Sevimli şair, böyük vətəndaş

Bu il sevimli şairimiz Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi qeyd edilir. Bu yubiley münasibətilə Balaqusar kənd orta məktəbində maraqlı tədbir keçirilmişdir.

Tədbiri açan məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Züleyxa Hacıyeva öz çıxışında bildirmişdir ki, şairin ilk əsəri “Xəzan bülbülü” poemasıdır. İlk çap olunan şeiri “Ana və şəkil” şeiri, ilk şeir kitabı “Mənim dostlarım” dır.

Şairin 70-dən çox kitabı var: “Sadə adamlar”, “Bir ürəkdə dörd fəsil”, “Açıq söhbət”, “İnsan və zaman” və s. Onun “Ədəbi heykəl”, “Muğam”, “Şəbi-hicran”, “Atılmışlar”, “Həyat-ölüm”, “Gülüstan”, “Şəhidlər”, “416” kimi poemaları, “Vicdan”, “Fəryad”, “Özümüzü kəsən qılınc” kimi pyesləri geniş oxucu sevgisi qazanıb. Şair tərcüməçiliklə də məşğul olmuşdur. Eyni zamanda o, “Sənətkar və zaman”, “Gəlin açıq danışaq”, “Şənbə gecəsinə gedən yol” kimi publisistik kitabların müəllifidir. Bir sözlə, həm lirik, həm epik, həm elmi əsərlərin müəllifi kimi şöhrət qazanmışdır.

Tədbir “Ağac altı, yaşıl çəmən, bir də ki, tünd çay” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir. Bir daha qeyd olunmuşdur ki, şairin yaradıcılığı azərbaycançılıq ideyalarına əsaslanır.

Bədii gecədə əvvəl şairin “Axı dünya fırlanır” şeiri onun öz səsiylə səsləndirilmişdir. Sonra məktəblilər tərəfindən şairin şeirləri söylənilmiş, əsərlərindən səhnələr göstərilmişdir.

Tədbirin fəal aparıcıları Ayşən, Alina, Nərmin və Aynurun bacarıqlı çıxışları, “Muğam” poemasından seçilmiş Ayşənin söylədiyi “Segah”, Səidənin səsləndirdiyi “Çahargah”, Aynurun söylədiyi “Muğam” şeirləri, Səidənin və Ziyadın ifasında “Şəbi-hicran”, Ayşənin, Nərminin, Nurlananın ifasında “Atılmışlar”, Aynurun, yeddincilərin ifasında “Şəhidlər” poemalarından hazırlanmış səhnəciklər hamı tərəfindən hərarətlə qarşılanmışdır.

Fidanın ifasında şairin qəzəli, Seyranənin “Kəpənək rəqsi” alqışlanmışdır. Şairin sözlərinə yazılmış “Biri sənsən, biri mən”, “Durna qatarı”, “Azərbaycan-Türkiyə”, “Kölgəm qədər yaxınsan”, “Gecələr”, “Kəpənək” mahnıları İlqar və Səbinə tərəfindən ifa olunmuşdur.

Sonda şairin ifasında “Ana dili” şeiri dinlənilmişdir. Əlaçı şagirdlərdən Ayşən, Alina, Nərmin, Nurlana, Cəmaləddin, Səfail fəxri fərmanlarla təltif olunmuşlar.

Züleyxa HACIYEVA,

Balaqusar kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi