Bir arzum var: rəqabətqabiliyyətli məhsullarla ixrac bazarlarına çıxmaq!

Müsahibimiz sahibkar Jalə Əmirbəyovadır

Qəzetimizin əksər oxucuları onu yaxşı tanıyırlar. Özü də təkcə haqqında dərc etdiyimiz məqalələrdən deyil, birbaşa ünsiyyətdən, iş birliyindən. Jalə xanım bir sıra iş adamlarından fərqli olaraq mətbuata açıq, məqsəd və məramını sir kimi saxlamayan sahibkardır. Yəqin bu, onun yüksək təhsilindən, ziyalılığından, təmiz niyyətindən irəli gəlir.

Ölkəmizdə keçirilən ilk Avropa Oyunları məşəlinin Qusara gəlişinə sevinən xanım sahibkar fikir və düşüncələrini elektron poçtu vasitəsilə redaksiyamıza yollamışdı. Bu yaxınlarda ilin 6 ayının yekunlarına həsr olunan iclasda ölkə başçısının çıxışından sonra təəssüratlarını oxucularımızla bölüşmək istədiyini bildirdi.

Beləliklə, müsahibimiz iş adamı, torpaq sahibi Jalə Əmirbəyovadır.

-Jalə xanım, doğrusu kənd təsərrüfatına, onun ağırlığına kifayət qədər bələd bir şəxs kimi kənddə-kəsəkdə bu vaxtadək durum gətirəcəyinizə inanmırdım. İşlər necə gedir?

-Həqiqətən çətindir. Ancaq bütün çətinliklərə rəğmən, səkkizinci ildir ki, əkib-becərməklə məşğuluq. Axı əkinçi səbrli olmalıdır. Nəzərdə tutduqlarımla nail olduqlarım mütənasib olmasa da, qazancım gələcəkdə işimə yarayacaq yaxşı təcrübə olub. Artıq mexanizatorluğu da, aqronlomluğu da bu peşə sahibləri ilə eyni səviyyədə əxz etmişəm. Hər halda, hansısa traktorçu bir məclisə getməkdən ötrü “filan mexanizm xarabdır” bəhanəsi ilə məni aldada bilməz. Əkməyin və becərməyin, gübrələnməyin və suvarmanın vaxtını, toxumların keyfiyyətini və başqa incəlikləri müəyyən edə bilirəm.

“Aqrolizinq”lə yaxşı, işgüzar, əlaqələrimiz var. Özümüz K700, BT89, BT1221 markalı üç traktor, toxumtəmizləyən, toxumsəpən, 2 növ gübrəsəpən, 2 frez və lafet, 3 kultivator və s. texnikanın sahibi olmuşuq. Yenə “Aqrolizinq” vasitəsilə tərəvəzçilikdə istifadə etməkdən ötrü kiçik traktor almaq fikrimiz var.

-Bildiyimiz qədər 500 hektara yaxın torpağa sahiblik edirsiniz. Bu torpaqlardan səmərəli istifadə olunurmu?

-Əsasən taxıl toxumçuluğu ilə məşğuluq. Artıq altıncı ildir ki, R1 və R2 sertifikatlaşdırılmış bir neçə elit sort toxum əldə edib satırıq. Kənd təsərrüfatı nazirliyindən müvafiq şəhadətnamə də almışıq. Müştərilərimiz hələ ki, razılıq edirlər. Yeri gəlmişkən, indi taxıl biçinini başa çatdırmaqdayıq. Hər hektardan ötənilki 20 əvəzinə 36 sentner məhsul əldə etmişik.

31 hektar fındıq bağımız var. Zaqatala və yerli növ tinglər əkmişik. Yeddi ildir qulluq edirik. Bu il bara düşüb.

15 hektarda yoncalıq salmışıq. Müştərilərimiz var. Yığıb qurutduqdan sonra presləyib yola salacağıq. Niyyətimiz var ki, sahələri genişləndirək.

Ötən ildən tərəvəzçilik və bostançılıqla da məşğul oluruq. Sınaq məqsədilə Şirvanovka zonasında pomidor, xiyar, badımcan, bibər, eləcə də qarpız və yemiş yetişdirdik. Yerli əhali əkin sahəmizə şübhə ilə baxsa da, sonda təsərrüfat işləri üzrə müavinim təcrübəli Rəfixan Şəkixanovun hesablamaları doğru çıxdı. Yaxşı məhsul əldə etdik. Quba konserv zavoduna, ətraf bazarlara xeyli məhsul çıxartdıq.

