KƏND SAKİNLƏRİNƏ RAMAZAN HƏDİYYƏSİ

Əcəxuroba kəndinə ilk dəfə təbii qazın verilməsini sevinclə qarşılayan sakinlər yaradılan məişət rahatlığına görə minnətdarlıqlarını bildirdilər.

“Azəriqaz” İstehsalat Birliyinin ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur.

Rayonumuzun kəndlərinin qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan diqqətə layiqdir. İyulun 9-da Əcəxuroba kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir.    

Tədbirdə rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri RİHB-in Əcəxür Kənd İƏD üzrə nümayəndəsi Qazıxan Səlimxanov açmışdır. O bildirmişdir ki, 63 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 2600 metr olan polietilen və 5700 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 63 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Nümayəndə əhalinin məişət rahatlığına zəmin yaradan qaz çəkilişini həyata keçirənlərin ünvanına ən xoş arzularını bildirdi.

Kənd sakinlərindən Xatimə Eldarova və Səid Nəbiyev xalqımıza yaratdığı daha qayğısız və bəxtəvər sosial həyat tərzinə görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına dərin minnətdarlıq duyğularını ifadə edərək ölkə başçısına möhkəm cansağlığı arzuladılar.

Qusar RİH başçısının muavini Elman Mustafayev kənd camaatını əlamətdar hadisə münasibətilə səmim qəlbdən təbrik etdi. Ölkəmizin sürətli dinamik inkişafını, onun müdafiə qüdrətinin artmasını, siyasi imicinin tamamilə yeni siyasi müstəvi üzərində yüksəlməsini ümummili liderimizin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yorulmaz fəaliyyəti kimi dəyərləndirdi. O, çıxışını əvəzsiz təbii yanacaqdan təhlükəsiz və xoş məqsədlərlə istifadə etməyi arzulamaqla yekunlaşdırdı.

Tədbirdə iştirak edən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbaliyev çıxış edərək vurğuladı ki, ekoloji cəhətcə təmiz, ucuz və sərfəli mavi alovla respublikamızın bütün regionlarını təchiz etməyi bilavasitə ölkə başçısı İlham Əliyev cənabları mühüm və təxirəsalınmaz vəzifə kimi qarşımıza qoyub. Biz bu etimadı vaxtında və məsuliyyətlə doğrultmaq üçün əlimizdən gələni əsirgəmirik. Sizə gözaydınlığı verərək, qazdan istifadə zamanı təhlükəsizlik qaydalarını ciddi gözləməyi tövsiyə edirəm.

Mərasim iştirakçılarının təntənəli alqışları altında rəmzi məşələ od vurulur.

Tədbirin qonaqları kənd sakini Rafik Əmirbəyovun evinə baş çəkdilər. Ailədəkilər evdarlar üçün yaradılan belə rahatlığa görə minnətdarlıqlarını bildirdilər.                     

      “qusar”