SAĞLAM GƏNCLİK-ETİBARLI GƏLƏCƏK

RAYON POLİS ŞÖBƏSİ “NARKOMANİYAYA YOX DEYƏK” MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRDİ
Şəhər 6 saylı tam orta məktəbinin akt salonunda baş tutan yığıncaqda hüquq-mühafizə orqanlarının və rayon təhsil şöbəsinin əməkdaşları, şəhər məktəblərini təmsil edən şagirdlər, müəllimlər və valideynlər, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Toplantını giriş sözü ilə açan Qusar RPŞ-nin rəisi, polis polkovniki Arif Əsədov rəhbərlik etdiyi qurumda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən tədbirlərdən danışdı. O vurğuladı ki, RPŞ gündəlik fəaliyyətində gənc nəslin tərbiyəsinə, məktəblə əlaqələrin qurulmasına, yeniyetmə və gənclərimizin sağlam, bilikli, qanunlara hörmət ruhunda tərbiyəsinə ciddi diqqət yetirir. İndiki müşavirə vaxtaşırı həyata keçirilən, eləcə də nəzərdə tutulan silsilə tədbirlərdən biridir və özü də aktual mövzuya-narkomaniyaya qarşı mübarizəyə həsr olunub. Qusar RPŞ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktika Qrupunun baş ispektoru, polis mayoru Ədalət Vəliyev çıxış edərək “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin icrası, həmçinin bu sahədə rayonda görülən tədbirlər barədə iştirakçılara məlumat vermişdir. Natiq qeyd etmişdir ki, 2014-cü ildə 4 nəfər yetkinlik yaşına çatmayan müxtəlif cinayət əməlləri törətdiyinə görə məsuliyyətə cəlb olunmuş, 14 nəfər məktəbli və yeniyetmə isə digər hüquq pozuntularına görə profilaktiki qeydiyyata alınmışdır. Onların təkrar cinayət və ya digər hüquq pozuntuları törətməmələri üçün təkcə hüquq mühafizə orqanları deyil, bütün dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət, habelə öz sinif yoldaşları da səy göstərməlidirlər. “Narkomaniya və onun sosial təhlükəliliyi” mövzusunda məruzə ilə çıxış edən RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şükür Hacıyev bu ictimai bəlanın tarixi, yayılma səbəbləri, fəsadları, zəruri mübarizə üsulları barəsində ətraflı söhbət açdı. Fakt və rəqəmlərə istinad edərək narkomaniyanın vəziyyətinə aydınlıq gətirən natiq vurğuladı ki, hazırda rəsmi statistikaya görə ölkədə 28.500 narkoman qeydiyyatdadır ki, onların 6-7 mini gənc, 500-ü qadın, 1344 nəfəri 15-17 yaşda olanlardır. Rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev narkomaniyaya qarşı effektli mübarizənin ən yaxşı vasitənin təhsilin, tədrisin səviyyəsinin yüksəldilməsi, məktəb, ailə, ictimaiyyət əlaqələrinin möhkəmləndirilməsi olduğunu bildirdi. Bu sahədə rayon təhsil şöbəsində həyata keçirilən müxtəlif tədbirlərdən, o cümlədən rayon prokurorluğu ilə təhsil ocaqlarında təşkil olunan hüquq gecələrindən, inşa müsabiqələrindən bəhs edən şöbə müdiri hamını gələcəyimiz olan gənclərlə dostluğa, əməkdaşlığa, rayonda təhsil proqramının həyata keçirilməsində yaxından iştirak etməyə səslədi. Rayon prokuroru, baş ədliyyə müşaviri Zahid Vəliyev vurğuladı ki, Qusar bu gün özünün iqtisadiyyatda, ordu quruculuğunda, elmdə, diplomatiya sahəsində, idmanda ölkənin əldə etdiyi böyük uğurlara layiqli pay qatan övladları ilə haqlı olaraq fəxr duyur. Ölkə başçısı möhtərəm İlham Əliyev cənabları rayona xüsusi diqqət və qayğı göstərir ki, bu uğurların sayı daha da artsın. Hamımızın iftixarı olan “Şahdağ” qış-yay turizm kompleksində yüzlərlə gənc iş yeri, sağlam, aktiv həyat tərzi keçirmək imkanı qazanıb. Natiq bəzi yolunu səhv salanların da mövcudluğunu, bununla belə bu sahədə rayonda vəziyyətin ölkənin cənub bölgələrinə nisbətən daha az həyəcanverici olduğunu, ümummiyyətlə Qusarı “narkotiksiz rayon” elan etməyin mümkünlüyünü diqqətə çatdırdı. Şəhər 4 saylı məktəbin valideyn komitəsinin sədri Mayya Mahmudova valideynləri, ata-anaları sayıqlığa səslədi: uşaqlarımız sərbəst, azad böyüməli, onların haqları qorunmalıdır. Amma hər bir valideyn bilməlidir ki, övladının maraq dairəsi nələrdən ibarətdir, onun dostları kimlərdir, vaxtaşırı baş çəkdiyi məkan hansıdır? Bu gun təkcə iqtisadi inkişaf hər şeyi təyin etmir: narkomaniya, yad dini təriqətlər ictimai bəlaya çevrilib. Çalışmalıyıq ki, fəal həyat mövqeyi tutmaqda sabahımız olan gənclərə yol göstərək, nümunə olaq. Müşavirəni yekunlaşdıran Qusar RPŞ-nin rəisi, polis polkovniki Arif Əsədov üzünü yeniyetmələrə və məktəblilərə tutaraq onları narkotika aludəçisi olan gənclərdən uzaq durmağa səslədi: hər bir narkoman bilərəkdən və şüurlu surətdə özünün çevrəsində belələrinin olmasını istəyir. Araşdırmalar cöstərir ki, hər narkoman 20 nəfər gənci bu fəlakətə sürükləyir. Özü də narkotika aludəçiləri bu vaxt imkanlı ailələrin övladlarına daha çox göz qoyur, onları düz yoldan sapındırırlar. Belə hallara qarşı elliklə, hamılıqla mübarizə aparmaq vacibdir.

“QUSAR”