26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Gənclərimizi dini radikalizmin təsirindən qoruyaq

Qusar şəhər 6 saylı məktəbin iclas zalında “Dini ekstremizm və onun fəsadları, dini radikalizmə qarşı mübarizədə ictimaiyyətin rolu" mövzusunda maarifləndirici tədbir” mövzusunda dini maarifləndirmə tədbiri keçirilmişdir.

Qusar RİHB aparatı işçilərinin, yerli İƏD üzrə nümayəndələrin, hüquq-mühafizə orqanları başçılarının, təhsil işçilərinin və yuxarı sinif şagirdlərinin qatıldıqları müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şair Alxasov qeyd etmişdir ki, cəmiyyətimizin aparıcı hissəsi olan gənclərimizin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də onların qeyri-ənənəvi, radikal yönümlü dini təriqətlərin, pis vərdişlərin təsirindən qorunması, mənəviyyatımıza zidd dini cərəyanlara qarşı mübarizənin təşkil edilməsi istiqamətində rayonda ötən müddət ərzində müəyyən işlər görülmüş, rayon əhalisi, xüsusilə gənclər və ümumtəhsil məktəblərinin şagirdləri arasında vaxtaşırı maarifləndirmə tədbirləri aparılmışdır.

Bununla belə bu gün rayonda adət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşların sayının artması, onlar tərəfindən qanunsuz dini təbliğatın aparılması, gənclərin zərərli dini cərəyanlara cəlb edilməsi kimi hallar hələ də müşahidə edilməkdədir. Əsasən vəhhabi məzhəbinin bir sıra radikal üzvləri dini təbliğata xidmət edən fəaliyyətlə məşğul olur, adət-ənənələrimizə uyğun dini ayinlərin keçirilməsinə mane olmağa, radikal dini təriqətə meyl göstərən vətəndaşları öz ətrafınlarına toplamağa cəhd göstərirlər.

Rayon icra hakimiyyətinə vəhhabi məzhəbli şəxslər tərəfindən zərərli dini təbliğatın aparılmasına cəhd göstərilməsinə, eləcə də, müxtəlif ünvanlarda yerləşən xüsusi evlərdə toplaşmalarına dair məlumatlar daxil olmaqdadır.

Rayonda yaşayan vəhhabi təriqətinə aldanmış gənclərin bəzilərinin Dağıstan Respublikası ilə əlaqələrinin olması, bəzilərinin isə Suriyada davam edən silahlı münaqişələrdə iştirakı ilə bağlı kifayət qələr məlumatlar vardır.

Bu gün qeyri-ənənəvi radikal dini təriqətlərə meyl göstərən, kənar təsirlərə uyaraq ölkəni tərk edən, müxtəlif qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak edən gənclərimizin sayı artmaqdadır.

           A cınacaqlı hal odur ki, ölkəni tərk edərək təhlükəli döyüş əməliyyatlarına və s. terrorçu təşkilatlara qoşulan gənclər özləri ilə bərabər həyat yoldaşlarını və azyaşlı körpə uşaqlarını da təhlükənin, odun-alovun içinə atırlar.

Əksər hallarda da belə ailələrin aqibəti fəlakətlə nəticələnir. Bizdə öz ağılsızlıqları səbəbindən bədbəxtliyə düçar olmuş qusarlı ailələr haqqında kifayət qədər məlumat mövcuddur. Bu məlumatlar bizi daha sayıq olmağa, gənclərimizin düçar olduqları bu bədbəxtlik haqqında sizləri ciddi xəbərdar etməyə vadar edir.

Rayon prokuroru, baş ədliyyə müşaviri Zahid Vəliyev öz çıxışını qanunçuluq müstəvisində quraraq cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167 (Dini ayinləri icra etməyə mane olma), 167-1 (Dini etiqad etməyə məcbur etmə), 167-2 (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma), 167-3 (Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə, 168 (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsdetmə, 168-1 (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) və 283-1 (Azərbaycan Respublikasının hüdüdlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddələrinin tələblərini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

"Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununda dini ekstremist fəaliyyətində iştirak edən şəxslərin Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını, dini ekstremizm əleyhinə keçirilən xüsusi əməliyyatlar zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına icazə verildiyini diqqətə çatdıran rayon prokuroru artıq DTX-nin keçirdiyi əməliyyatlar zamanı bir neçə nəfərin öldürülməsinin bu yola qurşananlara ciddi xəbərdarlıq olduğunu söylədi.

