SEVGİ VƏ SƏDAQƏTİNİZ VAR OLSUN!

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair ALXASOVUN təbriki
Əziz qadınlar, analar və bacılar! Yurdumuz baharın isti-ilıq nəfəsini hiss etməyə başlayanda, martın 8-də Beynəlxalq Qadınlar Gününü qeyd edirik. Bu əziz bayram münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi arzulayıram. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə çalışdığı sahədə xalqına sədaqətlə xidmət göstərmiş, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında müstəsna mövqe sahibi olmuşdur. Ana, qadın bizim üçün həmişə müqəddəs olan varlıqdır. Onun yolunda hər cür cəfa çəkmək, onu xoşbəxt etmək borc bilinib, şərəf sayılıb. Azərbaycan qadını hər zaman öz ailəsinin, od-ocağının, yurd-yuvasının təəssübünü çəkib, onun təhlükəsizliyi yolunda canını belə əsirgəməyib. Bu qədimlərdə də belə olub, indi də belədir. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan qadınını həmişə yüksək qiymətləndirmiş, onların dünyanın bütün qadınlarından daha gözəl, cazibədar olduğunu fəxrlə söyləmişdir. Ümummilli lider deyirdi: “Ana hər bir insan üçün müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də Ana Vətən deyirik, torpağa da. Azərbaycan xalqının ən böyük sərvəti ondan ibarətdir ki, o, əsrlər boyu qəhrəman, cəfakeş, dözümlü analar yetirmişdir”. Ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da Azərbaycan qadınına ona layiq olan qiyməti vermişdir. Qadınların vəzifələrə təyinatı, yaxşı işi ilə nümunə olan xanımların əməyinin fəxri adlara, orden və medallara layiq görülməsi bunun bariz nümunəsidir. Azərbaycan qadınının mətanətinə, hünərinə, vətən sevgisinə dərin ehtiramla yanaşan respublika Prezidenti İlham Əliyevin “Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.”-sözləri ölkə qadınına verilən yüksək qiymətin təzahürüdür. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Müstəqil Azərbaycanın xanımlarının adı-sanı bu gün dünyanı dolaşır. Onlar çalışdıqları bütün sahələrdə fərqlənirlər. Qusarlı qadınlar da Azərbaycan xanımlarının fəal hissəsidir. Onlar kişilərlə çiyin-çiyinə verərək rayonumuzun müasirləşdirilməsində, gözəlləşdirilməsində yaxından iştirak edir, Qusarın daha gözəl sabahı üçün həyata keçirdiyimiz tədbirlərdə ön cərgədə addımlayırlar. Sizi bir daha bayram münasibətilə təbrik edir, ümidvar olduğumu bildirirəm ki, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq ideologiyasına bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin, rayonumuzun gələcəyi naminə qüvvənizi, bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Bayramınız mübarək olsun!