İki bıçaq biri cani, biri cərrah əlində

Faraların işığını kəndə aparan yola yönəltdi ki, uşaqlıq “dostu” onun yerini rahat görə bilsin. Söhbətin nədən gedəcəyini təxmin etsə də, Sərxanın məhz meşə kənarında görüşə israr etməsinin səbəbini anlaya bilmirdi. Meşə təsərrüfatına işə girdiyi ilk günlərdə təcrübəli meşəçilərdən birinin sözlərini qulağında sırğa etmişdi: “Qədərincə, insafla kəsilsə, meşələr bitib-tükənən deyil. Camaatımızın dolanacağı-oduncağı, giləmeyvəsi buraların hesabınadır. İnsanlarla mülayim ol, başa sal, xırda-para məsələlərin üstündən keç, görməməzliyə vur…” Bir il əvvəl Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə işə girən Seymur ağsaqqal tövsiyəsinə görə bu qaydalara əməl edirdi. Xeyli hissəsi Xuray kəndinin ərazisinə düşən 24-cü dolayda balta, mişar səsi də azalmışdı, camaatın narazılıqları da. Amma Kürkündə qoçuluğu ilə ad çıxarmış Sərxan onun məsləhət və iradlarına məhəl qoymurdu. Üç-dörd dəfə yasaq yerdən icazəsiz, sənədsiz odun aparmışdı. Sonuncuda meşə mühafizəsi və bərpası müəssisəsinin işçiləri haqqında akt tərtib edib cərimə kəsəndən sonra günahı “dostu” Seymurda görürdü. Seymur isə cərimənin azaldılmasına, hətta ödənilməsinə köməklik edəcəyinə boyun olmuşdu. Əvvəl Sərxanın əlində oynatdığını təsbeh zənn etdi. Qolunda, çiynində kəskin ağrı hiss etdikdə “dostunun” qarşısında bıçaq oynatdığını, sərrast zərbə üçün fürsət axtardığını anladı. Söz, yalvarış, inandırma cəhdləri fayda vermədikdə, Seymur canını qaçıb qurtarmaqla xilas etmək qərarına gəldi. Amma bu dəfə Sərxan əlindəki bıçağı iki-üç dəfə onun qarın nayihəsinə dürtdü. Kürkünün “Basmalar” deyilən tala sahəsindən kəndə bir kilometrdən çox yol var idi. İki əli ilə qarnını tutub kəndə sarı götürülən Seymur indi arxadan zərbələr almağa başladı. “…Kürəyimdən aldığım zərbələr məni narahat etmirdi,-34 yaşlı meşə gözətçisi xəstəxana palatasında yada salır-başa düşürdüm ki, əsas qarındır, orda hansısa vacib orqan zədələnib, qan itirirəm. On-on beş dəqiqəyə yaşadığım ömrün, sanki, bütün anları gözümün önündən keçdi. Surqutda keçirdiyim, əzab-əziyyət çəkdiyim, ailəmə çörək pulu yollamaq üçün bazarlarda təhqirlərə dözdüyüm, hədə-qorxu ilə qarşılaşdığım illəri xatırladım, həyat yoldaşımın, oğlanlarım Raulla, Tunarın, bir yaşı tamam olmamış Aysunun gələcək taleyini fikirləşdim… Barmaqlarımın arasından fışqıran isti qanımı hiss edirdim. Son anda Allaha yalvardım: məni qürbətdə hifz etdin, ilahi, qoyma doğma torpağımda bir namərdin əlində ölüm…” Öz evinə yox, anasıgilə getməyi qərara aldı: “Yoldaşım məni bu halda görsəydi, özünü itirər, nə edəcəyini bilməzdi. Qardaşım Famil anamla birgə, həm də dayıma yaxın yaşayırdı; bir əlac tapardılar” Gecə on-on bir radələrində onu bir minik maşını ilə Qusara, rayon mərkəzi xəstəxanasına çatdırdılar… *** İşdən evə dönən Qasım doktor şamdan sonra adəti üzrə axşam gəzintisinə çıxdı. Sonra kompüter arxasına keçib oğlanları ilə skaypla söhbətləşdi. Əvvəl Tulada təhsil alan böyük oğlu Kamranla, sonra Volqaqrad universitetinin