Necə əkiriksə, elə də biçirik

Amma bu, bizi qane etməməlidir. Zaman ekstensiv deyil, intensiv əkin tələb edir.
Məlum olduğu kimi 2015-ci il Prezident İlham Əliyev cənablarının 12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında “Kənd Təsərrüfatı İli” elan edilmişdir. Bu, o deməkdir ki, cari ildə kəndin və kəndlilərin qayğıları hökumətin daha çox gündəmində olacaq, bu da iqtisadiyyatın bu sahəsinin daha da inkişafına təkan verəcəkdir. Kənd təsərrüfatı əhalini ərzaq məhsulları, emal sənayesini xammalla təmin etdiyindən hər bir ölkə üçün iqtisadi, sosial və siyasi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi üçün ulu öndər Heydər Əliyev tərəfindən 1995-ci ildən başlayaraq aqrar bölmədə aparılan köklü islahatlar (sovxoz və kolxozlar, digər kənd təsərrüfatı müəssisələri ləğv edilərək onlara məxsus torpaq və əmlakın əvəzsiz olaraq kənd sakinlərinə paylanması və s.) kənd təsərrüfatının daha sürətli inkişafına zəmin yaratmışdır. Bütün dünyada təcrübədən keçirilmiş bir həqiqət mövcuddur: aqrar sahə güclü dövlət dəstəyi olmadan inkişaf edə bilməz. Belə ki, kənd təsərrüfatı istehsalına mövsümülük, bir sıra bioloji və təbii amillərdən istifadə edilməsi kimi xüsusiyyətlər xasdır. Sadə dillə izah etsək, su olmasa, quraqlıq baş verərsə, yaxud dolu düşərsə, ya da şaxta nəticəsində bir illik zəhmətin, çoxlu miqdarda xərclərin bir andaca yox olur. Üstəgəl, kənd təsərrüfatı respublika iqtisadiyyatının yeganə sahələrindən biridir ki, sığorta mexanizmi burada “işləmir”. Ona görə də dövlət başçısı tərəfindən 2007-ci il yanvarın 23-də “Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncam imzalanmışdır. Hazırda kənd təsərrüfatı istehsalçıları torpaq vergisindən başqa digər vergilərdən azaddır. İstifadə etdikləri yanacaq və motor yağlarının dəyərinin əksər hissəsi, gübrələrin və cins mal-qaranın dəyərinin yarıdan çoxu dövlət büdcəsi hesabına ödənilir, texnika lizinq yolu ilə verilir, yüksək reproduksiyalı toxum və ting istehsalı dövlət tərəfindən dəstəklənir. Kənd əməkçilərinə yaradılmış bu cür şəraitin nəticəsidir ki, Qusar rayonunda kənd təsərrüfatının ümumi məhsulu 2003-cü ilə nisbətən 3 dəfə artmışdır. Cəmi əkilmiş bitkilərin (taxıl, kartof, tərəvəz və s.) ümumi sahəsi 2000-ci ildə 12.189 hektar, 2010-cu ildə 33.142 hektar idisə, artıq 2013-cü ildə əkinaltı sahə 41.622 hektar olmuşdur. Göründüyü kimi 2000-ci ilə nisbətən 2013-cü ildə 29.433 hektar sahə çox əkilmişdir. Rayonda torpaq balansına uyğun olaraq 35 min hektara yaxın əkin sahəsi vardır. Bəs necə olur ki, 35 min hektar əvəzinə 42 min hektarda məhsul becərilir? Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, mövcud çoxillik əkmələrin əkin sahəsində nə qədər dəyişiklik olsa belə, torpaq balansında əkin yeri üzrə göstərici dəyişməz qalmışdır. Belə ki, keçən əsrin 90-cı illərinə qədər mövcud olan 12 min hektara yaxın meyvə bağı və 1,5 min hektar üzüm plantasiyası əvəzinə hazırda 6 min hektar meyvə bağı və 0,2 hektar üzüm bağı becərilir. Meyvə ağaclarının və üzüm tənəklərinin çıxarılması hesabına sərbəst qalan 7,3 min hektar (13,5-6,2) torpaq sahəsi (əkin yeri) isə balansa təyinatı üzrə əkin yerinə yox, sair torpaqlara əlavə edilmişdir. Bildiyiniz kimi kənd təsərrüfatının əsas istehsal vasitəsi torpaqdır. Ona görə də birinci növbədə torpaqların dəqiq uçotu lazımdır. Cari ilin yanvar ayının 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev cənabları 2015-ci ilin “Kənd Təsərrüfatı İli” elan edilməsi ilə bağlı görüləcək tədbirlərdən bir neçə əsas məsələni irəli sürmüşdür: 1) Kənd təsərrüfatına yararlı, lakin təyinatı üzrə becərilmədən istifadəsiz qalan torpaqların müəyyən edilərək əkin dövriyyəsinə daxil edilməsi. 