Ədliyyə işçiləri peşə bayramlarını keçirdilər

Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli dövrü 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Ədalət mühakiməsinin cəmiyyətdə roluna xüsusi əhəmiyyət verilərək 1918-ci il mayın 28-də-Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır. Həmin ilin noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti nazirliyin Əsasnaməsini təsdiq edib. Bu tarix nəzərə alınaraq Azərbaycan Prezidenti Heydər Əliyev 11 noyabr 2000-ci ildə həmin günün müstəqil Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi ilə bağlı sərəncam imzalamışdır. Noyabrın 21-də rayon məhkəməsinin, məhkəmə qərarları icrası və qeydiyyat şöbələrinin, notariatın işçiləri, ictimaiyyətin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, dahi öndərimizin xatirəsinə əbədi ehtiramlarını bildirərək önünə tər çiçəklər qoymuşlar. Əlamətdar günlə bağlı ədliyyə işçiləri qarşısında çıxış edən rayon məhkəməsinin sədri Adil Vəliyev həmkarlarını təbrik etmiş, ümummilli liderimiz tərəfindən təməli qoyulmuş və möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, yeni məhkəmələrin yaradılması, bu sahədə infrastrukturun müasirləşdirilməsi, hakimlərin şəffaf seçimi, habelə ədliyyədə əldə edilmiş digər uğurlar barədə məlumat vermişdir.

“QUSAR”