Yarım əsr musiqi aləmində

Qəlblərində musiqi duyumu olan, onun ecazkarlığından zövq alanlar xoşbəxtdirlər. Bu duyumu özgələrində taparaq onu kamilləşdirməyi bacaranlar isə ikiqat xoşbəxtdirlər. Musiqi müəllimləri həyatları boyu belə ilahi missiyanı həyata keçirirlər. Kollektivimizin təcrübəli, səriştəli və istedadlı üzvü Sədaqət Səfərova kimi.

Onun Bakıdakı 17 saylı musiqi məktəbinin skripka sinfinə daxil olduğundan 51 il ötür. Onda Sədaqətin cəmi 9 yaşı var idi. Şəhər uşaqlarının çoxu orta təhsillə bərabər musiqi təhsili də alırlar. Amma musiqi Sədaqətdən ötrü adi hobbi deyildi. Peşə seçimi qarşısında qalanda o, yenə musiqini seçdi, sənədlərini Asəf Zeynallı adına Musiqi Məktəbinə verdi. Buranı bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Sədaqət xanım musiqi biliyini daha da artırmağa, ifaçılıq qabiliyyətini yüksəltməyə nail oldu.

Pedaqoji fəaliyyətinə Lənkəran Şəhər Musiqi Texnikumunda müəllimliklə başlayan gənc doğma Bakıya qayıdaraq 10 ilə yaxın bir müddətdə 22 saylı Musiqi Məktəbində skripka ixtisası üzrə müəllim, orkestr şöbəsinin müdiri vəzifəsində çalışdı.

1993-cü ildə ailə vəziyyəti ilə əlaqədar ata yurdu Qusara köçən Sədaqət Səfərova sevimli peşəsindən uzaqlaşa bilmədi. Aşağıləgərli balacaların bəxtinə belə bir müəllim düşdü. 5 il bu kəndin orta məktəbində nəğmə müəllimi işlədikdən sonra nəhayət, 1998-ci ildə bilik və bacarığını tətbiq etməyə əsl meydan tapa bildi: Qusar Rayon Uşaq İncəsənət Məktəbinə ixtisası üzrə müəllim qəbul olundu.

Sədaqət xanımın kollektivimizə gəlişi məktəbin yaradıcılıq atmosferinə yeni nəfəs, işgüzar ab-hava gətirdi. Tezliklə skripka kimi ecazkar alətin həvəskarları artmağa, təcrübəli müəllimin yetirmələri müxtəlif yarış və müsabiqələrə qatılaraq yüksək nəticələrə imza atmağa başladı. Kifayət Mehdiyeva ilə Əlfiyyə Rüstəmova sevimli müəllimlərinə olan məhəbbəti bu peşəyə yiyələnməklə sübuta yetirdilər. İndi onlar Sədaqət xanımla çiyin-çiyinə məktəbimizdə müəllimlik edirlər. 2008-ci ildə gənc skripkaçıların respublika müsabiqəsində uğur qazanan Tural Əmirmətovun, həmin uğuru bu il təkrarlayaraq respublika müsabiqəsinin laureatı adını qazanan Aytən Müslümovanın, onlarla istedadlı şagirdinin timsalında özünün həyata keçmiş arzularını görür xanım musiqiçi.

İki oğul anası Sədaqət Səfərova onları cəmiyyətimizə, Vətənimizə layiqli vətəndaş, gərəkli peşəkar kimi böyüdüb tərbiyə edib. Anar Azərbaycan Sosial Münasibətlər Akademiyasının, Ayaz isə   Azərbaycan Texniki Universitetinin məzunudur. Milli Elmlər Akademiyanın doktorantı olan Ayaz Qusarın ekologiyası haqqında elmi iş üzərində çalışır.

Ömrünün yeni-müdriklik və ağbirçəklik mərhələsinə qədəm basan həmkarımızı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə xoşbəxtliyi, çoxlu sayda nəvələrin nənəsi olmaq səadəti diləyirik.

Rayon uşaq incəsənət məktəbinin kollektivi