tələbəsi Ruslanla. Oğlanlarının hər ikisi atasının yolunu seçərək tibb fakültəsinə daxil olub. Özləri də eyni-ikinci kursda təhsil alırlar. Hələ üstəlik evin sonbeşiyi, bu ilin məzunu Anella da həkim olmağa hazırlaşır. Qasım doktor övladları ilə sərbəst, üzbəüz danışandan sonra skaypı kəşf edənin canına sağlıq dilədi, öz gəncliyini, tələbəliyini xatırladı. Onda valideylərinin səsini eşitməkdən ötrü danışıq məntəqəsinə gəlmək, növbə gözləmək, dəqiqələri pulla öçülən qırıq-kəsik danışıqla kifayətlənmək lazım idi. Əniğ kənd orta məktəbini bitirən gənc nəinki çoxları üçün əlçatmaz sayılan tibb institutuna daxil olmuşdu, buranı fərqlənmə diplomu ilə bitirərək artıq 26 il idi ki, həmyerlilərinin sağlamlığı keşiyində idi. Gecə vaxtı işə təcili çağırış onu təəccübləndirmədi: bu illər ərzində sutkanın istənilən anında özünü şöbəyə yetirməyə alışmışdı. Artıq on dəqiqədən sonra o, 4-5 saat əvvəl ayrıldığı iş yerində idi. Xərəklə dəhlizə çıxarılmış yaralıya baxdı. -Doktor, rentgen otağına aparmaq istəyirik… Amma təcrübəli cərrah qəti tapşırıq verdi: -Təcili əməliyyat otağına qaldırın, vaxt itirərik! Quba rayonunun Kürkün kəndindən çoxlu sayda bıçaq yaraları ilə xəstəxanaya daxil olan meşə gözətçisini əməliyyat otağına qaldırdılar. Cərrahlar Qasım Qəribov və Orxan Qurbanovdan, anestezioloq-reanimatoloq Cavanşir Beybutov və tibb bacısı Xalisə Şahmuradovadan ibarət briqada saat 23 radələrində əməliyyata başladı. On bir bıçaq yarası almış meşəçinin qarın boşluğunda cərrah Qasım Qəribovun əməliyyat bıçağı-skalpeli ilə ilə 30-35 santimetr uzunluqda kəsik açıldı. Xəstənin vəziyyəti olduqca ağır idi: bıçaq qara ciyəri iki yerdən deşib keçmişdi, nazik bağırsaqlarda çoxlu miqdarda kəsiklər var idi. Yaralının qarın boşluğunda daxili qanaxma nəticəsində həddən çox qan yığılmışdı… -Seymuru ölümün pəncəsindən təkcə biz yox, iradəsi, yaxınlarının cəld tərpənməsi qurtardı-deyir doktor Qasım Qəribov,-bu gənc fiziki cəhətdən sağlam olub. Əgər rentgen, analizlər və s. kimi texniki şərtlərin nəticələrini gözləsəydik, qiymətli dəqiqələri itirər, onu xilas edə bilməzdik. Əvvəl qara ciyərinin deşib-keçən yaralarını tikib qanaxmanın qarşısını aldıq. Sonra bağırsaq və digər yaralarının işlənməsini həyata keçirdik… Qubanın Kürkün kəndində yaşayan Şixəliyevlər ailəsi-Seymurun anası Qənimət xala, həyat yoldaşı Aytən xanım, qardaşı Famil, dayısı Bayar, həmkarları olan meşəçilər bacarıqlı cərrah Qasım Qəribova, xəstəxananın bütün tibb personalına minnətdarlıqlarını bildirir, “şəfa verən əlləriniz var olsun”- deyirlər. Seymur artıq ayaq üstədir, sağlamlığı üçün olan təhlükə sovuşub. Cinayəti törədənə gəldikdə, dəfələrlə müxtəlif cinayətlərə rəvac verən bu şəxs saxlanılıb, cəzasını istintaqdan sonra məhkəmə müəyyən edəcək. Meşə gözətçisinin meşə qarətçisi, cani bıçağının cərrrah bıçağı ilə mübarizəsi çətinliklə də olsa haqqın, ədalətin, xeyir daşıyıcılarının qələbəsi ilə bitdi. Çalışaq, həyatımızda həmişə xeyir qələbə çalsın, cinayətə, xəyanətə yer qalmasın! Vidadi