26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Ölümü ilə ölməzliyə qovuşmağı bacardı

Çingizlə bağlı xatirələrim çoxdur. Bu cümlələri ürək ağrısı ilə yazdım. Çünki bir məşhur şeirdə deyildiyi kimi “...bu şəhid balamızın ölən çağı deyildi”.

Onu şagirdlərimə bugünədək məktəbimizin layiqli məzunu, təhsil ocağının “Xəzri” hərbi-idman komandasının ən cəsur kapitanı kimi təqdim edirdimsə, bundan sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı, xalqımızın igid oğlu kimi nümunə göstərəcəyəm.

O, qısa, sadə, amma mənalı bir ömür yaşadı. Həyatının dünyaya gəldiyi 1994-cü ilin 24 noyabrından əbədiyyətə qovuşduğu 2016-cı il dekabrın 29-dək olan müddəti yaşıdlarının bioqrafiyalarından heç nə ilə fərqlənmir. Gənc ata-ananın ilki olsa da, ərköyün böyüməyib. Əksinə, bağ-bağat, təsərrüfat işlərində ailəsinə kömək edib. Hərdən futbol oynamağa da qaçıb, gecə yarıdan keçənədək "demlərdə"də olub...

Orta təhsil illərində həmişə öncüllər cərgəsində yer tutan məktəbin “Xəzri” hərbçi-idman komandasının kapitanı kimi rayon, zona, respublika yarışlarında iştirak edib, möhkəm fiziki və hərbi hazırlığı ilə fərqlənib, “Sərhəd” yarışlarının mükafatçısı, çempionu olub.

Birinci ildəcə ali məktəbə-Azərbaycan Texniki Universitetinin (AzTU) "Xüsusi texnika və texnologiya" fakültəsinə daxil olub. Gənc ata-ana iki tələbə balasının məişət qayğılarını yüngülləşdirmək amalı ilə paytaxta köçərək ev kirayələyib.

Çingiz institutu əla qiymətlərlə bitirib, təklif olunan magistraturadan imtina etməklə 2016-cı ilin iyulunda hərbi xidmətə yollanıb.

Dekabrın 28-də-ölümündən bir gün qabaq bir saat evlə-atası, anası, qardaşı ilə danışıb. Deyib, təklif olunan məzuniyyətdən imtina edib ki, yeni ildə alsın. Ona muştuluq veriblər ki, diplomunu institutdan almışıq, yanvarın 2-də hissəyə gətirərik, görərsən... Elə həmin gün də tələbə dostunun bağışladığı qol saatını həmyerlisinə, Gəncədə tələbə olan Surxay Rəfixanova verib ki, "saat burada mənə lazım deyil... itirib eləyərəm; gedəndə bizimkilərə verərsən".

Sonrasını bütün ölkə, dünya ictimaiyyəti bilir. Xain düşmənlə qeyri-bərabər döyüşə girən Çingiz qəhrəmanlıqla həlak oldu.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sərəncamı ilə Çingiz Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi, onun valideynlərini qəbul edərək qızıl ulduzu şəhidin atası Salman Qurbanova təqdim etməsi, Qusar sakinlərinə hörmətini ifadə etməsi hamımızı mütəəssir etdi. Bu Qəhrəmanın valideynlərinə, yaxınlarına böyük təsəlli oldu.

O, ölümü ilə sübut etdi ki, ölərək ölməzlik qazanmaq da mümkündür. Onun şücaəti, məğrurluğu gələcək nəsillərə nümunədir.        

   Bəxtiyar Rəfixanov

Həzrə kənd orta məktəbinin

çağırışaqədərki hazırlıq müəllimi