2) Torpaqların elektron uçot sisteminin- “elektron kənd təsərrüfatı” layihəsinin icrasına başlanılması və tezliklə başa çatdırılması. 3) Hər bir rayonda rayonun yerli şəraitinə uyğun, uzun illərin təcrübəsinə əsaslanan ixtisaslaşmanın aparılması. 4) İri təsərrüfatların yaradılması və sairə. Görülən tədbirlərə və son illər kənd əməkçilərinə göstərilən dövlət dəstəyinin artırılmasına baxmayaraq, respublikada olduğu kimi, rayonumuzda da taxılın, əsasən strateji məhsul sayılan buğdanın məhsuldarlığının artırılmasına nail olunmur. Belə ki, rayonda buğda üzrə məhsuldarlıq hər hektardan 2000-ci ildə 23,3 sentner, 2010-cu ildə 16,3 sentner, 2013-cü ildə 19,1 sentner, nəhayət 2014-cü ildə 17,2 sentner olmuşdur. Respublika üzrə də bu göstəricilər dünya ölkələrinin əksəriyyətinə nisbətən xeyli aşağıdır və hektardan 27,5 sentneri ötmür. Fikrimizcə, məhsuldarlığın aşağı olmasının əsas səbəblərindən biri subsidiyaların verilməsi mexanizmindədir. Toyuq dəninə oxşar, səpin üçün, ümumiyyətlə, yararsız olan toxumu səpməklə yüzlərlə hektar sahədən 1 kiloqram belə buğda istehsal etmədən onu ot üçün biçən də, yaxud hektardan 3-5 sentner məhsul istehsal edənlə (hələ keyfiyyətsiz görülmüş digər aqrotexniki tədbirləri qeyd etmirik) hektardan yüksək zəhməti hesabına 30-40 sentner götürən, becərilmiş hektara görə eyni miqdarda, yəni 80 manat subsidiya alır. Nəticədə inkişafın ekstensiv yoluna meyl artır. Yəni yüksək məhsuldar sortların, elit toxumların becərilməsinə, elmin son nailiyyətlərinin tətbiqinə maraq azalır. Burada qeyd etmək yerinə düşər ki, kənd təsərrüfatında inkişafın intensiv və ekstensiv inkişaf yolları barədə “Qusar” qəzetinin bir neçə sayında tərəfimizdən az da olsa məlumat verilmişdir. Artıq qeyd etdiyim kimi dövlət başçısı tərəfindən müvafiq qurumlara bir sıra ərzaq məhsulları üzrə (əsasən buğda) idxaldan asılılığın aradan qaldırılması istiqamətində təsirli tədbirlərin görülməsi tapşırılmışdır. Gərək ki, becərilmiş əkin sahəsi yox, istehsalın son məqsədi olan keyfiyyətli əmtəəlik (satlıq) məhsul tədarükü dəstəklənsin. Yəni, istehsalçı nə qədər çox məhsul tədarük etsə (satsa), bir o qədər ona vəsait çox ödənilsin. Misal: vətəndaş A. mülkiyyətində olan 3 hektar buğda sahəsindən cəmi 15 sentner məhsul istehsal etmişdir və keyfiyyətsiz olduğundan satlıq məhsulu yoxdur. Bununla belə ona mövcud qanunvericiliyə əsasən 240 manat subsidiya ödənilir. Lakin vətəndaş B. mülkiyyətində olan 1 hektar buğda sahəsindən 40 sentner məhsul götürməsinə baxmayaraq, ona 1 hektara görə yalnız 80 manat subsidiya ödənilir ki, bu da istehsalın gələcək inkişafına xidmət etmir. Əgər məhsula görə dəstək mexanizmi yaradılsaydı, vətəndaş A. bir qəpik belə, vətəndaş B. isə satdığı 4 ton məhsula görə 400 manata yaxın (buğdanın orta bazar qiymətinin təxminən 50 faizi) əlavə subsidiya alacaqdı ki, bu da ona gələcəkdə geniş təkrar istehsalın inkişafında böyük stimul olacaqdı. Göründüyü kimi, istehsal vasitələrindən səmərəli istifadə etməklə kənd təsərrüfatının gələcək inkişafı mövcud stimullaşdırıcı mexanizmlərin bir sıra dəyişikliklərlə tətbiq edilməsi və ən əsası yüksək məhsuldarlığa nail olmaqla intensiv inkişaf yolunun seçilməsidir.