Həkim briqadası Samur qəsəbəsində

Sakinlər pulsuz tibbi müayinənin təşkilindən və səviyyəsindən razılıqlarını bildirdilər
Azərbaycanda ardıcıl olaraq ikinci ildir ki, əhalinin pulsuz tibbi müayinəsi aparılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən xeyirxah aksiya rayonumuzda da uğurla davam etdirilir. Ötənilkindən fərqli olaraq bu il rayon sakinləri təkcə mərkəzi rayon xəstəxanasında deyil, habelə kəndlərdəki tibb məntəqələrində müayinə olunurlar. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları kəndlərə yollanaraq əhalinin tibbi müayinəsini həyata keçirir. Belə briqadalardan biri bu günlərdə Samur qəsəbəsində müayinələr aparıb. Xəstəxananın baş həkimi, respublikanın Əməkdar həkimi Nəriman Salmanov müayinələri müşahidə edən müxbirimizə bildirmişdir: -Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda, ümumiyyətlə, vətəndaşların sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunun ən bariz sübutudur. Qəsəbə xəstəxanası 3 min nəfərdən artıq insanın sağlamlığı keşiyində durub. Bu humanist təşəbbüs qəsəbə sakinləri tərəfindən böyük razılıqla qarşılanıb, insanlar kütləvi tibbi müayinəyə böyük həvəslə gəlirlər. Aksiya başlayandan bəri kollektiv üzvləri tərəfindən 700 nəfərdən artıq vətəndaş tibbi müayinədən keçirilib. Müayinələr tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edir, kardioqram, ultrasəs, rentgen, laborator və digər müayinələr təyin olunur. Cərrah Rəsul Yarmətovun, ginekoloq Viktoriya Pirseyidova və ultrasəs müayinəsi mütəxəssisi Elvira Səlimovanın qatıldıqları həkim briqadasının, eləcə də xəstəxana kollektivinin səyi nəticəsində gün ərzində 52 nəfər terapevtik müayinədən, 60 nəfər laboratoriya, 42 nəfər elektrokardioqram, 32 pasiyent ultrasəs, 16 qadın ginekoloji, 16 uşaq pediatrik müayinədən keçmişdir. Müayinələrin nəticəsi olaraq 5 xəstə mərkəzi rayon, 2 nəfər qəsəbə xəstəxanasında stasionar müyalicəyə cəlb olunmuş, 5 nəfərə cərrahi əməliyyatın zəruriliyi bildirilmiş, 1 nəfər xəstənin respublika uroloji xəstəxanasına göndərilməsi qərara alınmışdır. Müayinəyə gələn qəsəbə və kənd sakinlərindən Həqiqət Güləhmədova, Tənzilə Nadirəliyeva və başqaları bilavasitə yaşadıqları ərazidə keçirilən müayinələrdən razı qaldıqlarını, aparılan prosedurlardan sonra səhhətlərinin durumları barədə tam məlumat aldıqlarını, sağlamlıqları üçün narahatlıqların aradan qalxdığını söylədilər.