Əhalinin tibbi müayinəsi martın 31-dək davam edəcək

Dövlət başçısının tapşırığı əsasında fevralın 2-dən başlayaraq ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kompaniyasına start verilib. Rayonumuzda aksiyanın gedişi barəsində sorğumuz mərkəzi xəstəxananın rəhbərliyi tərəfindən cavablandırılıb. Baş həkim Mübariz Zeynalov əməkdaşımıza bildirib ki, xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətli olan aksiyaya ciddi hazırlıq görülüb. Müayinələr tərtib edilmiş qrafikə əsasən aparılır. Rayon sakinləri mərkəzi rayon xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində müayinə olunurlar. Bundan başqa yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadaları tərəfindən rayonun kəndlərində əhalinin tibbi müayinəsi həyata keçiriləcəkdir. Vətəndaşlar əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, lor, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edir, kardioqram, ultrasəs, rentgen, laborator və digər müayinələr təyin olunur. Martın 31-dək davam edəcək aksiyada 70 min nəfərdən çox insanın müayinəsi nəzərdə tutulub. İndiyədək 16 min nəfər sakin tibbi müayinədən keçirilib, 200 nəfər ambulator, 74 nəfər stasionar müalicəyə cəlb edilib. Daha 11 nəfər müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.