Həkimin səmərəli fəaliyyəti medalla qiymətləndirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə bir qrup tibb işçisi “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 Yüksək mükafata layiq bilinənlər arasında Qusar MRX-nın yoluxucu xəstəliklər şöbəsinin müdiri Cəfərov Mühübali Cəfər oğlu da vardır.

 Mühübəli Cəfərov 1967-ci ilin fevralında Əcəxür kəndində dünyaya göz açıb. Kənd məktəbində səkkizillik, Bakıda kimya-biologiya təmayüllü internat məktəbində orta təhsil alıb.

 1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olan gənc oranı bitirməklə özünün, valideynlərinin arzusunu həyata keçirib-həkim ixtisasına yiyələnib.

 Rayon sakinləri bü təvazökar, sadə, daim sağlam həyat tərzini təbliğ edən həkimi yaxşı tanıyırlar. O, çalışdığı mərkəzi rayon xəstəxanasında həm həkim, həm də fəal ictimaiyyətçi kimi mühüm missiyaları layiqincə yerinə yetirir. Mühübəli həkim işlədiyi kollektiv üzvlərinin də təsdiq etdikləri kimi, yüksək təşkilatçılıq bacarığına malik, təbiətən qayğıkeş, peşəsinə qəlbən bağlı bir insandır.

 Xəstəxananın yoluxucu xəstəliklər şöbəsinin müdiri, səhiyyə işçiləri həmkarlar ittifaqı rayon təşkilatının sədri olan Mühübəli Cəfərov taleyinə yazılmış insanları qorumaq, xəstələrə şəfqət əli uzatmaq, onların sağlamlığını bərpa etmək tapşırığının öhdəsindən şərəflə gəlməyə çalışır.

 2013-cü ildə AHİK-in “20 illik” yubiley medalını, bir il sonra AHİK-in “Həmkarlar ittifaqında xidmətə görə” medalını alan bacarıqlı həkim-təşkilatçı ölkə başçısının imzası ilə sinəsinə taxdığı “Tərəqqi” medalını daha böyük qürurla daşıyacağını bildirmişdir.

 İki tələbə övladın atası olan qayğıkeş həkim onları da vətənpərvərlik, halallıq, zəhmətsevərlik əqidəsində tərbiyə etməyi bacarıb.

 Mühübəli həkimi dövlətin yüksək mükafatına layiq bilinməsi münasibətilə təbrik edir, ona daha parlaq nailiyyətlər diləyirik!

                    “QUSAR”