-Yeri gəlmişkən, kadr, işçi məsələsi nə yerdədir? Siz Şirvanovka, Əcəxür, Muruq, Mucuq məktəblərinə hamilik edirsiniz. Bu təhsil müəssisələrinin məzunları hesabına gərəkli mütəxəssis yetişdirmək niyyətiniz vardı …

-Təəssüf ki, bu sahədə hələ öyünməli nəticələrimiz yoxdur. Kənd təsərrüfatı institutlarına qəbul olunacaq tələbələrə əlavə dotasiya, maddi yardım təklif etsəm də, nə məzunlar, nə də valideynlər buna razı oldular. Ölkəmizdə yeganə kənd təsərrüfatı akademiyası Gəncə şəhərindədir. Ora uzaqdır, yol, kirayə ev, yemək xərcləri ailə büdcəsi xaricindədir-dedilər. Həqiqətən də belədir. Bu, bölgədə kənd təsərrüfatı təmayüllü texnikum və peşə məktəblərinin bərpasını, müasir kənd təsərrüfatı peşəkarları yetişdirmək zəruriyyətini bir qədər də aktuallaşdırır.

Hələlik təcrübəli idarəçimiz, bir neçə mexanizatormuz var. Mövsüm ərzində 30-35 nəfər işçinin gücündən istifadə edirik.

-Ölkə başçısının NK-nın məlum iclasındakı çıxışını şəxsən cənab Prezidentin, dövlətimizin sahibkarlığa dəstəyinin nümayişi, onların fəaliyyətinə yersiz müdaxilənin qarşısının qətiyyətlə alınacağına ciddi zəmanətdir. Öz fəaliyyətinizdə necə, maneələrlə qarşılaşırsınızmı?

-Tamamilə səmimi deyirəm: rayonda mənə, eləcə də həmkarlarıma hərtərəfli, işgüzar fəaliyyət mühiti yaradılıb. Çətinliklər başqadır: regionda sahibkarlara xidmət sahələri, tutaq ki, istehsal olunan məhsulun keyfiyyətini müəyyən edən laboratoriya, torpaqların məhsuldarlığını aşkarlayıb gərəkli məsləhətlər verən idarə, ixtisaslaşdırılmış, dövlət zəmanəti ilə toxum satan mağaza, hidrometeoroloji məlumat bürosu və s. yoxdur. Zənnimcə kənd təsərrüfatı istehsalçılarına bu və digər məsələlər üzrə xidmət göstərəcək “Asan xidmət”in təşkili aktuallıq kəsb edir. Kənd əməkçisi, fermer yəqin bilməlidir ki, onun məhsulunu kim, neçəyə alacaq. Belə olduqda, istehsalın səviyyəsi, məhsuldarlıq və keyfiyyət də xeyli yüksələr. Axı regionların inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi əsasən aqrar sektorun inkişafından asılıdır.

Ölkə başçısı cənab İlham Əliyevin çıxışına gəldikdə, onu tamamilə dəstəkləyirəm. Ölkəmizin sahibkarlıq hesabına inkişaf edəcəyini söyləyən Prezident iş adamlarının, sahibkarların daha rahat çalışmaları, daha böyük gəlirin əldə edilməsi üçün şəraitin yaradılması, kreditlərin faiz dərəcələrinin aşağı salınması, təkrar əkinlər üçün də subsidiyaların ödənilməsi barədə tapşırıqlar verib.

-Açıq, səmimi söhbətinizə görə minnətdarlıq edirik. Vaxtınızı çox almaq istəmirik, işin qaynar çağıdır, yəqin sahəyə tələsirsiniz…

-Elədir. Torpaq, təbiət insanı həm də düşüncələrə sövq edir, onun içində yeni arzular, ümidlər doğulur. İndi bir arzu mənə hakim kəsilib: mükəmməl infrast-   ruktura, əməkləri yüksək səviyyədə ödənilən mütəxəssislərə malik istehsal-emal müəssisəsi yaratmaq, rəqabətqabiliyyətli məhsullarımızla ixrac bazarlarına çıxmaq! O məhsullar ki, üzərində hamıya məlum “Qusarda yetişdirilmişdir” brendi olsun.    

     Söhbətləşdi: Vidadi Sevzixanov