaşı, yüksək mədəniyyətə, davranış qabiliyyətinə, həmsöhbəti ilə ünsiyyət qurmaq bacarığına malik bir gənc kimi yetişməyinə görə.

Onunla birlikdə qəzetimizin altı il əvvəlki saylarını vərəqlədik, məktəb illərini xatırladıq. Ali təhsilli mütəxəssislər olan Sveta və Nəsimi Kazımovların ailəsində dünyaya göz açan Şəmsi dörd bacının bir qardaşı olsa da, balacalıqdan zəhmətə alışdırılıb. Gözünü açandan bacıları Elvira, Aytən, Aynur və Könülü kitablar arasında gördüyündən özü də bu aləmə baş vurdu. İndi bu ailənin beş övladı da ali təhsil alıb.

Şəmsi Kazımov adını rayonun təhsil tarixinə yazdırmağı bacarmış məktəbli olub. Şəhər 6 saylı orta məktəbin şagirdi 2011-ci ildə ilk dəfə olaraq biologiya üzrə respublika fənn olimpiadasının qalibi adını qazanmış, həmin il orta məktəbi gümüş medalla bitirərək qəbul imtahanında 619 bal toplamaqla Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsinə qəbul olunmuşdu. Rayonun təhsil tarixində ona qədər heç bir məktəblimiz respublika fənn olimpiadasının qalibi adını qazana bilməmişdi.

Şəmsi universitet illərində də zəhmətsevərliyi, bacarığı ilə seçilib, fakültənin 77 məzunu arasında fərqlənmə diplomu alan 10 nəfərdən biri olub.

-Tibbi profilaktika-niyə müalicə profilaktikasını, cərrahiyyəni deyil, məhz bu sahəni, nutrisioloq peşəsini seçdiniz?

Ona ünvanladığımız bu sualı Şəmsi həkim belə cavablandırdı:

-Bu qərarı qəbul edərkən qarşımda bir-birindən fərqli yollar var idi. Axı təbabət çox geniş, mürəkkəb bir sahədir. Məşhur həkim, cərrah olmaq da şərəflidir. Onlar xəstələrə şəfa, ikinci həyat verməklə xeyirxah, humanist iş görürlər. Amma mənim təsəvvürümdə seçdiyim sahə daha müasir və daha gərəklidir: yeməklə, qidalanma vasitəsilə insanları xəstələnməyə qoymamaq.

Yəqin bilirsiniz, indi qida və qidalanma bəşəriyyət üçün ən önəmli problemdir. Sanki dünyanın tarazlığı pozulub: planetin bir guşəsində milyonlarla insan aclıq çəkdiyi halda, digər qütbündə bir çox ölkələrin vətəndaşları kökəlmə və artıq çəki ilə mübarizə aparmaq məcburiyyətindədirlər.

Gənc həmyerlimizin xarakterində bizi valeh edən cəhətlərdən biri həkim üçün çox vacib olan söhbətcillik, geniş dünyagörüşü, müsahibini başa salmaq və inandırmaq qabiliyyəti oldu:

-Nutrisiologiya-bioloji təbabət xəstəliyin əsasında duran səbəbi araşdırarkən qida faktoruna xüsusi diqqət yetirir. Bioloji təbabət üsulları ilə müalicə edən mütəxəssislərin müalicə protokolunun ilk bəndini məhz qida korreksiyası təşkil edir. Bu sahənin özünün də müxtəlif şaxələri, qolları var. Bir çox xəstəliklərin, məsələn autizmin, sklerozun, xroniki iltihabın...patogenezində qida faktorunun əhəmiyyətli rolu var. Mənim məqsədim yanlış qidalanmanın orqanizmə vurduğu zərərləri, xərçəngə səbəb olan qidaları və qidalanma vərdişləri araşdımaqla onların aradan qaldırılması üsullarının tətbiqinə nail olmaqdır. Defektli gen aşkarlanmış pasiyentə tətbiq olunan ilk tədbir-xüsusi pəhrizdir. Belə demək mümkünsə, dəyərli qida zəif genləri gücləndirir, yanlış qidalanma güclü genləri zəiflədir.

Şəmsi altı il əvvəl, respublika fənn olimpiadasının qalibi adını qazananda qəzetimizə verdiyi müsahibədə demişdi:“Çox xoşbəxtəm ki, sevimli müəllimimin, məktəb kollektivinin ümidlərini doğrultmağı bacardım. Düşünürəm ki, bu, hələ yolun başlanğıcıdır. Çünki qarşıda məni daha çətin sınaqlar, imtahanlar gözləyir. Olimpiadanın qalibi adı mənim üçün artıq tarixdir-qabağa baxmağın, yeni məqsədlərə doğru addımlamağın vaxtıdır.”

O, elmin zirvələrinə ucalan yolu inamla qət etməkdədir. İndi ordenaturada tibbi biliklərini daha da zənginləşdirməyi, peşəkar nutrisioloq kimi insanların sağlamlığı keşiyində durmağı qarşısına məqsəd qoyan Şəmsi Kazımov arzularını gercəkləşdirmək əzmindədir.

Yolun açıq olsun, gənc dost,-deyirik-məmləkətimiz yalnız sənin kimi saf, müqəddəs amallarla yaşayan gənclərimizin sayəsində daha da tərəqqi edəcək!                                                                                          

  Vidadi