BAYRAĞIMIZ HƏMİŞƏ QÜRURLA DALĞALANACAQ

Noyabrın 7-də rayonumuzda ənənəvi Dövlət Bayrağı Günü qeyd olunmuşdur. İdmançı gənclər şəhərin mərkəzi meydanından Bayraq Meydanına yürüş etmişlər. Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin, bələdiyyə sədrlərinin, rayon ərazisindəki “N” saylı hərbi hissənin əsgər və zabitlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış etmiş, prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu diqqətə çatdırmış, tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik etmişdir. Rayon rəhbəri 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Milli bayraq haqqında qərar qəbul etdiyini vurğulayaraq bildirib ki, prezident cənab İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış mərasimində iştirak etməsi və 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması dövlət başçısının Azərbaycan Respublikasının rəmzlərinə və atributlarına nə qədər hörmətlə yanaşdığını və dəyər verdiyinin əyani sübutudur. Tədbirin qonaqları-həmyerlimiz alim, şair-junralist Məmmədağa Sərdarov, xalq artisti, bəstəkar Eldar Mansurov, xalq artisti, müğənni Heydər Anatolulu qusarlıların bayram ovqatını daha da coşdurmuşlar. Məmmədağa müəllimin sözlərinə Eldar Mansurovun bəstələdiyi “Mən Qusara gələndə” mahnısı ilk dəfə canlı olaraq xalq artisti Heydər Anatolulunun ifasında Bayraq meydanında səsləndi. Bayram iştirakçıları qarşısında çıxış edən bəstəkar Eldar Mansurov Qusara ilk dəfə qonaq gəldiyini söylədi, şəhərin onda oyatdığı xoş təəssürat haqqında danışdı. Şair-junralist Məmmədağa Sərdarov isə yeni şeirlərini oxudu. Tədbir ictimaiyyət nümayəndələrinin Bayraq Meydanında gəzintisi ilə başa çatmışdır.