MEŞƏLƏR SƏRVƏTİMİZDİR

Mayın 23-ü ekologiya işçilərinin peşə bayramıdır. Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Dövlət başçısı İlham Əliyevin 2007-ci il mayın 16-da imzaladığı sərəncamla mayın 23-ü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü təsis edilmişdir. Bu təqvimlə bağlı müxbirimiz Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Əkrəm BabayevLƏ söhbət etmişdir. O demişdir:
-Təbiətin qorunması, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadə olunması hazırda ölkədə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Bu məqsədlə yeni yaşıllıqlar salınır, flora və faunanın mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Respublikamızda geniş meşə massivlərinə malik rayonlardan biri də Qusardır. Rayonumuzda meşəçilik təsərrüfatı hələ 1929-cu ildən fəaliyyətə başlamışdır. Rayonumuzun ərazisinin yerləşdiyi bitki zonası üçün xarakterik olan iqlim şəraiti, yağıntının miqdarı, temperaturu, torpaqları əlverişli meşəbitmə şəraiti yaradır. Meşə mühafizəsi və bərpası müəssisəsi 3 meşəbəyliyindən ibarət olmaqla 22.500 hektarlıq əraziyə xidmət edir. Qusarın meşə massivləri cəmi rayonun ərazisinin 12,6 faizini təşkil edir. Rayon əhalisinin sayının 93.8 min nəfər olduğunu nəzərə alsaq, orta hesabla hər birimizin payına ancaq kiçik bir meşə sahəsinin düşdüyünü yəqinləşdirmək çətin deyildir. Məhz buna görə həm respublika, həm də rayon rəhbərliyi mühüm turizm mərkəzi olan Qusarda yeni meşə zolaqlarının salınıb artırılmasına qayğı və diqqəti xeyli artırmışdır. Bu istiqamətdə mütəmadi görülən tədbirlərdə müəssisəmiz də yaxından iştirak edir. Kollektiv 2015-ci ilin yaz mövsümü üçün planlaşdırılmış əkin-səpin tədbirlərini müvəffəqiyyətlə başa çatdırmışdır. Müəssisə üzrə 30 hektar sahədə yeni meşə əkini, 54 hektarda meşə əkinlərinin təmiri işi başa çatdırılmışdır. Bu məqsədlə ümumilikdə 64 min ədəd əkin materialından istifadə olunmuşdur. Ənənəyə uyğun olaraq əkin materialının yetişdirilməsini diqqət mərkəzində saxlayırıq. 0,30 meşə tingliyinin salınması, bir o qədər yerdə böyütmə sahəsinin yaradılması təmin olunmuşdur. Hazırda əkinlərə xidmət işləri aparılır. Meşələrin mühafizəsi işində də müsbət irəliləyişlər vardır. Kəndlərimizin qazlaşdırılmasının, əhali arasında ekoloji təbliğatın aparılmasının nəticəsi olaraq ötən dövrlə müqayisədə ağacların özbaşına qırılması xeyli azalmışdır. Bununla belə yaşıllıqların qənimi olan kəslər hələ qalmaqdadır. 2015-ci ildə 21 nəfər ağacların özbaşına qırılmasına görə 2750 manat məbləğində cərimə edilmiş, cəriməni könüllü ödəməyən şəxslər barəsində tədbir görülməkdən ötrü aidiyyatı orqanlara müraciət olunmuşdur. Peşə bayramını əmək töhfələrilə qarşılayan, əkin və bərpa işlərinin aparılmasında fərqlənən, əkinlərdə yüksək bitişə nail olmuş Koroğlu Mehdiyevin, Zahid Abdullayevin, Zahid Abuyevin, Kərim Xanəhmədovun, Cabir Zərbəliyev və başqalarının adlarını xüsusi qeyd etmək istəyirəm. Hər bir vətəndaşı yaşıllıqların qorunmasında diqqətli olmağa, onların yararsız vəziyyətə düşməsinə şərait yaradan hallara biganə qalmamağa çağırırıq.