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi, YAP rayon təşkilatının sədri David İbramxəlilov çıxışında qeyd etdi ki, bu gün doğma respublikamız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasəti nəticəsində dünyada tolerantlıq nümunəsi kimi tanınır. Respublikamızda ötən ilin "Multikulturalizm ili", 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması cənab Prezidentin ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, gənc nəslin ümumbəşəri dəyərlərdən yararlanmasına göstərdiyi böyük qayğının bariz nümunəsidir.

Natiq çıxışının sonunda demişdir ki, bu gün gənclərin qayğısına qalmaq, onları düzgün istiqamətləndirmək, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalıqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmək hamımızın borcudur. Bu sahədə vəzifəsindən asılı olmayaraq hər birimiz əlimizdən gələni əsirgəməməli, sağlam əqidəli gənclərimizin yetişdirilməsi üçün səylərimizi birləşdirməliyik.

Rayon təhsil şöbəsi metodiki mərkəzinin direktoru Qorxmaz Muradov çıxışına ulu öndər Heydər Əliyevin sözləri ilə başladı: "İslam dini həmişə insanları saflığa, ülvi mənəviyyata dəvət etmişdir. "Qurani-Kərim" insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir... Hər bir azərbaycanlı, hər bir müsəlman, ilk növbədə, islam dininin tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir".

Natiq təmsil etdiyi qurumun gənclərin dini radikalizm və ekstremizmin zərərli təsirlərindən qorunması istiqamətində apardığı, eləcə də nəzərdə tutulmuş maarifləndirmə işlərindən danışdı: Azərbaycanımızın xoşbəxt gələcəyinin yüksək savada malik, mənəviyyatca kamil gənclərin çiyinləri üzərində qurulacağını nəzərə alaraq, ümumtəhsil məktəblərimizdə şagirdlərə elmlərin sirlərini öyrətməklə yanaşı, onların mənəvi tərbiyəsinə də diqqət yetirilir.

Cari ilin fevralında Respublika Təhsil Nazirliyinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə "Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər puhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq, rayon təhsil şöbəsi "İslam Həmrəyliyi İli" çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsini planlaşdırmışdır. Təhsil müəssisələrimizdə il çərçivəsində din xadimləri ilə görüşlər keçiriləcək. DQİDK-nin Quba Bölgə Şöbəsi ilə birlikdə "Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək", "Mənəviyyatlı şəxs kimdir?", "Vətənpərvərlik ən mühüm mənəvi dəyərdir", "İslam sülh və qardaşlıq dinidir", "Milli bayramlarımızın nümunəsində xalqımızın milli-mənəvi dəyərlərinin qorunması" mövzularında seminar, dəyirmi masalar təşkil olunacaq, şagirdlər arasında anket sorğuları keçiriləcəkdir.

Müşavirəni yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Şair Alxasov qeyd etmişdir ki, rayonda dini durumun nəzarətdə saxlanılması, bu sahəyə diqqətin artırılması və baş verə biləcək xoşagəlməz halların qarşısının vaxtında alınması üçün müvafiq profilaktiki tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Əsasən yeniyetmələrin daha tez təsir altına düşməsi ehtimalı nəzərə alınaraq rayonun yaşayış məntəqələrində və ümumtəhsil məktəblərində şagird, valideyn və müəllim kollektivləri ilə görüşlər keçirilməli və bu görüşlərdə radikal dini təriqətin zərərli təsirləri haqqında ətraflı məlumat verilməlidir.

Bu gün gənclərin qayğısına qalmaq, onları düzgün istiqamətləndirmək, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmək hamımızın borcudur. Bu sahədə vəzifəsindən asılı olmayaraq hər birimiz əlimizdən gələni əsirgəməməli, milli-mənəvi, saf islami dəyərlər əsasında tərbiyə olunan sağlam əqidəli gənclərin yetişdirilməsi üçün səylərimizi birləşdirməliyik.